Vəzifəli şəxsin 7 milyonluq əmlakına həbs qoyuldu


Digərləri 19 Noy 2019 15:51:00 325 0

Vəzifəli şəxsin 7 milyonluq əmlakına həbs qoyuldu

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq ölkəmizdə həyata keçirilən islahatların daha da dərinləşdirilməsi nəticəsində dövlət-sahibkar münasibətləri inkişaf etdirilib, sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılıb, onların tətbiqi nəticəsində müdaxilə halları azalıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, dövlət başçısı tərəfindən qarşıya qoyulmuş tapşırıqların icrasını təmin etmək məqsədilə iqtisadiyyatın inkişafına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərlə, o cümlədən əhalini narahat edən korrupsiya hüquqpozmaları və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilir.

Belə ki, "Metakom" Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi yekunlaşıb.

İstintaqla "Metakom" MMC-nin direktoru Şövkət Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək cəmiyyətin maliyyə vəziyyəti barədə bilərəkdən şişirdilmiş yalan məlumatlar göstərməklə və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə cəmiyyətin xeyrinə QSC "Bank Standard" KB-dən 3 milyon ABŞ dolları məbləğində kredit vəsaitini rəsmiləşdirərək təyinatı üzrə istifadə etməməsinə, 2007-ci ildən əldə etdiyi pul vəsaitini qəsdən ödəməməklə bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Ş.Quliyevə Cinayət Məcəlləsinin 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmuş və məhkəmənin qərarı ilə 7 milyon manat məbləğində əmlakı üzərinə həbs qoyulub.