Ev yiyələrini gələn ildən nə gözləyir... 50 manat verməyənə 30 manat cərimə,


Digərləri 16 Noy 2019 16:08:00 323 0

Ev yiyələrini gələn ildən nə gözləyir...  50 manat verməyənə 30 manat cərimə,

2011-ci ilin iyunundan qəbul edilən, 2012-ci ilin yanvarından rəsmən qüvvəyə minən  və indiyədək icra olunmamış qalan "İcbari sığortalar haqqında" Qanunun daşınmaz əmlakla bağlı müddəaları 2020-ci ilin yanvarından etibarən cəza mexanizmləri ilə işə düşəcək.

Belə ki, yeni ildən qanunun daşınmaz əmlakın sığortasını icbari edən 2-ci fəslinin icrasına sərt nəzarət mexanizmi tətbiq olunacaq. Öz əmlakını sığorta etdirməkdən yayınanlara qarşı qanunvericilik əsasında məsuliyyət tədbirləri tətbiq ediləcək. Yəni daşınmaz əmlakını icbari sığorta etdirməyənlər cərimələnəcək, üstəlik bu cərimə mexanizmi təxminən avtomobillərin məcburi sığortasından yayınmaya görə tətbiq edilən mexanizmi xatırladır. Bu məsələ hazırda sosial şəbəkələrdə müzakirə olunmaqdadır.

Bakıda evi olan 50 manat, regionlarda 30 manat...

Son.az virtualaz.org-a istinadən bildirir ki, hazırda nəzarət etmək üçün məlumat bazalarının inteqrasiyası prosesi gedir, sistemlər birləşdirilir. Sistemlərin birləşdirilməsi üçün işlər bu ilin sonunda başa çatacaq və bu sistem gələn ildən işə düşəcək. İcbari Sığorta Bürosunun sistemində "kupça"sı olanlar görünəcək. Əgər mənzilin sığortası yoxdursa, həmin şəxsin mailinə və yaxud telefonuna mesaj göndəriləcək.

Daşınmaz əmlaka görə bir illik sığorta haqqı Bakı şəhərində 50 manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələri və bölgələrdə isə 30 manatdır.

Sığorta hadisəsi baş verdikdən sonra sığorta şirkəti əmlak sahibinə Bakı şəhərində maksimim 25 min manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində maksimim 20 min manat, digər yaşayış məntəqələri və bölgələrdə isə maksimim 15 min manat ödəyir. İcbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimələrin tətbiqi isə "İnzibati Xətalar Məcəlləsi"nin 569-cu maddəsi ilə tənzimlənir.

Ödəməyəni cərimə gözləyəcək

İcbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə nəzərdə tutulub.  20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmasa əmlak sahibi yenidən eyni məbləğdə cərimə edilir.

Bəs səkkiz il əvvəl qanunvericilik bazası formalaşmış daşınmaz əmlakın sığortası haqqında qanunun tətbiqi niyə ləngiyib?  Əmlak sığortasını ödəmək niyə könüllü yox, məcburi xarakter daşıyır? Bu prosesdə qazananlar kimlər olacaq?

Daşınmaz əmlak eksperti Ramil Osmanlının virtualaz.org-a bildirdiyinə görə, beynəlxalq təcrübə ilə yanaşsaq, bu proses könüllü olmalı idi. Amma Azərbaycan hökuməti hesab edir ki, könüllü əmlak sığortasını həyata keçirmək çətin ola bilər və bu mənada daha optimal varant kimi bu məslənin üzərində dayanıblar.