Sabiq icra başçısının qardaşı oğlunun 965 min tələb etdiyi şəxsə 8 il cəza istənildi


Kriminal 16 Noy 2019 17:50:00 357 0

Sabiq icra başçısının qardaşı oğlunun 965 min tələb etdiyi şəxsə 8 il cəza istənildi

965 min dollar dələduzluqda ittiham olunan şəxs növbəti dəfə hakim önünə çıxarılıb. Bu işdə zərərçəkən şəxs sabiq icra başçısının qardaşı oğludur.

Son.az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Xəyyam Balayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib.

Dövlət ittihamçısı çıxışında Xəyyam Balayevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xəyyam Balayevin vəkili Emil Aslanov müdafiə çıxışı edib.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmasını istəyib. Müdafiəçi qeyd edib ki, tərəflər arasında borc mübahisəsi var və bu məsələ mülki qaydada həll edilməlidir.

"Tərəflərin və şahidlərin verdikləri ifadələrdən aydın olur ki, onlar arasında biznes əlaqəsi olub. Zərərçəkmiş tərəf bildirir ki, Xəyyam Balayevin ona borcu var. Ali Məhkəmənin plenium qərarı da var ki, borc məsələsi mülki məcəllə ilə tənzimlənir, cinayət məcəlləsi ilə yox. Müdafiə etdiyim şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi qərəzdir və qanunsuzdur.

Bu işin cinayət olmasını sübut edən heç bir fakt yoxdur. Şahid ifadələri də təsdiq elədi ki, tərəflər arasında böyük məbləğlərdə biznes əlaqəsi olub. Hətta TIR-la siqaret də satıblar. Dəfələrlə zərərçəkmiş kimi tanınan tərəf Xəyyam Balayevlə biznes adı ilə pul verib. Xəyyam da qazancı ilə həmin məbləğləri geri qaytarıb".

Xatırladaq ki, ötən məhkəmədə Xəyyam Balayevlə zərərçəkmiş Yalçın Abdullayev arasında olan danışığın səs yazısı dinlənilmişdi.

Həmin səs yazısında X.Balayev Yalçın Abdullayevdən pul aldığını etiraf edir.