Azərbaycanın xarici siyasəti İsveçrə mətbuatında işıqlandırılıb (FOTO)


Digərləri 18 Noy 2019 17:41:00 257 0

Azərbaycanın xarici siyasəti İsveçrə mətbuatında işıqlandırılıb (FOTO)

“Erfolg” (Müvəffəqiyyət) qəzeti son buraxılışında Azərbaycana geniş yer ayırıb.

Bakı. İsveçrənin ən nüfuzlu təşkilatlarından biri kimi 78 min şirkəti özündə birləşdirən İsveçrənin Kiçik və Orta Miqyaslı Müəssisələr Cəmiyyətinin mətbuat orqanı olan “Erfolg” (Müvəffəqiyyət) qəzeti son buraxılışında Azərbaycana geniş yer ayırıb. Azərbaycanın İsveçrədəki səfirliyindən Trend-ə verilən məlumata görə, əsasən cəmiyyətə üzv bütün şirkətlər arasında paylanılmaqla yanaşı İsveçrənin siyasi və işgüzar dairələri tərəfindən də maraqla izlənilən bu qəzetin “Müsahibə” bölməsində adətən İsveçrə siyasətinin və biznes dünyasının tanınmış nümayəndələri ilə müsahibələr yer alır. Xarici ölkələrin rəsmiləri ilə müsahibələrə olduqca nadir hallarda yer verilir və belə hallardan biri kimi, “Müsahibə” bölməsinin bu dəfəki qonağı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov olub. Nazir müsahibədə Azərbaycanın tranzit potensialı, nəqliyyat-logistika imkanları, əlverişli coğrafi mövqeyi, beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətlərinin genişləndirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat vermişdir. O bildirmişdir ki, Azərbaycanın təşəbbüsü ilə başlanılan qlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi yalnız ölkəmiz üçün deyil, bütövlükdə region üçün də nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə mühüm töhfə verməkdə davam edir. Nazir qeyd edib ki, İsveçrə şirkətləri Azərbaycanın nəqliyyat-tranzit, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarından yararlana bilər. Eyni zamanda bu istiqamətdə həyata keçirilən infrastruktur layihələrində iştirak edə bilər. Nazir öz müsahibəsində vurğulayıb ki, prioritet sahələrdən biri də İsveçrədən ölkəmizə daha çox turist axınının təşkili istiqamətində səylərin davam etdirilməsidir. Müsahibədə Azərbaycanın turizm imkanlarından geniş söz açılıb, 2018-ci ilin oktyabr ayından etibarən Bakı-Cenevrə-Bakı birbaşa reysinin açılmasının, viza rejiminin sadələşdirilməsinin və ölkəmizdə turizm sahəsində xidmətin keyfiyyətinin artmasının İsveçrədən ölkəmizə gələn turistlərin sayının çoxalmasında mühüm rol oynadığı qeyd edilib. Azərbaycanın İsveçrə ilə bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək istədiyini qeyd edən nazir qeyd edib ki, Azərbaycan və İsveçrə qədim tarixə və mədəniyyətə malik ölkələrdir və hər iki ölkədə qarşılıqlı olaraq keçiriləcək tədbirlər xalqların bir-biri haqqında daha çox məlumat almasına, bir-birinin tarixinə, mədəniyyətinə və adət ənənələrinə daha da yaxından bələd olmasına xidmət edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin