Kərbəla faciəsindən az sonra baş vermiş hadisələrə baxış


Digərləri 19 Noy 2019 22:55:00 315 0

Kərbəla faciəsindən az sonra baş vermiş hadisələrə baxış

Yezid mədinəlilərin qəzəbini yatırmaq üçün Abdullah ibn Cəfər-Təyyardan (İmam Hüseynin (ə) əmisi oğlundan) xahiş etdi ki, arada vasitəçi olsun. Abdullah gözəl əxlaqına, səxavətinə və Peyğəmbərlə (s) qohumluğuna görə nə qədər böyük hörmət sahibi olsa da, cəhdləri fayda vermədi. O zaman Yezid Nöman ibn Bəşiri Mədinəyə yolladı. Nöman bundan əvvəl Kufə valisi olmuş, mülayim rəftarına görə valilikdən azad edilib, yerinə Übeydullah ibn Ziyad təyin edilmişdi. Nömanın sözlərinə də qulaq asan olmadı. Məkkə və Mədinənin bütün əhalisi Əməvilərdən üz çevirmiş və Abdullah ibn Zübeyrə tərəf meyllənmişdi.

Son.az islam.az-a istinadən bildirir ki, mədinəlilər sayları təqribən min nəfərə yaxın olan Bəni-Üməyyə tərəfdarlarını əvvəlcə Mərvan ibn Həkəmin evində mühasirəyə aldılar. Daha sonra onlara şəhərdən çıxıb Şama getmək icazəsi verdilər, amma bir şərtlə: Əməvi tərəfdarları and içməli idilər ki, Mədinədən çıxdıqdan sonra bir daha bura qayıtmayacaqlar və əgər Yezid Mədinəyə qoşun göndərsə, onlar həmin qoşuna qatılmayacaqlar. Əməvilər can qorxusundan bu təklifi qəbul etdilər, amma Mərvan kimi bəziləri andı sonralar pozub, Şam qoşunu ilə birlikdə Mədinəyə gəldi. Bəzi mənbələrdə Mədinədən və ətraf məntəqələrdən qovulanların sayının dörd min nəfərə yaxın olduğu qeyd edilib.

Abdullah ibn Zübeyr Mədinə şəhərinə Abdullah ibn Hənzələni vali təyin etdi. Abdullahın atası Hənzələ ibn Əbu Amirin adı müsəlmanlar tərəfindən hörmətlə anılırdı. Onu "ğəsilül-məlaikə", yəni "mələklərin qüsl verdiyi şəxs" adlandırırdılar. Hənzələ hicrətdən sonra iman gətirmiş və ailə qurmuşdu. Ühüd savaşından bir gün əvvəl onun toyu oldu. Müsəlman qoşunu döyüş üçün Mədinədən çıxanda Hənzələ Həzrət Mühəmməd Peyğəmbərdən (s) bir günlük icazə aldı və söz verdi ki, sübh tezdən özünü orduya yetirəcək. Hənzələ həmin gecəni gəlinin yanında qaldı, səhər isə Peyğəmbərə (s) söz verdiyi üçün cənabət qüslü almağa belə macal tapmadan Mədinədən çıxıb İslam əsgərlərinə qoşuldu. Ühüd savaşında o, şücaətlə savaşıb şəhid oldu. Şəhidləri dəfn edərkən Peyğəmbər (s) səhabələrə belə buyurdu: "Mələklər Hənzələyə qüsl verirlər ki, cənabətli halda cənnətə girməsin". Bundan sonra Hənzələ "mələklərin qüsl verdiyi şəxs" ləqəbi ilə xatırlanmağa başladı. Hənzələnin toy gecəsi zifafından oğlu doğuldu və onun adını Abdullah qoydular. Hərrə faciəsində Mədinə sakinlərinə başçılıq edən Abdullah həmin bu şəxs idi.

Yezid mədinəlilərin Bəni-Üməyyə ilə rəftarından xəbər tutanda qəzəblənib, Şamdan böyük bir qoşunu Peyğəmbər şəhərinə yola saldı. Onların sərkərdəsi öz zalımlığı ilə ad qazanmış Müslim ibn Əqəbə idi. Onu "qaniçən" ləqəbi ilə çağırırdılar. Şam qoşununun sayının 5 min nəfər və ya daha şox olduğunu yazırlar. Beytül-maldan aldıqları paydan və 100 dinar mükafatdan əlavə onlara vəd edilmişdi ki, Mədinəni ələ keçirəndən sonra şəhərdəki hər şeyi qarət edə və mənimsəyə bilərlər.

Mədinəlilər Şam qoşununun hücum xəbərini eşidəndə şəhəri müdafiə etmək üçün vaxtilə Peyğəmbərin (s) qazdırdığı xəndəyin yerində xəndək qazdılar. Onların müdafiəsinə Abdullah ibn Hənzələ ilə yanaşı Abdullah ibn Müti və Məqəl ibn Sinan kimi cəsur şəxslər başçılıq edirdilər.

Şam qoşununun tərkibində olan və bundan əvvəl Mədinədən qovulmuş Əbdülməlik ibn Mərvanın məsləhəti ilə qoşun Hərrədə düşərgə qurdu. Burada Mərvan Mədinədə yaşayan Bəni-Harisə qəbiləsinin bəzi üzvlərini pul ilə satın alıb, əsgərləri xəndəyin o biri tərəfinə keçirdi və Mədinəyə daxil oldu. Bir neçə saat davam edən döyüşdən sonra şəhər ələ keçirildi. Şam ordusu Mədinədə ağlasığmaz vəhşiliklər törətdi. Minlərlə sakin qılıncdan keçirildi, qadınların namusuna təcavüz edildi, evlərdə olan hər şey əsgərlər tərəfindən qarət olundu. Bu rüsvayçılıqlar üç gün davam etdi.