İsveçrənin gözəllikləri: Lütsern Pilatus FOTO


Digərləri 18 Noy 2019 04:30:00 280 0

İsveçrənin gözəllikləri: Lütsern  Pilatus  FOTO

Son.az AZƏRTAC-a istinadən yazını təqdim edir.

İsveçrə landşaftının böyük hissəsini Alp dağları tutur. Təəccüblü deyil ki, İsveçrə regionlarının çoxunun dağ turizm marşrutu var. Lütsern də istisna deyil. Onun əsas görməli yerlərindən biri Mərkəzi İsveçrənin rəmzi olan Pilatus dağ massividir. Bu dağ massivinə səyahətin ecazkar mənzərələrlə müşayiət olunan marşrutuna bərə ilə kruiz, qatarda gediş, habelə qondola deyilən kanat yolu kabinəsində geri qayıtma daxildir. Dağın zirvəsində qonaqları Lütsernin və ətraf bölgələrin heyrətamiz mənzərələrini seyr etmək, dağlıq restoranda nahar etmək və Alp dağlarında məskunlaşan, insanlardan əsla qorxmayan, bəzən hətta onların zəhləsini aparan dolaşalarla ünsiyyətdə olmaq fürsəti gözləyir.

Vahiməli funikulyor və "zəhlətökən" dolaşalar

Region üzərində ucalan Pilatus dağ massivi əzəldən insanların təxəyyülünü coşdurur. Bir vaxtlar yerli sakinlər düşünürdülər ki, dağın zirvəsi əjdahalar məskənidir. "Pilatus" adının özü isə çox güman, latın sözü olub "şlyapa qoymaq" mənasını verən "pilleatus" sözündən əmələ gəlib. Həqiqətən də Pilatusun 2128 metrə çatan zirvəsi çox vaxt qalın buludlarla dövrələnmiş olur.

Hazırda Pilatus ekskursiyalar keçirmək üçün populyar yer, müşahidə meydanı və macəra axtaranlar üçün maqnitdir. Turistlər zirvəyə yolu bərə ilə kruizdən başlayırlar. Təəccüblü deyil ki, bərə nəqliyyatı Lütsern gölü bölgəsində ictimai nəqliyyatın bir növüdür. Bərələr Lütserni sahildəki yaşayış məntəqələrinin çoxu, o cümlədən Alpnahştad kəndi ilə birləşdirir. Burada səyyahlar xüsusi dişli qatara oturur və Pilatus dağının zirvəsinə gedirlər.

Dağ dəmir yolunun bu hissəsi dünyada ən böyük, bəzi yerlərdə 48 dərəcəyə çatan maililiyə malikdir. Qatar meşələr və çöllərdən keçir, dik qayalara dırmaşır. İki adi relsin ortasından çəkilmiş xüsusi dişli rels qatarın sərt yoxuşlarda irəliləməsinə kömək edir. Təhlükəsizliyi təmin etmək üçün dişli dəmir yolunun bütün marşrutu hər 14 gündən bir əsaslı şəkildə yoxlanılır.

Zirvəyə qalxan yol yarım saat çəkir. Pilatus-Kulm stansiyasında qonaqlar qatardan düşürlər. Burada eyniadlı otel və restoran yerləşir. Markalanmış cığırlarla ətraf yerlərdə, o cümlədən Pilatusun əsas zirvəsi Tomlishorn istiqamətində gəzişmək olar. Cığırlar çox vaxt qayalarda yarılmış tunellərdən keçir.

Yuxarıda Lütsern gölünə və şəhərinə, Riqi, Byurqenştok, Titlis, Ştanserhorn, Sentis, Mərkəzi Alp dağlarına və Alp dağlarının Bern hissəsinə heyrətamiz mənzərələr açılır. Müşahidə meydanı çox böyük yüksəklikdə yerləşdiyinə görə bu unikal mənzərə hətta çox bərk duman düşəndə də görünür. Aydın səmalı günlərdə Alp dağlarının ta Almaniya ilə sərhəddəki Şvartsvald regionuna və Fransa hissəsinədək uzanan 73 zirvəsinə mənzərə açılır.

Alp dolaşaları ilə tanışlıq Pilatusa səfər proqramının dəyişməz hissəsidir. Qarğakimilər fəsiləsinin nümayəndələri olan bu qara lələkli, qırmızı pəncəli və sarı dimdikli iri quşlar adamlardan qətiyyən qorxmur, turistlərin əlindən yeyirlər. Bəziləri çiyinlərinin üstünə çörək parçası qoyurlar ki, yemə doğru uçan dolaşa ilə effektli kadrlar çəkdirə bilsinlər.

Frekmyunteqqedə toboqqan

Turistlər Pilatus mənzərələrinə doyunca tamaşa edəndən sonra başqa marşrutla geri qayıdırlar. Dağın ətəyinə gedən kanat yolu sərnişinləri qondollarla Lütsernin Kriens stansiyasına çatdırır. Yalnız Frekmyunteqqedə minik dəyişdirməli olurlar. Burada yüksək dağlıq kəndirli park və ən uzun toboqqan trası yerləşir. Sərnişinlər ərazinin təbii maililiyi boyu çəkilmiş polad trasdan ibarət əyləncəli attraksionda ağırlıq gücünün təsiri ilə hərəkət edən kirşələrə otururlar. Qeyd edək ki, bu maraqlı idman əyləncəsi yay üçün aktualdır.

Qışda isə Mərkəzi İsveçrənin ən gözəl trasları ilə xizəklərdə üzüaşağı sürüşmək olar.

(adsgarden = window.adsgarden || []).push({});