Həyat yoldaşını xəstəxanada qətlə yetirən şəxs: "Xəyanətə görə öldürdüm"


Digərləri 19 Noy 2019 16:14:00 469 0

Həyat yoldaşını xəstəxanada qətlə yetirən şəxs: "Xəyanətə görə öldürdüm"

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham edilən Faiq İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, qətlə yetirdiyi qadınla rəsmi nikahda olmasa da, dini kəbinləri olub və 2009-cu ildən birlikdə yaşyıblar. F.İbrahimov arvadını xəyanət üstündə öldürdüyünü bildirib. Onun sözlərinə görə, arvadının başqa şəxslə münasibəti olduğunu öyrənib və bu barədə qadının qardaşına deyib. Qardaşı isə özü bacısını cəzalandıracağını deyib. Bundan sonra tərəflər ayrı yaşayıb.

Hadisə barədə danışan təqsirləndirilən bildirib ki, hadisə günü arvadını öldürmək niyyəti olmayıb: "Həmin gün Xavər işlədiyi xəstəxanaya həkimə getmişdim. Həkim orada olmadığına görə, qayıtmaq istəyəndə Xavər məni arxadan çağırdı. Aramızda söhbət zamanı o günahını etiraf etdi. Bundan sonrasını, onu bıçaqla necə vurmağımı xatırlamıram".

Hakim bildirib ki, onun istintaqa ifadəsi ilə dedikləri ziddiyyət yaradır. Belə ki, istintaq ifadəsində qadının saçından tutaraq otluğa uzatması və boynunu kəsməsi barədə deyib.

Təqsirləndirilən isə hadisəni dəqiq xatırlamadığını vurğulayıb.