Tarixdə iz qoyanlar:


Kriminal 17 Noy 2019 15:00:00 338 0

Tarixdə iz qoyanlar:

Son.az modern.az-a istinadən "Tarixdə iz qoyanlar" rubrikasının növbəti yazısını təqdim edirik.

Vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil. Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər.  Azərbaycan xalqının milli sərvətinin - maddi və mənəvi abidələrinin toplanması, qorunması və gələcək  nəsillərə ötürülməsi sahəsində fədakarlıqla çalışan şəxslərdən biri də Əhməd Əfəndi Çələbizadə olub. O, dövrünün görkəmli din xadimi və ziyalısı kimi tanınıb. Çələbizadə Qubada ilk dəfə tarix muzeyi yaratmış, habelə bölgənin etnoqrafik tədqiqi ilə məşğul olub.

Əhməd Əfəndi Çələbizadə 1892-ci ildə Qubada doğulub. Tiflisdə ruhani məktəbində təhsil alıb, Qubaya qayıtdıqdan sonra Cümə məscidində ruhani kimi fəaliyyət göstərib. Eyni zamanda, məscidin yanında yerləşən mədrəsədə müəllimlik edib. Arxiv materiallarından məlum olur ki, Əhməd Əfəndi öz xalqının tarixinə və mədəniyyətinə yaxından bələd olub, bölgədə ədəbiyyat bilicisi kimi tanınıb, bir neçə dil bilib. Məhz öz xalqının tarixinə və mədəniyyətinə sonsuzməhəbbət və maraq onun Qubada muzey yaratması ilə nəticələnib. O, 1924-cü ildə "Cümə məscidi" yanında dərs dediyi mədrəsədə muzey yaradıb, burada Azərbaycan tarixinə və mədəniyyətinə aid materiallar toplayıb. Eksponatların əksəriyyəti Əhməd Əfəndinin özünə məxsus olub. Bununla yanaşı, o, idarə və təşkilatlar, ayrı-ayrı şəxslərlə əlaqə saxlayıb, bir sıra əşyaların muzeyə verilməsinə nail olub. Bu əşyalar sırasında qədim əlyazmaları və kitablar, xalça və xalça məmulatları, xalq tətbiqi sənəti nümunələri, zərgərlik məmulatları və s. vardı. Təbii ki, mövcud ekspozisiya tələb olunan səviyyədə deyildi və Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Quba bölgəsinin zəngin tarixini və mədəniyyətini dolğunluğu ilə əks etdirmirdi. İlk növbədə ictimai əsaslarla fəaliyyət göstərən  muzey sonradan dövlət müəssisəsinə çevrilir və onun yaradıcısı bu muzeyin direktoru təyin olunur. Lakin muzeyin dövlət müəssisəsi kimi fəaliyyəti uzun sürmür. 1937-ci ildə Əhməd Əfəndinin repsessiyaya məruz qalması ilə əlaqədar muzeyin fəaliyyəti də dayanır. Mədəni dəyərlərimizin cəfakeş toplayıcısı və qoruyucusu olan bu işıqlı ziyalı 1937-ci il sentyabrın 1-də güllələnir.

Əhməd Çələbizadənin Quba bölgəsinin etnoqrafiyası ilə bağlı araşdırmaları xüsusi əhəmiyyət kəsb edir. O, 1930-cu illərdə Quba bölgəsinin etnoqrafiyasına aid çöl-tədqiqat işləri aparıb. Bu tədqiqat işləri uzun illərdir ki, S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində 164№li fondda mühafizə edilir. 71 şagird dəftərindən ibarət olan bu tədqiqat işlərində Quba rayonuna aid etnoqrafik materiallar, Quba xalqının adət və ənənələri, icra etdikləri dini mərasimlərlə bağlı qiymətli materiallar toplanıb. Bu tədqiqat işində bölgədə mövcud adət və qaydalar, o cümlədən toy adətləri, dini adətlər, bayramlar, sınaqlar, etiqadlar, dini mərasimlər, habelə bölgənin təsərrüfat həyatı - əkinçilik, bostançılıq, tərəvəzçilik barədə geniş məlumat verilib.

Ə.Çələbizadə Quba şəhərininhəmin dövrdə xalq arasında qəbul olunmuş o zamankı qeyri-formal ərazi bölgüsündən bəhs edərkən yazır ki, Quba şəhəri dörd məhəllədən ibarətdir. Bunlardan birincisi Bayır şəhər, ikincisi Orta qapı, üçüncüsü Məscid qabağı, dördüncüsü isə "Ərdəbil"dir.

Ümumiyyətlə, Ə.Çələbizadənin tədqiqatlarında Quba bölgəsi əhalisinin adət- adətləri, dini-mifoloji görüşləri barədə geniş məlumatlar toplanıb ki, bunları əsasən aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Paltar və qiyafətlə bağlı adətlər;

2. Yemək- içməklə bağlı mövhumi adətlər;

3. Heyvanlar ilə mübarizədə dini adətlər;

4. Təbiətin müqəddəs sayılması;

5. Dini nəzəriyyə;

6. Suların müqəddəs sayılması;

7. Müqəddəs dağ-təpələr;       

8. Ovçuluq;

9. Xəstələrə mövhumi təbabətin təsiri, doğuşda dini adətlər;

10. Toy adətləri, ölüm adətləri, müxtəlif bayramlar, məhərrəmliklə bağlı adətlər və s.

O, Qubada məşhur dini bayramlardan danışarkən Orucluq bayramı, Qurban bayramı, Qədr-xum bayramı, Novruz bayramının xalq tərəfindən qeyd edildiyini vurğulayır və hər bir bayramın necə icra edildiyini ətraflı şəkildə təsvir edir.

Ə.Çələbizadə Novruz (nevruz) bayramının Quba şəhərində olduqca təntənəli keçirildiyini xüsusi olaraq qeyd edir. Ə.Çələbizadənin söylədiyinə görə, qubalılar "Noruzdan qabaq olan "3" çərşənbə (cəharşənbə) günlərini xeyli müqəddəs hisab edirlər ki, bu çərşənbələrin də müəyyən adları vardır:  kül çərşənbə, gül çərşənbə və axır çərşənbə".

Lakin Ə.Çələbizadə Novruzu "mevhumi bayram" adlandırır və yazır ki, "Novruz bayramı da digər mevhumi bayram və ənələri kibi aramızdan çıqıb getmişdir. Bunun izlərini yalnız əski devrin tör-töküntüsü olan məşədilər, kərbəlayilər, hacılar, zinəzənlər ailəsində görmək olar".