İsveçdə iqlim dəyişikliyinə qarşı mübarizə fəalları aclıq aksiyasına başlayıblar


Dünya 18 Noy 2019 23:18:00 278 0

İsveçdə iqlim dəyişikliyinə qarşı mübarizə fəalları aclıq aksiyasına başlayıblar

Noyabrın 18-də səhər saatlarında iqlim dəyişiklikləri ilə mübarizə üzrə "Extinction Rebellion" hərəkatının 10 nəfər fəalı İsveçdə diqqəti qlobal iqlim fəlakətinə cəlb etmək məqsədilə aclıq aksiyasına başlayıblar. Aksiya iştirakçıları İsveç siyasətçilərindən iqlim dəyişiklikləri ilə bağlı təcili müzakirələrə başlamağı və 2025-ci ildə bu ölkədə atmosferə parnik qazlarının emissiyasını sifıra endirməyi tələb edirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təşkilatın İtaliya, Kanada, Konqo, Böyük Britaniya, Almaniya və ABŞ-da olan fəalları da bu aksiyaya dəstək verəcəklər.

Aksiya iştirakçıları İsveç hökuməti və parlamentinin iqlim böhranına diqqət yetirəcəyi və yaranmış vəziyyətə uyğun hərəkət edəcəyi vaxtadək aclığı davam etdirmək niyyətindədirlər. Təşkilatın saytında qeyd olunur ki, onun üzvləri digər - daha radikal etiraz formalarından da istifadə etməyi düşünürdülər. Lakin bu metodlar özünü doğrultmayıb. "İqlim böhranı daha da dərinləşdikcə, biz daha radikal üsullara əl atmalı oluruq", - deyə təşkilatın bəyanatında bildirilir.

Aksiyanın iştirakçılarından biri olan Sofiya Boren deyib: "Mən vəziyyətin ciddi olduğunu nəzərə alaraq aclıq elan etməyə qərar verdim. Siyasətçilər iqlim və ekoloji fəlakətin səbəb olacağı kütləvi zorakılıq və ölüm hallarının qarşısını almaq üçün yetərincə səy göstərmirlər". O əlavə edib ki, quraqlıq, tufanlar, anomal isti havalar və meşə yanğınları okean sularının turşuluğunun artması ilə birlikdə dünyada ərzaq və su təhlükəsizliyinə zərbə vurur, bəşəriyyətin gələcəyinə ciddi təhlükə törədir.