Bizə qarşı savaş gedir. Əsl,


Siyasət 19 Noy 2019 11:00:00 283 0

Bizə qarşı savaş gedir. Əsl,

Azərbaycanda müxalifətin radikal kəsimi müxtəlif ölkələrdəki iğtişaşların "inqilab"ların, çevrilişlərin ölkəmizdə təkrarlanmasını istəyir. Bu adamların makiavellist düşüncələrinə görə, məqsəd bütün vasitələrə haqq qazandırdığından hakimiyyətə gəlmək üçün istənilən yollara əl atmaq mübahdır.

Onları nə dövlət, nə millət, nə keçmiş, nə də gələcək maraqlandırmır. Yeganə istək hakimiyyət yanğısının söndürülməsi və ən başlıcası, alınan göstərişləri yerinə yetirərək "hami"lərini, yəni əsl sahiblərini razı salmaqdır.

AXCP sədri Əli Kərimli və uğursuz professor, elmdə olduğu kimi, siyasətdə də diletant təsir bağışlayan "Milli Şura" sədri Cəmil Həsənli düynanın fərqli məkanlarındakı proseslərin Azərbaycanda cərəyan etməsini arzulayırlar.

Əli Kərimlininin davranışı yeni deyil. O, hələ 16 il əvvəl "narıncı inqilab"ın Azəraycanda yaşanmasını istədi, sonra belə "inqilab"ların olduğu hər ölkəni xalqa misal göstərdi, əhalini "oyanmağa" səslədi.

Alınmadı, çünki Tunis, Liviya, Misir, Suriya, Ukraynadakı vəziyyət göz qabağında olduğundan, xalq belə ucuz çağırışlara inanmadı. Necə ki, indi də inanmır.

Eyni ssenari üzrə reallaşan "rəngli" inqilablar ilkin mərhələdə insanların həyatlarını yaxşılaşdıracaq demokratik dəyişikliklər kimi təqdim olunurdu.

İndisə sonuclar aydındır: "rəngli inqilab"ların yaşandığı heç bir ölkədə xalq vəd olunanları görmədi. Tam əksinə, hər şey daha pis, fəlakətli oldu.

"Ərəb baharı"na gəldikdə isə, bəlli oldu ki, "xalq etiraz"ları, əslində, süni proses olub və ABŞ-da hazırlanaraq "Müsəlman qardaşlar"ın hakimiyyətinin bütün Yaxın Şərqdə bərqərar olunmasına yönəlmiş strategiya iflasa uğrayıb.

"Ərəb baharı" yalnız ABŞ-ın maraqlarını təmin etməyən ölkələrdə yaşandı. Amerikalıların bölgədəki müttəfiqləri olan dövlətlərdə - ilk əvvəl Bəhreyn, Səudiyyə Ərəbistanı, Omanda - heç bir etiraz olmadı. Tam əksinə, Bəhreyndəki etirazların qarşısı sərt şəkildə alınanda ABŞ susdu.

"Rəngli inqilab"lar və "ərəb baharı" nə verdi? İllər sonra tam qətiyyətlə demək olar ki, heç nə. Həmin proseslərin yaşandığı ölkələrdə adi insanların həyatları əvvəllər də yaxşı deyildi, amma indi hər şey pisdir.

"Rəngli inqilab"lar nəticəsində dövlət qurumları iflic oldu, cinayətkarlıq ağlagəlməz həddə çatdı, iqtisadiyyat çökdü, infrastruktur darmadağın oldu, milyonlarla insan qaçqın və məcburi köçkünə çevrildi, yüz minlərlə insan həlak oldu, dünya irsinə daxil olan abidələr məhv edildi, dini azlıqlara divan tutuldu.

Tunisdə əvvəl iqtisadiyyat sürətlə inkişaf edirdi. Müəmmər Qəzzafinin hakimiyyəti dönəmində Liviya adambaşına düşən ümummilli gəlir səviiyyəsinə görə Afrika lideri idi, ölkədə 3-4 milyon əcnəbi işləyirdi.

Suriyada liberallaşma başlanmışdı. İraq dünyəvi ölkə idi. Yəmən parçalanmamışdı, Mərakeş iqtisadi islahatlar aparırdı və s.

Ukraynada, ABŞ və Avropa Birliyinin birbaşa müdaxiləsi nəticəsində ultrasağçılar və populistlər hakimiyyətə gəldilər.

Beləliklə, aşkar görünür ki, Qərbin dəstəklədiyi, daha doğrusu, manipulyasiya ilə idarə etdiyi psevdodemokratik hərəkatların hakimiyyəti ələ keçirməsi "rəngli inqilab"ların yaşandığı dövlətlər, həmin dövlətlərin əhalisi və ümumiyyətlə, demokratik idealları üçün fəlakətə çevrildi.

Məhz bu səbəbdən Qərbin özündə "rəngli inqilab" ssenarilərinə nifrət yaranmağa başlayıb ki, bunun bariz misalını Macarıstanda, Avstriyada, Çexiyada görə bilərik.

Realizm beynəlxalq münasibətlərdə və geosiyasətdə ən mühüm məsələdir. Qərb realizm hissini çoxdan itirib. Qərb mediası isə dezinformasiya və yalan meynstirimini davam etdirir.

Qərbin istəyi və ssenariləri əsasında gerçəkləşdirilən "rəngli inqilab"ların çoxsaylı, qəribə, maraqlı, bəzən əcaib adları var.

Ölkələrin tarix gedişatını və xalqların taleyini dəyişən, problemlərdən başqa heç nə yaratmayan bu proseslərin, daha doğrusu, hadisələrin siyahısına və xronologiyasına nəzər salaq:

"Buldozer inqilabı". 2000-ci, sabiq Yuqoslaviya. Ölkədə vaxtından əvvəl parlament seçkiləri keçirildi, prezident Slobodan Miloşeviç istefa verdi.

"Qızılgüllər inqilabı". 2003-cü il, Gürcüstan. Prezident Eduard Şevardnadze devrildi, Mixeil Saakaşvili hakimiyyətə gəldi.

"Purpur inqilabı". 2003-2005-ci illər, İraq. Səddam Hüseynin devrilməsi və edamı, ABŞ-ın birbaşa təzyiqi və nəzarəti ilə keçirilən prezident seçkiləri.

"Narıncı inqilab", 2004-cü il, Ukrayna. Viktor Yuşşenko prezident seçildi.

"Lalələr inqilabı", 2005-ci il, Qırğızıstan. Əsgər Akayev devrildi, Kurmanbek Bakiyev prezident seçildi.

"Sidrlər inqilabı", 2005-ci il, Livan. Rafiq Həriri hakimiyyətə gəldi.

"Cins inqilabı", 2006-cı il, Belarus. İnqilab baş tutmadı.

"Zəfəran inqilabı", 2007-ci il, Myanma. İnqilab baş tutmasa da, islahatlar başlandı.

"Yaşıl inqilab", 2009-2011-ci illər, İran. İnqilab baş tutmadı.

"Yasəmən inqilabı", Moldova, 2009-cu il. Kommunist Partiya hakimiyyətdən kənarlaşdırıldı.

"Yemiş inqilabı", 2010-cu il, Qırğızıstan. Almazbek Atambayev prezident seçildi.

"Yasəmən inqilabı", 2011-ci il, Tunis. Prezident Zin əl Abidin bin Əli istefa verdi.

"Ərəb baharı", 2011-ci il, Liviya. Prezident Müəmmər Qəzzafi devrildi və qətlə yetirildi, ölkə parçalandı.

"Lotoslar inqilabı", 2011-ci il, Misir. Hüsni Mübarək devrildi, Məhəmməd Mursi prezident seçildi.

"Ərəb baharı", 2011-ci il, Suriya. Ölkədə vətəndaş müharibəsi başlandı.

"Avromaydan", 2014-cü il, Ukrayna. V.Yanukoviç devrildi.

"Sirkə inqilabı", 2016-cı il. Braziliya. Prezident Dilma Ruself istefaya vadar olundu.

"Rozetkalar inqilabı", 2015-ci il, Ermənistan. Baş tutmadı.

"Eşq inqilabı", 2018-ci il. S.Sarkisyan devrildi, N.Paşinyan hakimiyyətə gəldi.

... Azərbaycandakı müxalifətin radikal kəsiminin nəyin bahasına olursa-olsun, ölkəyə idxal etməyə çalışdığı "rəngli inqilab"ların görünməyən tərəfləri var. Təriflənən Qərb demokratiyası, xüsusilə də Qərb mediası həmin yönlər və nüanslardan bəhs etmir. Tam əksinə, hər şey "xalqların azadlıq istəyi" kimi təqdim olunur.

Reallıq isə istisnasız olaraq bütün "rəngli inqilab"ların eyni ssenari ilə işə salındığını və idarə olunduğunu göstərir.

Onları ümumiləşdirən cəhətlər belədir:

1. Bütün "rəngli inqilab"lar birmənalı olaraq daxili iğtişaş və ya iç siyasətdəki proseslərin cəmiyyətə sirayət etməsi yox, ölkə üçün kənardan təhlükədir. Daha konkret olsaq, bu, ölkəyə qarşı elan edilməmiş müharibənin başlanmasıdır.

2. Müasir hibrid savaşların tərkib hissəsi olan "rəngli inqilab"lar, yəni çevriliş cəhdləri dövlətlərarası siyasi problemlərin həlli qismində savaşın beynəlxalq hüquq tərəfindən yolverilməz vasitə sayılması nəticəsində yaranmış dalandan çıxış yolu qismində qəbul olunur. Hazırda qlobal siyasətdə hərbi əməliyyatlar iqtisadi, siyasi və maliyyə baxımından sərfəli olmadığından böyük dövlətlər hədəf qismində seçilmiş ölkələrə qarşı "rəngli inqilab" ssenarisini işə salmağa üstünlük verirlər.

3. "Rəngli inqilab"lar hakimiyyətin zəiflədiyi və ya idarəetmə sisteminin çökdüyü, yəni klassik inqilabi situasiyanın yarandığı ölkədə yox, supergüclərin qurban qismində gördükləri ölkə üzərində faktiki və total nəzarətə nail olmaq üçün prosesə start verdiyi vəziyyətdə başlanır. "Rəngli inqilab" kənar müdaxiləsiz mümkün deyil. Deməli, hər hansı ölkədə "rəngli inqilab" ssenarisi işə salınıbsa, həmin ölkə işğala məruz qalıb.

Müasir dünyada işğalçı ölkə məramlarına bəraət qazanmaq üçün əksər hallarda "demokratiya", "insan haqları", "sərbəst toplaşmaq azadlığı" və s. kimi fenomlardan istifadə edir. BMT və ATƏT normalarına görə, insan haqlarının müdafiəsi məsələləri hər hansı dövlətin daxili işi sayıla bilməz.

4. Hədəf seçilmiş ölkədə "rəngli inqilab" ssenarisinin işə salındığına dəlalət edən ilk məqam radikal müxalifətə tam dəstək verilməsi, onun liderlərinin sosial şəbəkəllərdə "rejimə qarşı qətiyyətli mübarizlər" kimi tanıdılması, çoxsaylı "bloqer"lərin səhifələrində və YouTube kanallarında aqressiyanın reklam edilməsidir.

5. Hədəf seçilmiş ölkəni vurmaq istəyən dövlət öz müdaxiləsinin beynəlxalq-hüquqi təminatı üçün yetərli siyasi və diplomatik imkanlara malik olmalıdır. Məhz bu səbəbdən çoxsaylı "müstəqil" beynəlxalq "insan haqlarının müdafiəsi" təşkilatları proseslərə qatılır, hədəf olan dövlət barədə mənfi məzmunlu bəyanatlar və hesabatlar yaymağa başlayır, həmin ölkənin nüfuzdan və gözdən salınma kampaniyası aparırlar.

6. İstənilən savaş və hərbi əməliyyat təki "rəngli inqilab" da ən xıırda detallarına qədər işlənib hazırlanır. Özü də hədəf seçilmiş dövlətin müqavimət və potensial imkanları baxımından bir neçə variantda. İdeal variant milli elitaların xəyanətidir. Milli elitalar təslim olmayanda "dinc küçə etirazları" və qanunsuz aksiyalara əl atılır. Məqsəd hakimiyyəti seçim qarşısında qoymaqdır: ya könüllü getmək, ya da etirazların qarşısını almaq. İkinci halda mütləq "təsadüfi qurban"lar peyda olur, onların fotoları və videoları çəkilərək ildırım sürətilə sosial şəbəkələrdə, xarici mediada yayılır, hakimiyyəti "qanlı, qəddar rejim" kimi qələmə verilir.

Əgər dinc təzyiq və pressinq variantları bir nəticə vermirsə, silahlı çevriliş variantına əl atır. Belədə hakimiyyət ya məğlubiyyəti seçməli, ya da vətəndaş müharibəsinə başlamalıdır. "Dinc etirazlar" və silahlı çevriliş variantı ilə yanaşı, işğalçı dövlət hədəf ölkənin siyasi-diplomatik təcridinə də çalışır.

Hərbi çevriliş və ya vətəndaş müharibəsi variantı da alınmayanda, humanitar bəhanələrlə birbaşa işğala əl atılır. Yumşaq variantda uçuşsuz zonalar yaradılır, qiyamçılara silah və hərbi texnika verilir. Sərt variantda isə ölkəyə "könüllülər" adı ilə və ya xüsusi təyinatlı birləşmələr formasında qoşun yeridilir.

7. "Rəngli inqilab"lar formall olaraq dinc, texnoloji və informatik səciyyəli olsalar da, onların qələbəsini diplomatlarla jurnalistlərin arxasında silahlı qüvvənin varlığı təmin edir. Qurban seçilmiş ölkənin milli elitaları müqavimət göstərmək və sonadək mübarizə aparmaq fikrinə düşərsə, məhz həmin silahlı qüvvələr hərəkətə keçir.

Bəhs etdiyimiz variantlar İraqda, Liviyada, Serbiyada, Suriyada, Yəməndə reallaşdırılıb. Sadəcə, Suriyada alınmadı. Çünki "rəngli inqilab" işğalına məruz qalan ölkənin qanuni hökumətinə digər böyük dövlətlərin siyasi və hərbi resursları dəstək oldu. Beləcə, Suriyada vəziyyət "rəngli inqilab" müstəvisindən çıxaraq böyük dövlətlərin hərbi-siyasi qarşıdurmasına çevrildi.

Vyetnam və Koreya savaşlarında olduğu kimi.

Azərbaycana idxal olunmağa çalışılan "rəngli inqilab", əslində, savaşdır. Əsl, amansız, yeni savaş. Klauzevitsin dediyi kimi, bu savaş siyasətin başqa yollarla davamı deyil: "rəngli inqilab" savaşın başqa yollarla davamıdır.

Bizə qarşı savaş açıldığını, ölkənin diz çökdürülməsini qarşısına məqsəd qoyanların aktivləşdiyini anlamalıyıq.

Və onlara qarşı savaşmalıyıq.

Elçin Alıoğlu Son.az