Rüfət Quliyev: Hazırda jalüz və plyonkadan istifadəyə görə sürücülər barəsində inzibati tənbeh görülmür


Digərləri 16 Noy 2019 19:34:00 304 0

Rüfət Quliyev: Hazırda jalüz və plyonkadan istifadəyə görə sürücülər barəsində inzibati tənbeh görülmür

Respublika ərazisində nəqliyyat vasitələrinin arxa və arxadakı yan şüşələrində jalüz və plyonkadan istifadə edilməsinə görə sürücülər barəsində hazırda inzibati tənbeh tədbirləri görülmür.

Son.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib.

Şöbə rəisi qeyd edib ki, bu standartlarla bağlı qanunvericiliyə əlavə və müəyyən dəyişikliklərin olunması məsələsi hazırda aidiyyəti qurumlarda və orqanlarda baxılmaq ərəfəsindədir. Bunu nəzərə alan Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin tələbi ilə nəqliyyat vasitələrinin arxa və arxa yan şüşələrində jalüzlərdən və plyonkalardan istifadə edilməsinə görə nəqliyyat vasitələrinin sürücüləri barədə hazırda inzibati tənbeh tədbirləri görülmür.

Qeyd edək ki, "Yol hərəkəti haqqında" Qanunun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan hər hansı formada və ölçüdə örtüklərin (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyənləşdirilib. Bu Qanunun tələblərinə əsasən işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin "AZS 122-2004" saylı standartına əsasən, minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti küləyə qarşı şüşələr üçün 75 faiz, küləyə qarşı olmayan digər şüşələr üçün isə 70 faiz həddində müəyyən edilib. Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə normallaşdırılmır.