Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 3 milyon manat ayrılıb


Siyasət 15 Noy 2019 17:12:00 287 0

Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 3 milyon manat ayrılıb

Prezident İlham Əliyev Şamaxı rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə qərara alıram:

1. Zəlzələ nəticəsində Şamaxı rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".