Azərbaycan əhalisi ticarət şəbəkələrində 31 milyard manatdan çox pul xərcləyib


Digərləri 15 Noy 2019 21:36:00 277 0

Azərbaycan əhalisi ticarət şəbəkələrində 31 milyard manatdan çox pul xərcləyib

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 3,1 faiz üstələyərək 31,1 milyard manata bərabər olub.

Son.az Trend-ə istinadən bildirir ki, ticarət dövriyyəsinin 15 milyard 741,8 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15 milyard 381,1 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-oktyabr aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,7 faiz və 3,4 faiz artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2019-cu ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının dəyər ifadəsində 21,1 faizi ticarət müəssisələri, 50,2 faizi fərdi sahibkarlar tərəfindən, 28,7 faizi isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 28,2 faiz, fərdi sahibkarlar üzrə 1,6 faiz artıb, bazar və yarmarkalarda isə 7,9 faiz azalıb.