Rəsmilər Şərqi Azərbaycan və Zəncanda 70 etirazçının saxlanıldığını bildirir


Dünya 19 Noy 2019 21:59:00 280 0

Rəsmilər Şərqi Azərbaycan və Zəncanda 70 etirazçının saxlanıldığını bildirir

Şərqi Azərbaycan və Zəncan vilayətlərində rəsmi qurumların bildirdiyinə görə, noyabrın 16 və 17-də keçirilən etiraz aksiyalarına qatılan təqribən 70 vətəndaş nəzarət altına alınıb.

Şərqi Azərbaycan vilayətinin valisi Məhəmmədrza Purməhəmmədi və Zəncan vilayətinin baş prokuroru Höccətül-İslam İsmayıl Sadıqi bu barədə mətbuata məlumat veriblər.

Zəncan vilayətinin baş prokuroru etiraz aksiyalarında tutulan vətəndaşları "düşmən agentləri" adlandırıb.

İranda benzin qiymətinin artması ardından müxtəlif vilayətlərdə baş qaldıran kütləvi aksiyalarda yüzlərlərlə vətəndaş nəzarət altına alınıb. Polis və hərbi qüvvələrin tətbiq etdiyi zorakılıqlar bəzi şəhərlərdə bir neçə etirazçının ölümü ilə nəticələnib.

"Tasnim" agentliyinin xəbərinə görə, vali Məhəmmədrza Purməhəmmədi Şərqi Azərbaycan vilayətində təqribən 40 nəfərin nəzarət altına alındığını bildirib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Purməhəmmədi tutulanların bir çoxunun "yerli olmadığını" irəli sürüb.

"Təbrizdə yerli olmayan iğtişaşçılar tutulub. Tutulanlar arasında bu vilayətin sakini olanların sayı azdır," vali bildirib.