Beşgünlük dünya: 2 konseptual baxış


Digərləri 15 Noy 2019 22:20:00 281 0

Beşgünlük dünya: 2 konseptual baxış

Bismilləhir-Rahmənir-Rahim!

Bu günün müzakirə olunan əsas mövzularından biri - insanların ruhdan düşməsi, mühitdə yaşayan insanların qəlblərin daşlaşması, qəsavət basmasıdır. Son dövrdə bu mövzuya yeni bir xüsusi çalar da əlavə olunub. Belə ki, bu duruma artıq əqidə daşıyıcıları da düşməyə başlayır. Və əgər merkantil tipli insanlar üçün ruhiyyəsizlik haradasa gözlənilən bir haldırsa, əqidə daşıyıcıları üçün belə vəziyyət normal hesab edilə bilməz.

Bəndəlik durumunun böhranı

Ümumiyyətlə yanaşdıqda, yaranan belə vəziyyəti fərdlərin Allaha bəndəlik durumunun böhranı kimi qiymətləndirmək olar. Hər bir əqidəlilik əbədi dəyərlərə əsaslandıqda, dayanıqlı və qalarlı olur. Əks təqdirdə, kiçicik külək bu əqidədən daşı daş üstə qoymaz. İnsanın Yaradanla davamlı rabitəsi olmasa, Yaradanına bağlantısı olmasa, onun ruhiyyəsinin yüksəlişi haradan qaynaqlana bilər ki?! Bu adamın qəlbi da daşlaşar, ruhiyyəsi də olmaz.

Amma əqidəliliyə iddialı olan insanda belə halın baş verməsi təəccüblüdür. Səbəb nədir? Nə baş verir? Bir adam həyatını müəyyən prinsiplər əsasında yaşayır, çətinliklər önündə əyilmir, əziyyətlər müqabilində sınmır. Amma bir dönəm yetişir ki, nədənsə bu insanın qəlbi bərkiyir, insanların problemi onun üçün yad olur. Qəlbinin daşlanması müşahidə olunur onda. Süstləşir, yaxınları ilə rabitəni qırır, söz eşitmək istəmir. Özünə qapanr, öz kiçik işlərinin dar çərçivəsindən kənara çıxmır.

Çox təəssüflər olsun ki, nə vaxtsa istisnalar halında olan bu məsələ, günümüzdə geniş yayılmaqdadır. İnsanlar "praqmatizm" adandırdıqları və həqiqi praqmatizmlə ki, bu dünyanın müvəqqətliliyini nəzərə alaraq, işlərini bu anlama uyğun həyata keçirməyə qayıdır, heç bir ümumiliyi yoxdur - bu yanlış anlamın girovu olur və nəticə etibarilə çox mənfi bir duruma gəlirlər.

Qəlb diriliyi adlı bir fenomen var. İnsanı onun yaradıış fəlsəfəsinə uyğun yaşama yaxınlaşdıran, bir növ onun insanlılığının ölçü meyarı olan bir anlamdır bu. Zahirən nə ölçülə bilir, nə də bir müəyyən etalonu var. Amma insanda qəlb diriliyi olmayanda, daha yetimin hönkürtüsü, məzlumun naləsi, yardıma ehtiyaclının çağırışı onun daxilinə yol tapmayacaqdır. Həmin bu qəlb diriliyi əməllərin motivasiyasını müəyyən edir. Başqalarına "praqmatik" gəlməyən, amma əslində məhz elə həqiqi praqmatizmə dəlalət edən işlər görür insan. Öz vücudu inkişafına rəvac verir və qəlbini ölməyə qoymur.

İctimai qınaq mexanizmləri niyə işləmir?

Bəs insann öz qəlbinin qeydinə qalmaması nədən baş verir? Bunun təhlili çox əhəmiyyətlidir. Bu məsələlərin təhlili imkan verir ki, insanlar belə duruma düşməsinlər. Toplumda əqidə sahiblərinə qarşı etimadsızlıq ab-havası yarana bilir. Əqidəliliyin özü sual altına düşə bilir. Bunlar mücərrəd mövzu deyil. Bunların konkret misalı ardınca uzağa getmək lazım deyil. Elə bir boşanmalar mövzusunu götürək. Cəmiyyətdə boşanmalar o qədər adiləşib ki, artıq ailə institutunun müqəddəsliyi sual altına alınır. İnsanlar sanki sıradan bir iş görürmüşlər təki, ömür sürdükləri insanla asanlıqla ayrılırlar.

İnsanlar artıq ailənin möhkəmliliyinə, bünövrəliliyinə o qədər də əhəmiyyət vermirlər. Və ən pisi odur ki, cəmiyyətdə bu mənfi sürəci qarşılayacaq ictimai təpki mexanizmləri yoxdur. İctimai qınaq mexanizmləri işlənməyib. Hansı ki, insanlar bu mexanizmlərdən çəkinərək, düşünülməmiş və reqressiv addımları atmaqdan çəkinsinlər.

Ən acısı odur ki, bizdə "ictimai qınaq" tam əks istiqamətdə işləyir. Köhnə telefonu təzələməyə, yeni model maşın almağa, külli miqdarda pul müqabilində fərqlənən nömrə almağa, qeyri-adekvat təm-təraqlı məclislər keçirməyə, ikimərtəbəli qəbirüstü heykəllər qoymağa, 5 evi olanda, 6-nı almağa və bu qəbildən olan israfçı və qeyri-rasional işlər görməyə yönəldən "ictimai rəy" var. Və bu zaman "ictimai rəy" fərqinə varmır ki, hansı şübhəli mənbələr hesabına, haqpozmalar hesabına edilir bütün bu işlər.

Əksinə, "ictimai rəy" hesab edir ki, bu işi görən - "yaşamağı bacaran" insandır, halal yaşayıb mötədil həyat sürən isə "zəmanə adamı deyil". Və bu zaman, həmin bu "yaşamağı bacaran insan"ın qonşusu imkansızlıq üzündən balasını məktəbə göndərə bilmir. Ən ironik nöqtə isə odur ki, bunun imkansızlığı həmin o "yaşamağı bacaran"ların hesabınadır elə...

"Beşgünlük dünya" konsepsiyasının 2 tərəfi

Əlbəttə, zəmanə dəyişir və prioritetlər də transformasiyaya uğrayır. Ümumi götürdükdə, bəşər sanki bir amplitud üzrə həyat sürür ki, qalxmalar və enmələrlə müşayiət olunur. Və bu qalxmalar və enmələr bir çox amillərin məhsuludur ki, burada xarici təsirlərlə yanaşı, önəmli yeri məhz insanların formalaşdırdığı yanaşmalar tutur. Maarifçılıyin zəif olduğu, cəhalətin baş alıb getdiyi məkan və zamanlarda "istehlak cəmiyyəti" adlanan bir fenomen önə çıxır. Bu fenomen ondan ibarətdir ki, insanlar bu dünyanın yalnız maddi tərəfini önə çəkir, mənəvi tərəflərinə etina etmirlər.

Burada qeyd olunmalıdır ki, "beşgünlük dünya" konsepsiyasının 2 tərəfi var. Birinci odur ki, insan dünyanın müvəqqətliliyini nəzərə alıb, əbədi həyatı üçün azuqə toplayır. İkinci yanaşma odur ki, insan ölümündən sonra heç nəyin olmaması tezisini rəhbər tutaraq, bu dünyadan maksimum ləzzətlər aparmağa çalışır.

Böyük ariflər bu əlaqədə deyirlər ki, ağıllı insan - o dünyadan qayıdaraq, orada heç nəyin olmadığını bəyan edən bir kəsin olmamasını nəzərə alaraq - heç olmasa ehtimal verməlidir ki, ölümdən sonra nəsə bir yeni məsələ ola bilər. Və həmin bu ağıllı insan işlərini qismən də olsa, bu ehtimala uyğun tutmalıdır.

Amma hətta sırf materialistik yanaşma da belə, yalnız istehlakda qərarlaşmanı, maddiyyatdan başqa hər hansı bir şeyin əhəmiyyət daşımadığını rədd edir. Zira, həmin bu maddiyyatı əldə etmək, onu istehlak etmək, ondan həzz almaq üçün də olsa belə, müəyyən ictimai şəraitlər olmalıdır. Bu ictimai şəraitlər üçün müvafiq təsisatlar olmalıdır və onlar da öz növbəsində, müəyyən prinsiplərə əsaslanmalıdırlar. Və əqli yanaşma, bu prinsiplərin daha işlək və daha davamlı olanlarına üstünlük verməyi tələb edir.

Məhz buna görə biz bu gün görürük ki, dünya praqmatik yolla İlahi dəyərlərə gəlib çatır. Doğruluq, hallalıq, qarşılıqlı hörmətli birgəyaşama prinsipləri, haqların qorunması, ədalətin təntənəsi və zülmün qınanması, müəyyən dəyərlərin toxunulmazlığı və bir çox digər məsələlər məhz bəşəriyyətin yaşamasını təmin etmək üçün meydana çıxan amillərin məhsuludur.

Bəşər ona gəlib çıxıb ki, istər-istəməz müəyyən qaydalar olmalıdır ki, bunlar ictimai institutların qalarlığını və işləkliyini təmin etsin. Bəşər tədricən, seçə-seçə gəlib müəyyən qayda-qanuna yetişir. Ağıllı insanlar da baxıb görürlər ki, bəşəriyyətin yüzilliklərin eksperimenti və yüzmilyonların qanı bahasına bu gün gəlib çıxdığı dəyərlər 1400 il bundan öncə mübarık dinimiz tərəfindən bəyan edilib. Məhz bu dərk səbəb olur ki, hər il dünyanın hər yerində etnik müsəlman olmayan milyonlarla insan İslama gəlir. Bütün səylərə baxmayaraq, islamofobların min bir oyunlarına baxmayaraq, dünyada müsəlmanların həm kəmiyyət, həm keyfiyyətcə artımı müşahidə olunur.

Tənzimləyicilərin mahiyyəti nəyə dayanır?

Amma qayıdaq bu günün problemlərinə. Diqqət etsək, cəmiyyətin bütün mərəzləri məhz Allaha bəndəlikdən qaçmaqla bağlıdır. Götürək qarşılıqlı etimad məsələsini. Toplumda etimadın olmamasının fəsadlarını sadalamağa xüsusi ehtiyac yoxdur. Etimad olmayan yerdə iqtisadi münasibətlərdən tutmuş, ictimai münasibətlərədək bütün zəncirvari xarakterli əlaqələr qırılır. Etimadsızlıq sindromu az-çox oturuşmuş ənənələri də qabağına qatıb aparır. İşçini işlətmək olmur - nəzarət olmayanda, yalnız zahiri görünüş yaradılır. Cəmiyyətdə vəfalılıq kimi, əhdə sadiqlik kimi, sözün üstündə durmaq kimi mübarək təsisatlar aradan gedir.

Əslində, insanı mənəvi baxımdan vəzifələndirən kateqoriyalar itir, əvəzində yalnız məcburetmə, vadaretmə kimi vəhşı təbiətə xas münasibətlər gəlir. Yəni, insanın digər insana təsiretmə mexanizmləri, ehtiyat vasitələri olmasa, bu sistemdə heç kəsdən heç nəyə nail oluna bilinmir. İşləri qabağa aparan yalnız "qarşısını alma və müvazinət yaratma", "parçala və hökm sür" kimi sistemlər olur ki, bunların da tətbiqinin mənfi nəticələrini hər bir insan həm nəzəriyyədə, həm praktikada kifayət qədər müşahidə edib.

Burada mərkəzı mövzu - münasibətlərin nəyin üzərində olması, bu münasibətlərin nəyin vasitəsilə tənzimlənməsidir. Əgər insan "mağara və cəngəllik qanunları" ilə yaşamaq istəyirsə, onun digər insanlarla münasibətləri də bu prizmadan tənzimlənəcək. Əgər şəxs öz həyatını insan kimi yaşamaq istəyirsə, gərək münasibətlərini İlahi qaydalar əsasında tənzimləsin.

İnsanın durumu əsas 2 amildən mənşələnir: daxili impulslar və mühit. Bunların hər ikisinin təsiri də onun iradəsinın və dəyərlər sisteminin süzgəcindən keçməlidir. Elə şəraitlər var ki, kim oraya düşsə - əlbəttə ki, məlum istisnaları nəzərə almaqla - özü dönüb o sifətləri əldə edəcək. İnsan gərək hisslərinin tərbiyəsi ilə ciddi məşğul olsun. Qəribə-qəribə nümunələri özü üçün örnək götürsə, bir müddət sonra ayılacaq ki, özü də o vəziyyətdədir. Gərək mühitini də elə dəyişsin ki, mühütini də elə tənzimləsin ki, onu vücudi tərəqqiyə aparsın, nəinki tənəzzülə.

Allahı yad etmə - əsas tənzimləyici

Allahı xatırlamada, bəndəlik missiyasını daşımaqda insan gərək süstlük etməsin. Budur onun əsas tənzimləyicisi. Budur onu büdrəmələrdən və çaşmalardan saxlayan. Nəticə etibarilə, insan bir mənəvi konsistensiya təşkil edir ki, əhvalı hər gün nədir, hər saat dəyişir. Küfrdən, naşükürlükdən möminliyə, kamilliyədək bircə gün ərzində insanın durumu dəyişə bilər. Hər şey asılıdır onun vücudu kontrolundan və bu kontrolun tənzimləyiciliyindən. İnsanın kamalla təması nə qədər çox olsa, durumu da buna uyğun təmizlənər və kamilləşər.

Odur ki, insanın Allah Təala ilə rabitəsinin, Allahı xatırlamağının həyati əhəmiyyəti var. Həzrət Peyğəmbərdən (s) nəql edirlər: "Allahı yad etməkdən savayı heç nədən çox danışmayın. Çünki, Allah (barədə) fikirdən qeyri bir şey haqda çox danışmaq - ürəkləri sərtləşdirər. Allahdan ən uzaq olan insanlar da (elə) - sərt ürəklilərdir".

(adsgarden = window.adsgarden || []).push({});