Peyğəmbəri (s) görmüsünüz? Gəlin Onu sizə təsvir edək


Digərləri 19 Noy 2019 21:55:00 278 0

Peyğəmbəri (s) görmüsünüz? Gəlin Onu sizə təsvir edək

Bir gün Imam Həsən (ə) ogey dayısı Hinddən xahiş etdi ki, Həzrət Mühəmməd Peyğəmbəri (s) təsvir etsin. Hind Həzrət Xədicənin əvvəlki ərindən olan oğlu idi və Peyğəmbərin ögey oğlu sayılırdı. Hind Allahın Rəsulunu belə təsvir etdi:

"Allahın Rəsulu çox uca şəxsiyyətə sahib idi. Çöhrəsi on dörd gecəlik Ay kimi parıldayırdı. Ortaboylu idi; nə gödək, nə də uzun. Kəllə sümükləri iri idi. Saçları bir o qədər də buruq deyildi. Bəzən saçlarını başının arxasında toplayır, bəzən isə açıb buraxırdı. Bu zaman saçlarının uzunluğu qulağının sırğalıq yerini aşmırdı.

Çöhrəsi açıq və təravətli idi. Geniş alnı vardı. Kamana oxşar zərif və çatma qaşları vardı. Qaşlarının arasından bir damar keçirdi ki, qəzəblənəndə bu damar gərilib üzə çıxırdı. Burnu azacıq qabarıq şəkildə idi, parıldayırdı, hətta ilk baxışda uzunsov görünürdü. Sıx saqqalı vardı. Gözləri qara idi, ağzı kiçik deyildi. Dişləri ağappaq və yaraşıqlı idi... Gümüş kimi bəyaz və düz boynu vardı. Bütün əzaları mütənasib və gözəl idi. Sinəsi və qarnı bir xətt boyunca eyni müstəvidə idi (yəni nə sinəsi, nə də qarnı irəli çıxmamışdı). Sinəsi geniş, kürəyi enli idi. Sinəsindən göbəyinə kimi nazik xətt şəklində tüklər uzanırdı. Qollarından və qıçlarından fərqli olaraq, qarnının və köksünün üzəri tüksüz idi. Qolları uzun, ovucları enli, əl-ayaq sümükləri iri idi. Nazik beli vardı. Qarnı kiçik idi. Ayaqlarının altı hamar idi. Yeriyəndə azacıq sağa-sola meyl edirdi, təvazö ilə, amma cəld yeriyirdi. Yerişi elə idi ki, sanki yoxuşdan aşağı enir. Bir tərəfə dönəndə bütün vücudu ilə çevrilib dönərdi (yalnız başını döndərməzdi). Baxışları utancaq idi, səmaya az nəzər salardı, çox vaxt yerə baxardı. Baxanda gözlərini qıyar, nəzərlərini bir yerə zilləməyi xoşlamazdı. Səhabələrlə birlikdə addımlayar, rastlaşdığı adamlara birinci salam verərdi".

Bu yerdə Imam Həsən (ə) Hinddən xahiş etdi ki, Peyğəmbərin davranışından danışsın. Hind sözünə davam etdi:

"Allah Rəsulunun bütün vücudu sanki hüzn və kədərə bürünmüşdü. Həmişə fikirli görünürdü, heç vaxt rahat olmurdu. Ehtiyac olmadan danışmaz, çox susardı. Sözünün əvvəli də, axırı da bütöv və aydın olurdu. Qısa danışardı, uzunçuluq etməzdi, amma məqsədini bütöv çatdırardı. Xoş əxlaqlı idi, camaatla yumşaq davranırdı. Heç kimə haqsızlıq etməz, heç kimi aşağılamazdı. Allahın nemətləri az da olsa, onları çox sayardı. Yeməyi nə çox tərifləyər, nə də məzəmmət edərdi. Dünyaya və onun nemətlərinə görə qəzəblənməzdi. Amma haqqı müdafiə etmək üçün qəzəblənəndə ona yardım göstərilincəyə kimi (yəni haqsız adam peşman oluncaya və ya başqaları tərəfindən zərərsizləşdirilincəyə kimi) heç kimi tanımaz və sakit olmazdı. Özünə aid olan məsələlər barədə qəzəblənməz, kükrəyib-coşmazdı. Nəyi isə başqasına göstərmək istəyəndə bütün əli ilə işarə edərdi (yəni barmağı ilə və ya başı ilə, gözü ilə işarə etməzdi). Təəccüblənəndə ovuclarını çevirərdi. Danışanda əli ilə də bəzi hərəkətlər edər, adətən, sağ əlinin ovcunu sol əlinin baş barmağına toxundurardı. Qəzəblənəndə üzünü kənara çevirərdi. Sevinəndə gözlərini qıyardı. Gülüşü adətən təbəssüm şəklində olardı, bu zaman yağış damcıları kimi yaraşıqlı dişləri görünərdi".

Imam Həsən (ə) buyurur ki, Hinddən eşitdiklərimi uzun müddət qardaşım Hüseynə (ə) demədim. Xeyli vaxt keçdikdən sonra bunları Ona danışdım. Məlum oldu ki, Hüseyn (ə) də bütün bunlar barədə atam Əlidən (ə) soruşubmuş. Hüseyn (ə) dedi ki, Peyğəmbərin evdəki davranışı barədə atamdan soruşdum, belə cavab verdi:

"Peyğəmbərin hansı evdə (yəni xanımlarından hansı birinin hücrəsində) qalması Onun özündən asılı idi (bu məsələdə Allahdan göstəriş almırdı). Evdəki vaxtını üç hissəyə bölərdi. Vaxtın bir hissəsini izzət və cəlal sahibi olan Allaha (ibadətə) həsr edərdi. Bir hissəni ailəsinə, qalan bir hissəni də özünə ayırardı. Özü üçün ayırdığı vaxtı da iki hissəyə bölərdi: vaxtın yarısını özünə həsr edərdi, yarısını da camaata. Istisnasız olaraq hamının məsələləri ilə məşğul olar, köməyini heç kimdən əsirgəməzdi.

Insanlardan ötrü ayırdığı vaxt ərzində adəti bu idi ki, fəzilət əhlinə (yəni imanda üstün olanlara) üstünlük verərdi və insanların ehtiyaclarını təqvalarına uyğun olaraq qarşılayardı. Insanları yalnız o işlərlə məşğul edərdi ki, bunun nəticəsində islah olsunlar. Yalnız o şeylərdən danışardı ki, camaata faydası dəysin. Deyərdi ki, sözümü eşidənlər başqalarına da çatdırsınlar. Tapşırardı ki, öz ehtiyacını mənə söyləmək imkanı olmayanların sözünü mənə çatdırın. Çünki hər kim sözünü deyə bilməyənlərin sözünü hökmdara (və ya ixtiyar sahibinə) çatdırsa, qiyamət günündə Allah onun qədəmlərini möhkəm edər. Adamlar o həzrəti ziyarət edər, hüzurundan razı halda və savad əldə etmiş şəkildə çıxardılar".

Hüseyn (ə) Imam Əlidən (ə) soruşdu ki, Peyğəmbərin evdən kənardakı davranışı barədə Ona danışsın. Həzrət buyurdu:

"Peyğəmbər ehtiyac olmadan danışmazdı. Insanlar arasında ülfət və mehribanlıq yaradar, düşmənçilik yaranmasına imkan verməzdi. Hər bir qövmün (qəbilənin) başçısına hörmət göstərər, onu həmin qövmün başçısı vəzifəsində saxlayardı. Camaatı fitnələrdən uzaqlaşdırar, ətrafdakı insanlarla pis davranmalarına imkan verməzdi. Səhabələrin vəziyyəti ilə yaxından maraqlanar, cəmiyyətdə baş verən hadisələr barədə camaatın fikrini soruşardı. Yaxşı əməlləri tərifləyər, pis işləri pisləyər və tənqid edərdi. Hər işdə mötədil (mülayim) davranar, ixtilafdan, qarşıdurmadan qaçardı. Özü qəflətdə olmazdı ki, başqaları da Ona baxıb qəflətdə qalmasınlar və tənbəlliyə düçar olmasınlar. Hər bir hala uyğun çıxış yolu Ona məlum idi. Haqqı nə əskildər, nə də artırardı. Insanların ən yaxşıları Ona daha yaxın idilər. Camaata daha yaxşı nəsihət verə bilən adamlara üstünlük verərdi. Başqalarını özünə tay və bərabər tutanlara, ətrafdakılara daha çox yardım göstərənlərə öz yanında daha yüksək məqam verərdi".