Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib (FOTO)


Digərləri 19 Noy 2019 18:45:00 291 0

Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib (FOTO)

2019-cu ilin 10 ayı ərzində görülən işlər, qarşıda duran vəzifələr və gələcək fəaliyyətin istiqamətlərinə dair kollegiya iclası keçirilib.

Bakı. Dövlət Gömrük Komitəsində (DGK) 2019-cu ilin 10 ayı ərzində görülən işlər, qarşıda duran vəzifələr və gələcək fəaliyyətin istiqamətlərinə dair kollegiya iclası keçirilib. DGK-dən Trend-ə verilən məlumata görə, Komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev çıxış edərək bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan davamlı iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyevin həyata keçirdiyi innovativ islahatlar hesabına uğurla reallaşdırılması ölkəmizin iqtisadi qüdrətinin artması, əhalinin rifah halının yaxşılaşması ilə yanaşı, beynəlxalq aləmdə də nüfuzlu dövlətə çevrilməsinə şərait yaradıb. Vurğulanıb ki, əldə olunan nailiyyətlərdə gömrük xidmətinin də payı var. Komitə sədri qeyd edib ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük orqanlarının və onun əməkdaşlarının əsas məqsədi göstərilən etimadı doğrultmaq, dövlətə, dövlətçiliyə sədaqət nümayiş etdirməklə qarşıya qoyulan vəzifələri vicdanla yerinə yetirməkdir. Gömrük sistemində həyata keçirilən islahatlardan bəhs edən S.Mehdiyev bildirib ki, kölgə iqtisadiyyatının aradan qaldırılması, şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunması, beynəlxalq ticarətin asanlaşdırılması, qaçaqmalçılığa qarşı mübarizə istiqamətində əldə edilən uğurlu nəticələr sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, dövlət büdcəsinin gəlirlərinin, ölkəmizin ixrac və tranzit potensialının artmasına münbit şərait yaradıb. Gələcək hədəflərdən bəhs edən Komitə sədri informasiya texnologiyalarının tətbiqi hesabına gömrük işinin daha çevik və dinamik şəkildə həyata keçirilməsi, xarici ticarət iştirakçılarının məmnunluğunun tam təmin olunması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində görüləcək işlərdən danışıb.