Bakıda gəlinin başını divara çırpdılar TOYDAN 10 GÜN SONRA


Kriminal 15 Noy 2019 18:59:00 302 0

Bakıda gəlinin başını divara çırpdılar  TOYDAN 10 GÜN SONRA

Ailə həyatı qurduğu qadını 10 gün sonra döyərək ağır xəsarət yetirməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. O deyir ki, arvadını söyüş söydüyünə görə döyüb. Amma qarşı tərəf bunu inkar edir.

Son.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Nuru Salahovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Nuru Salahov ailə münaqişəsi zəminində həyat yoldaşı Lalə Şahbazzadəni yaşadıqları mənzildə döyüb. Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb.

Törətdiyi əmələ görə Nuru Salahov qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Elan olunmuş ittihamla Nuru Salahov özünü qismən təqsirli bilib.

O deyib ki, hadisə 2017-ci ildə ailə həyatı qurandan cəmi 10 gün sonra baş verib:

"Mən 40 yaşıma qədər evlənmədim. Ailəmin təkidi ilə, nəhayət, 40 yaşımda ailə həyatı qurdum. Bu hadisə də toydan 10 gün sonra baş verib.

Səbəb də məndən asılı olmayıb. Toydan sonra mənə qarşı münasibəti dəyişdi. Mənimlə kobud danışmağa başladı. Həmin gün elə oldu ki, söyüş də söydü. Mən də özümü itirdim və əlim açıldı. Bir neçə sillə vurdum. Nə təpik, nə də yumruq vurmuşam".

Məlum olub ki, Lalənin həmin zaman başı divara çırpılıb və ağır xəsarət alıb.

Nuru Salahov bunu belə izah edib: "Bilmədim, indi də başa düşə bilmirəm. Mən onun başını divara çırpdığımı xatırlamıram. Hadisədən sonra çıxdım çölə. Bir neçə siqaret çəkəndən sonra evə qayıtdım. Özümü sakitləşdirdim, nə baş verdiyini anlaya bilmirdim. Elədiyim hərəkətdən çox peşman idim.

Sonra Lalənin səhhəti pisləşdi. Onu xəstəxanaya apardım. Özəl klinikaya aparmışdım ki, yaxşı müalicə olunsun. Sonra dedilər ki, bilərəkdən dövlət xəstəxanasına aparmamısan. Guya hadisəni gizlətmək istəmişəm. Həmin ərəfədə anası, dayısı gəldi. Söhbət elədik ki, nə olubsa, mənim səhvimdir. Bütün xərci özüm çəkdim, onun yanında özüm qaldım. Bir neçə gün reanimasiyada qalandan sonra səhhəti düzəldi. Çıxıb evə qayıtdıq. Biz bu məsələni öz aramızda həll edəcəkdik. Amma onun anasının və mənim anamın dedikləri bizim münasibətləri korladı. Bir neçə aydan sonra İsmayıllıya atamın ad gününə getdik. Mən ordan qayıdandan sonra anası gəlib Laləni aparıb. Mən dəfələrlə Laləyə zəng elədim. Onunla danışıb, barışmaq istədim. Səhvimə görə üzr istəyib, evimizə qayıtmasını istədim. Amma anası buna imkan vermirdi. İndi də Lalə ilə danışa, söhbət edə bilirəm".