Hindistan səfiri : “Bakı Ali Neft Məktəbi tədris sistemi və infrastrukturu ilə müasir təhsil ocaqlarından biridir”


Digərləri 20 Noy 2019 14:33:00 297 0

Hindistan səfiri : “Bakı Ali Neft Məktəbi tədris sistemi və infrastrukturu ilə müasir təhsil ocaqlarından biridir”

Bakı Ali Neft Məktəbində (BANM) Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna ilə görüş keçirilib. 

Son.az bildirir ki, ilk olaraq, Bakı Ali Neft Məktəbinin kampusu, laboratoriyaları, tədris otaqları, konfrans və idman zalları ilə tanışlıq olub. Qonağa Ali Məktəbin tarixi, fəaliyyət istiqamətləri, həyata keçirilən davamlı islahatlar və yeniliklər, professor-müəllim heyətinin, tələbələrin uğurları barədə ətraflı məlumat verilib.

Görüşdə, qarşılıqlı əməkdaşlıq, xüsusilə bir neçə hindistanlı tələbənin BANM-də təhsilə cəlb olunması kimi məsələlər müzakirə olunub. BANM-in Tədris və elmi işlər üzrə prorektor Ali Məktəbin fəaliyyətində beynəlxalq əlaqələrin xüsusi rol oynadığını və yarandığı gündən etibarən dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıqdan söz açan prorektor gələcəkdə Hindistan universitetləri ilə qarşılıqlı əlaqələrin qurulmasının mümkünlüyünü bildirib.

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna qonaqpərvərliyə və görüşə görə öz təşəkkürünü bildirib, səslənən təklifləri yüksək dəyərləndirərək hindistanlı gənclərin BANM-də təhsil alması üçün dəstəyə hazır olduqlarını qeyd edib.