SOCAR və Equinor “Qarabağ” yatağında ilk quyunun qazılmasına hazırlaşırlar


Digərləri 19 Noy 2019 19:00:00 442 0

SOCAR və Equinor “Qarabağ” yatağında ilk quyunun qazılmasına hazırlaşırlar

SOCAR-ın prezidenti Rövnəq Abdullayev SOCAR Tower-də Norveçin Equinor ASA şirkətinin hasilat və işlənmə üzrə icraçı vitse-prezidenti Torqrim Reitanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

SOCAR-dan Son.az-a verilən məlumata görə, görüşdə şirkətlər arasında əməkdaşlığın geniş spektri müzakirə olunub, "Qarabağ" yatağının işlənməsi istiqamətində aparılan işlərin, həmçinin Azəri-Çıraq-Dərinsulu Günəşli yataqların işlənməsi ilə bağlı hazırkı vəziyyət və qarşıdakı planlar ətrafında fikir mübadiləsi aparılıb.

Torqrim Reitan Equinor-un SOCAR-la birgə həyata keçirdiyi layihələrdə təhlükəsizlik və şəffaflıq standartlarını yüksək qiymətləndirib, şirkətin beynəlxalq portfelində Azərbaycandakı layihələrin mühüm yer tutduğunu qeyd edib. Tərəflər "Qarabağ" layihəsinin daha da sürətlə icra olunmasının zərurətini vurğulayaraq, bu istiqamətdə növbəti addımlarını müzakirə etdilər.

Qeyd edilib ki, hazırda "Qarabağ" yatağında üzən qazma qurğu vasitəsi ilə qiymətləndirici quyunun qazılması üçün hazırlıq işləri aparılır. Qiymətləndirici quyunun qazılmasından sonra yataqda stasionar özülün quraşdırılması və həmin özüldən hasilatın başlanılması planlaşdırılır. Özülün dayaq blokunun inşaat işləri artıq SOCAR-ın "Bos Şelf" şirkəti tərəfindən başa çatdırılmaq üzrədir. Platformanın üst hissəsinin konsepsiyası müəyyən olunandan sonra onun da inşasına start veriləcək.

SOCAR və Equinor şirkətlərinin daha bir ortaq layihəsi olan "Əşrəfi-Dan Ulduzu-Aypara" çərçivəsində SOCAR-ın "Caspian Geo" şirkəti cari ilin sentyabrından etibarən seysmik kəşfiyyat işlərini həyata keçirir. 800 km uzunluğunda xətt üzrə 2D ölçülü, 700 km2-ə yaxın sahədə isə 3D ölçülü seysmik kəşfiyyat aparılır. 3D kəşfiyyat işlərinin 80 faizi artıq tamamlanıb və gələn aydan etibarən sahədə toplanan məlumatların emal və təhlilinə başlanılacaq.