Əkrəm MəmmədEmin oğlu Şəkinskinin anadan olmasının 90 illiyinə FOTO


Digərləri 16 Noy 2019 10:49:00 300 0

Əkrəm MəmmədEmin oğlu Şəkinskinin anadan olmasının 90 illiyinə  FOTO

Son.az Trend-in yazısını təqdim edir:

Əcəl aman versəydi, bu gün ölkəmizin geoloji xidmətinə 25 il fasiləsiz olaraq rəhbərlik etmiş bacarıqlı təşkilatçı, unudulmaz Əkrəm Şəkinskinin 90 yaşı olardı. O, mənalı və şərəfli bir həyat yolu keçərək, ömrünün 70-ci ilində vəzifə başında xidməti ezamiyyətdə ikən əbədiyyata qovuşdu..

Əkrəm Şəkinski 1929-cu il noyabr ayının 16-da Bakı şəhərində, barəsində bu gün də ibrətamiz rəvayətlər söylənilən əfsanəvi "çekist" Məmməd-Emin Şəkinskinin ailəsində dünyaya göz açmışdı. Atasının repressiyaya məruz qalaraq həbs olunması balaca Əkrəmi hələ yeniyetməlik çağlarından əmək fəaliyyətinə başlamağa vadar etdi. O, Qırmızı Bayraqlı Xəzər Donanmasının İstehsalat kombinatının çörəkxanasında şagird, usta köməkçisi işləyərək, qazandığı cüzi vəsaitlə məhrumiyyətlərə düçar olmuş ailəsinin yeganə dayağı idi. Bir qədər sonra artıq gənc olan Əkrəm "Baştunelmetrotikinti" İttifaq Baş İdarəsinin Bakıdakı Baş Markşeyder İdarəsində böyük fəhlə, kiçik texnik-geodeziyaçı kimi işləmişdi.

1945-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsində ali təhsilini tamamlayaraq, "Azneft"in Dənizdə geofiziki kəşfiyyat kontoruna təyinat alan Əkrəm burada seysmik kəşfiyyat partiyasının böyük radiotexnikindən kontorun baş mühəndisinədək yüksəlir.

Əkrəm Şəkinski "Texnoeksport" Ümumittifaq Birliyi ilə İran Neft Şirkəti arasında başlamış kontraktın məsləhətçi-rəhbəri səlahiyyətlərində 1966-1968-ci illərdə İranda xidməti ezamiyyətdə olur. Bu müddət ərzində onun rəhbərliyi və bilavasitə iştrakı ilə Xəzərin İran sektorunda aparılan seysmik kəşfiyyat işləri sayəsində burada 30-dan artıq perspektivli neft-qaz strukturları aşkarlanaraq, dərin qazma işləri üçün hazırlanır. Onun qonşu ölkədəki məhsuldar fəaliyyəti SSRİ Geologiya Nazirliyi və Sovet İttifaqının İrandakı səfirliyi tərəfindən yüksək qiymətləndirilir.

İran ezamiyyətindən geri dönən Ə.Şəkinski kontordakı sonuncu vəzifəsinə bərpa olunur və 1969-cu ildə kontor SSRİ Neft Sənayesi Nazirliyinin "Azneftgeofizkəşfiyyat" trestinə çevrilən məqamdan onun müdiri vəzifəsinə təyinat alır.

Ölkənin neft sənayesi sistemində seysmik kəşfiyyat partiyalarının rəisi, kontorun baş mühəndisi və trest müdiri vəzifəsində çalışdığı illər ərzində Ə.Şəkinskinin rəhbərliyi və birbaşa iştirakı ilə quruda və dənizdə bir sıra perspektivli neft-qaz strukturları (quruda Kürsəngi, Qarabağlı, Muradxanlı: dənizdə Bulla-dəniz, Bahar, "28 Aprel", Livanov, Qubnik strukturları və başqaları) aşkar edilərək, dərin kəşfiyyat qazması aparılması üçün təhvil verilmişdi. Fərəh hissi ilə qeyd etmək yerinə düşər ki, adları çəkilən strukturların bir qismi sonradan Azərbaycan Dövlət Neft Şirkətinin əsas istismar obyektlərindən olub.

Xarici ölkələrlə iqtisadi əməkdaşlığa dair danışıqlar aparmaq məqsədilə Ə.Şəkinski hökumət komissiyalarının heyətində iki dəfə, 1969-cu ildə İranda və 1973-cü ildə Nigeriyada olub.

Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin 1974-cü il 5 aprel tarixli fərmanı ilə Ə.Şəkinski respublika hökumətinin tərkibinə daxil olmaqla Nazirlər Soveti Geologiya İdarəsinin rəisi vəzifəsinə təyin edilir və ömrünün son anınadək dörddə bir əsrə yaxın zaman kəsimində bu vacib dövlət qurumuna yüksək səriştəlilik, peşəkarlıq və tələbkarlıqla rəhbərlik edir.

Mineral-xammal bazasının genişləndirilməsi, faydalı qazıntı ehtiyatlarının artırılması Ə.Şəkinskinin xidməti fəaliyyətinin başlıca qayəsi idi. Belə ki, 1975-1990-cı illər ərzində polimetal filizlər, yodlu-bromlu suların, qara metallurgiya üçün xammalın resursları 2 dəfədən çox artırıldı. İnşaat materiallarının, üzlük və dekorativ daşların, yeraltı şirin, termomineral və müalicə sularının külli miqdarda ehtiyatları təmin edildi.

SSRİ Dövlət Ehtiyatlar Komissiyasında 1976-cı ildə Katex, 1983-cü ildə Filizçay və Kasdağ yataqlarında polimetal filizlərinin sənaye ehtiyatlarının təsdiq edilməsi ilə respublikamızın şimal-qərb bölgəsində əlvan metallurgiyanın güclü mineral-xammal bazası yaradıldı. Bu yataqların mənimsənilməsinə dair hazırlanmış texniki-iqtisadi əsaslandırmada filizlərin emalı təbiətin mühafizəsi tədbirlərinə riayət olunmaqla respublikamızın özündə nəzərdə tutulmuşdu.

1983-1990-cı illər ərzində ölkəmizin geoloji xidməti tarixində ilk dəfə iki mis-qızıl filizi yatağı kəşf olunaraq sənaye kateqoriyaları üzrə ehtiyatları təsdiq edilmişdi. Bunun sayəsində ötən əsrin 90-cı illərinin əvvəllərində respublika ərazisinin ümumi perspektivləri nəzərə alınmaqla "Azərqızıl" Dövlət Şirkətinin yaradılması mümkün oldu.

Ə.Şəkinskinin geoloji-kəşfiyyat işlərinə rəhbərliyi dövründə onlarla müxtəlif növ qeyri-filiz xammalı və inşaat materialı yataqları kəşf edilərək, müəyyən edilmiş qaydada sənaye istifadəsinə təhvil verilib. Bu müddət ərzində respublika iqtisadiyyatının bir çox sahələrinin davamlı və rəvan inkişafını təmin etmək iqtidarına malik zəngin mineral-xammal bazası yaradılıb. Kəşf olunaraq sənaye ehtiyatları təsdiq edilmiş yataqların bazasında çoxsaylı inşaat materialı istehsalı kombinatları, tikinti daşı, bentonit gili, alüminium oksidi istehsalı üçün mexanikləşdirilmiş xammal karxanaları, Yeni Neftçala və Bakı Yod zavodları və texnoloji proseslərində mineral-xammal ehtiyatlarından istifadəyə əsaslanan bir çox müəssisə fəaliyyət göstərirdi.

Bakı şəhəri və ümumiyyətlə respublika əhalisinin sosial, ekoloji və digər bu kimi problemlərinin həlli ilə bağlı məsələlər həmişə Ə.Şəkinskinin diqqət mərkəzində olub. Buraya, ilk növbədə, yüksək keyfiyyətli yeraltı şirin və müalicəvi mineral su ehtiyatlarının aşkar edilməsi, Bakı şəhərinin su təminatının əsaslandırılması, iqtisadiyyat üçün daim təhlükə mənbəyi olan ekzogen geoloji proseslərin (sürüşmələr, torpaq eroziyası və s.) aşkarlanaraq öyrənilməsi, binaların zirzəmilərində subasması ilə mübarizəyə dair təkliflərin verilməsi, ölkə paytaxtının sanitar-ekoloji şəraitinin yaxşılaşdırılması və başqa bu kimi məsələlər daxil idi.