Azərbaycanda valideynlər çox vaxt övladının şəkərli diabet xəstəsi olmasını gizlədir


Digərləri 15 Noy 2019 16:54:00 260 0

Azərbaycanda valideynlər çox vaxt övladının şəkərli diabet xəstəsi olmasını gizlədir

"Azərbaycanda valideynlər çox vaxt övladının şəkərli diabet xəstəsi olmasını gizlədirlər".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babək Salek Elmi Tədqiqat Kardiologiya İnstitutunda "Ürəyimizi şəkərli diabetdən necə qoruyaq" mövzusunda keçirilən elmi-praktik konfransda çıxış edərkən deyib.

Valideynlər arasında belə təfəkkürün formalaşmasına təəssüflənən B.Salek bu stiqmanın gənc nəslin sağlamlığına mənfi təsir etdiyini söyləyib:

"Valideynlər fikirləşirlər ki, kimsə onun övladının şəkərli diabet olduğunu bilsə, qızlarını almazlar və ya oğlanlarına qız verməzlər. Bu, səhv fikirdir. Elə xəstələrim olub ki, onlar şəkərli diabet olduğunu bildikdən sonra mənə deyiblər ki, bu barədə həyat yoldaşıma heç nə deməyin. Özlərinə gizlicə insulin vuran, bunu ailəsinə açıqlamayan cavan qadınlar var".

B.Salek əlavə edib ki, bu gün Azərbaycanda 265 minə yaxın şəkərli diabet xəstəsi var: "Yəqin bir bu qədər də xəstəlikləri barədə məlumatlı olmayan insan var. Çünki II tip diabet gözlənilmədən başlayır və xəstələr uzun müddət bundan xəbərsiz olurlar. Ona görə də həmin xəstələr qeydiyyata düşmürlər".