Fobiya və onun növləri


Digərləri 19 Noy 2019 21:05:00 270 0

Fobiya və onun növləri

Qeyri-adekvat reaksiyaya səbəb olan patoloji qorxular fobiya adlanır. Psixiatriyada fobiyalar təfəkkürün pozulması ilə xarakterizə olunan sayrışan hallara aid edilir. Digər sayrışan hallar kimi fobiyalar da iradədən asılı olmayaraq yaranır və qorxu sahibi vəziyyətə tənqidi yanaşsa da, ondan təkbaşına xilas ola bilmir.

Son.az bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova fobiyalar haqqında AZƏRTAC-a məlumat verərək deyib:   "Müasir psixiatrik araşdırmalar fobiyaların 300-dən artıq növünü qeydə alıb və onlara bir neçə formada təsadüf olunur. Qorxu fabulasının xarakterinə əsasən fobiyaların müxtəlif növləri ayırd edilir.

Birinci qrupa müxtəlif xarakterli fəza qorxuları aid edilir. Onlardan ən məşhuru klaustrofobiya - qaranlıq məkanlardan qorxmadır. Bunun əksinə olaraq açıq sahələrdən qorxma isə aqorafobiya adlanır. Klaustrofobiya adətən uçqundan xilas olmuş şaxtaçılarda və ya qəza keçirmiş sualtı gəmilərin heyət üzvlərində, həmçinin eyni təhlükəli situasiya ilə üzləşən sadə adamlarda da təsadüf edilir.

Olduqca geniş yayılmış ikinci qrupda sosiofobiyalar cəmləşir. Məsələn, müəyyən auditoriya və ya tamaşaçı qarşısında çıxış etmək, diqqət mərkəzində olmaq, cəmiyyət içində hər hansı bir hərəkət etmək, hətta sevdiyini itirmək qorxusu da ona aid edilir.

Hər hansı bir xəstəliyə yoluxmaqdan qorxu hissi nozofobiyalarda toplanır və epidemiyalar zamanı daha çox kəskinləşir. Başqa bir qrupa tanatofobiya, yəni sayrışma dərəcəsində ölümdən qorxu aid edilir və s.

Fobiyaların yaranma mexanizmi tam araşdırılmasa da, qorxulara meylli olanların kateqoriyası müəyyənləşdirilib. Bu sahədə genetik faktor xüsusi yer tutur. Fobik pozulmalar valideynləri xasiyyətcə narahat və həyəcanlı olan ailələrin uşaqlarında baş verir və onlar tərbiyə prosesində uşağa öz qorxu və həyəcanını ötürmüş olurlar. Zəngin təxəyyülə malik emosional cəhətdən həssas olanlar fobiyalara daha çox meyllidirlər. Müəyyən edilib ki, panik qorxular çox vaxt konkret hadisə ilə provakasiya olunur və həyatında bircə dəfə panik hücum yaşayanlar oxşar situasiyaların baş verməsini hər vəchlə əngəlləməyə çalışır".