Mühacir biabırçılığı: yüz minlərlə avroluq xəyanət


Siyasət 18 Noy 2019 11:00:00 267 0

Mühacir biabırçılığı: yüz minlərlə avroluq xəyanət

"Xalqı mübarizəçə səsləmək və demokratiya uğrunda mıübarizə aparmaq adı ilə on minlərlə avro qrant aldı, mənə qəpik-quruş verdi", "Yüz minlərlə avronu mənimsədilər, ortada biz qaldıq", "Bizi aldatdılar, pul verəcəklərini dedilər, vermədilər".

Avropa Birliyi ölkələrində sığınacaq və ya vətəndaşlıq almağa çalışan, özlərini "müstəqil jurnalist" və "bloqer" adlandıran şəxslər arasında dava yenidən qızışır.

Bu dəfə dava edənlər Tural Sadıqlı ilə Məhəmməd Mirzəli deyillər. Xatırladım ki, bir müddət əvvəl bu iki şəxs 80 min avro uğrunda didişməyə başlamışdılar. Qarşılıqlı ittihamlar, suçlamalar, etiraflar, daha sonra təhqirlər və söyüşlər "mövqe açıqlaması" kimi qələmə verilmişdi.

"Azad söz" və "Made in Azerbaycan" YouTube kanalları arasında indi də aşkar düşmənçilik var.

M.Mirzəlinin dediyinə görə, T.Sadıqlı siyasi fırıldaqçıdır, mühacir alveri ilə məşğul olur.

T.Sadıqlı isə inadla və qətiyyətlə vurğulayır ki, M.Mirzəli Fransaya sığınıb əvvəl ofisiant, sonra da tikintidə fəhlə işləməkdən bezdiyi üçün "bloqer"liyi gəlir mənbəyi sayır, bəlli təşkilatlardan və adamlardan "müstəqil fəaliyyət" üçün pul alır.

M.Mirzəli-T.Sadıqlı tandeminin davası, bu siyasət plebeylərinin münasibətləri ictimai şəkildə aydınlaşdırmaq cəhdləri artıq tarixə dönüb.

Onlar gəlirləri artırmaq üçün artıq didişmir, anlaşma görüntüsü yaradaraq "ümumi məqsəd və vahid hədəfə çatmaq üçün əməkdaşlıq" nümayiş etdirməyə çalışırlar.

Təbii ki, bütün bunlar sadəcə, görüntüdür.

İaşə müxalifətinə çevrilmiş YouTube kanalları və sosial şəbəkələrdəki səhifələr, profillər Azərbaycandakı radikal müxalifətə qarşı birmənalı, yekdil mövqe tutmurlar.

Düşərgələnmə və parçalanmanın ən primitiv formalarını yaşayan bu "bloqer"lər və "siyasətçi"lərin mübarizələrinin əsas qayəsi puldur. Daha doğrusu, onları danışdıran, idarə edən və daim kontrolda saxlayan təşkilatlarla şəxslərdən alınan maliyyə vəsaitinin məbləği, sürəyi, ödəniş təqvimi və istiqaməti mübahisələr yaradır.

Aldığımız məlumatlara və informasiyalara görə, hazırda Almaniya, Fransa, Britaniya, Çexiya və Belçikada sığınmış durumda olan "müstəqil jurnalist", "siyasətçi" və "bloqer"lər arasındakı parçalanma, düşərgələnmə və qarşıdurma pik həddinə çatıb.

Səbəb AXCP sədri, habelə Facebook bloqeri Əli Kərimlinin xaricdəki YouTube kanallarının yeganə ideoloji rəhbərinə çevrilmək istəyidir.

Avropa Birliyi ölkələrindəki mühacir YouTube-rlər arasında Kərimli tərəfdarlarının sayının artması da həmin ssenarinin tərkib hissəsidir.

Əslində, proses Ə.Kərimlinin maliyyə, təşkilati, mənəvi və ya ideologji potensialının yüksək olması ilə bağlı deyil. Hər şey tam əksidir və ssenari müəllifi AXCP sədri yox, C.Sorosun "Açıq Cəmiyyət" fondu, F.Ebert və F.Nauman fondları, "Sərhədsiz Reportyorlar", "Freedom House" və "Amnesty İnternational" təşkilatlarından ibarət konqlomeratdır.

Sosial şəbəkələrdəki profil və akkauntlarında saxtakarlıqla, feyk profillər vasitəsilə, habelə AXCP-nin sıravi üzvləri ilə rayon təşkilatlarının rəhbərlərini rəy və bəyənmələrə, paylaşım və iqtibaslara vadar etməklə "populyarlıq indeksi"nə nail olmağa can atan Ə.Kərimli ABŞ-da məskunlaşaraq Dövlət Departamentinin kurasiyasında olan təşkilatların, xüsusilə də "Amnesty İnternational"ın sifarişlərini yerinə yetirən Sevinc Osmanqızının YouTube kanalının daimi sakinidir.

S.Osmanqızının AXCP sədrinə bir siyasətçi və ya ictimai xadim qismində rəğbəti, yaxud da tam tərsinə, antipatiyası müzakirə mövzusu deyil. Məsələ Osmanqızı-Kərimli duetinin sifariş yerinə yetirməsi və bunun müqabilində konkret dividentlər əldə etməyə çalışmasıdır.

Almaniyada qanunsuz miqrasiya və insan alveri ilə bağlı aparılmış genişmiqyaslı polis reydləri, bu zaman 7 azərbaycanlının tutulması və onların da əksəriyyətinin "Müsavat" Partiyasının üzvü olmaları, xüsusilə də bu partiyanın üzvlük sənədləri və arayışlarıyla intensiv alver olunması faktlarının aşkarlanmasından sonra yaranmış situasiyanı Ə.Kərimli maksimum dərəcədə dəyərləndirməyə çalışır.

Ölkədəki radikal, aqressiv müxalifətin və qaragüruhun mənfi mənada "simvol"una çevrilmiş Ə.Kərimlini önə çəkməyə çalışan bir sıra beynəlxalq təşkilatların Azərbaycandakı daxili siyasi vəziyyəti gərginləşdirmək cəhdlərinin təzahürləri də AXCP sədrinin qəflətən YouTube kanallarındaki və sosial şəbəkələrdəki iaşə müxalifətinin lider bəyan etdikləri şəxsə çevirmələridir. Vəziyyət o yerə çatıb ki, S.Osmanqızıdan təki mimikriya ustasından tutmuş, V.İsgəndərli kimi marginaladək bir sıra "bloqer"lər aşkar şəkildə Ə.Kərimlinin təbliğatı və təşviqatı, daha doğrusu, primitiv vəsfi ilə məşğuldurlar.

Onlar eyni zamanda "Müsavat"ı zəif, heç bir potensialı və perspektivi olmayan, idarəetmə sistemi iflic bir struktur təki təqdim edirlər.

"Müsavat"la bağlı deyilənlər gerçək deyil, gerçəyin sadəcə, bir hissəsidir.

Həqiqət isə budur ki, Arif Hacılının rəhbərlik etdiyi, yəni özünü "başqanı" adlandırdığı partiya kliniki koma vəziyyətinə düşərək siyasi dərnəyə çevrilib.

Sıravi müsavatçılar təəccüb və heyrətlə yaşananları seyr edir, prosesin səbəblərini və məzmununu anlamırlar. Halbuki hər şey çox sadədir: Arif Hacılı rəhbərlik etdiyi partiyanı şəxsi maraqlarının təminat vasitəsi sayır.

O, Almaniyadakı qalmaqaldan sonra istefa verməli olsa da, bu fikirdə deyil. Tam əksinə, Almaniya polisinin və məhkəmələrinin qərarlarını az qala "Azərbaycan hakimiyyətinin basqısı, təzyiqi" kimi qələmə verərək siyasi təlxəklik etməklə məşğuldur.

Xarici ölkələrdəki bloqerlər isə daha çox pul, daha böyük məbləğlər əldə etmək üçün çalışırlar.

Bu iaşə müxalifətini və siyasi əxlaqdan çox kənar olan söyüş marionetlərini əqidə, mövqe, reallıq kimi nəsnələr heç zaman maraqlandırmadığından onlar sadəcə, merkantil mənafelərini və tamahlarını təmin etmək üçün asanlıqla nəinki yön və istiqaməti, hətta sahiblərini dəyişirlər.

"Azərbaycanda demokratik proseslərin təşviq olunması" adı ilə ilin əvvəlindən bəri iaşə müxalifətinə ayrılmış 4,5 milyon avroluq büdcə artıq yetərli sayılmır.

Yeni məbləğlər, qrant adı ilə yeni pullar gözlənilir.

Belə şəraitdə dırnaqarası bloqer və guya jurnalist olanların, habelə özlərini mühacirətdəki siyasətçi sayan lümpenlərin aktivləşməsi təəccüblü deyil.

Dava pul davasıdır.

Vətən, millət, dövlət o adamlar üçün əsla maraqlı olmayıb, deyil də.

Elçin Alıoğlu Son.az