Baş direktor: Konstantsa və Bakı limanları yeni layihələrdə əməkdaşlıq edə bilər


Digərləri 16 Noy 2019 20:14:00 351 0

Baş direktor: Konstantsa və Bakı limanları yeni layihələrdə əməkdaşlıq edə bilər

Rumıniyanın Konstantsa limanı və Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı mövcud layihələri inkişaf etdirmək və yeni layihələrdə əməkdaşlıq üçün yeni imkanlar tapmaq üçün birgə işləyə bilərlər.

Son.az bildirir ki, bunu Trend-ə özəl müsahibəsində Konstantsa limanının baş direktoru Daniela Serban deyib.

O bildirib ki, iki liman arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq Konstantsa limanı Bakı limanı ilə səmərəli və məhsuldar əməkdaşlığa hazırdır.

Onun sözlərinə görə, həm Konstantsa, həm də Bakı limanının nəqliyyat, logistika və liman istismarı sahələrində təşkil olunan tədbirlərdə iştirakı xüsusi əhəmiyyət kəsb edə bilər:

"Biz limanlarımızın imkan və üstünlüklərini irəlilətmək üçün Rumıniyada, eləcə də regionun digər ölkələrində təşkil olunan tədbirlərə tərəfdaşlarımızı cəlb etməkdə davam edəcəyik. Qeyd etməliyik ki, Bakı limanının administrasiyası Avstriyada "Konstantsa limanı günü" kimi tədbirlərimizdə uğurla iştirak edib. Hesab edirik ki, onlar gələcək tədbirlərdə də iştirak edəcək".