İki dünya arasında keçidin keyfiyyəti


Digərləri 14 Noy 2019 22:45:00 290 0

İki dünya arasında keçidin keyfiyyəti

Bismilləhir-Rahmənir-Rahim!

Həmd olsun Allaha ki, bizlərə özümüz barədə, halımız, mənəvi durumumuz barədə düşünmək tofiqatını nəsib edib. Hər bir insanın düşünməli olduğu mövzulardan biri - yaşadığı həyatı və bu həyatın müvəqqəti olması və bir gün bu dünya ilə vidalaşması, əbədi, daimi, bu dünyadan daha üstün, daha xeyirli, daha imkanlı, daha davamlı dünyaya keçməsi mövzusudur.

Axirət evinin qapısı - ölüm

Həzrət Əli (ə) buyurur: "Hər bir evin, sarayın bir qapısı var və axirət evinin də qapısı - ölümdür".  Biz yaşadığımız bu həyatımızda əgər bu həqiqətdən qəflət etsək, əgər bu həqiqəti unutsaq ki, bura mühümdür, önəmlidir, həllecidir, amma bitəndir, yekunlaşandır, keçiddir - o halda bizim həyatımızın keyfiyyəti çox aşağı gələcək.

Bunun ən bariz nümunələrindən biri - Aşura müsibətidir. Məhz burada bu dünyanı müvəqqəti bilənlərlə axirəti unudanlar arasında fərq ən aydın formada təzahür tapmışdır. Biz deyə bilərik ki, Kərbəla hadisəsində üz-üzə gələn iki tərəfin bir tərəfində olanlar bu dünyanın nə olduğunu bilirlər, bu dünyanın önəmindən, həqiqətindən, mahiyyətindən xəbərdardırlar. Bununla yanaşı bilirlər ki, bu dünya sınaq yeri, imtahan yeri və ən nəhayət - əkin yeridir.

Onlar buna uyğun da yaşayırlar, həyatlarını tənzimləyirlər. Həzrət İmam Hüseynin (ə) karvanı, tərəfdarları bunu bilənlər idi.

Qarşı tərəfdə olanlar bundan qəflət ediblər. Bütün onları həmin səhraya gətirib çıxaran bəhanlərə diqqət etsək, nəhayətdə bu qənaətə gələ bilərik ki, Yezidin (lən) bütün tərəfdarlarını bir ümumi cəhət birləşdirirdi. Onlar axirəti unudublar, axirətdən qəflət ediblər, ölümün gerçək olduğu yadlarından çıxarıblar və yalnız buralıq işlərini görürlər. Onların yaşayışları, mövcudiyyətləri yalnlız bu dünya ilə bağlıdır. Əlbəttə ki, buralıq işləri də ən şərəfsiz, ən ağılsız formada realizəsini tapır. Onları səciyyələndirən xüsusiyyətlər - qəddarlıq, satqınlıq, xəyanət, qeyri-insani davranış, nakişilikdir. Bütün bunlar - hətta bu dünya həyatına da son dərəcədə dar baxışın acı nəticələridir. Yezid (lən) güruhunu fərqləndirən amil - şüursuz, nadan, cahil adamlar yığını, alçaq və pis bir niyyətlə birləşmiş adamlar dəstəsi olmalarıdır. Bunun da bazasında ölümü unutmaq, sorğu və əvəz dünyasının mövcudluğundan qəflət etmək mövzusu durur.

Ona görə də Həzrət Əli (ə) bizləri xəbərdar edir ki, hər bir sarayın qapısı var və axirət sarayının qapısı da ölümdür. Hər kəs buna diqqət etməlidir ki, bir gün buranı tərk edəcək, əbədi saraya tərəf yollanacaq və hər birimizin yekunu bundan keçir.

Mömin ölümü bu cür yaşayacaq

Mömin ölümü bir cür yaşayacaq, kafir, münafiq, fasiq başqa cür yaşayacaq. Mömin ölümə bir həqiqət kimi baxır, həyata bir İlahi nemət kimi yanaşır. O, Allah nə qədər ömür veribsə, ona uyğun əkin yeri kimi bu dünyanı axirət səfəri üçün istifadə edir.

Mömin fərqindədir ki, bir gün bu dünyanı tərk etməlidir. Buna hazırlığı var. Mömin bu dünyadan gedəndə sanki əynindəki geyilmiş, işlənmiş libasını çıxardır, əbədi həyata daxil olanda yeni libasını əyninə geyinmiş olur. Bunu Həzrət İmam Səccad (ə) öz nurani buyuruşunda belə bəyan edir: "Mömin üçün ölüm - bədəndən çirkli geyimi çıxartmaq və ağır zəncirləri açmaq, onun yerinə ən nəfis, ən dəyərli geyimləri, ən gözəl ətirlərlə geyinmək kimidir".

Mömin ölümü ilə bu dünyadan qalma çirkli geyimləri əynindən çıxardır, onu bağlayan məsələlərdən qurtulur və onun əvəzinə ən nəfis, ən gözəl, ən ətirli geyimləri geyinir. Həzrət İmam Səccad (ə) möminin ölümünü belə vəsf edir ki, mömin öləndə iki proses gedir - sanki geyilmiş, istifadə edilmiş geyimini bədənindən çıxardır və gözəl, nəfis geyimlərini geyinir.

Söhbət o kəsdən gedir ki, bu dünya həyatını şərəfli, abırlı, ləyaqətli yaşadı və səfər geyimini, yol geyimini çıxartmaq zamanı gəlib çatdı. Bu libas yol gedən zamanı çirkləndi, bulaşdı, bu geyimi istifadə edildi, indi onu bədəndən çıxartmaq vaxtı gəlib çatıb. Ölüm - bu deməkdir.

Ölüm - dünya zəncirlərindən qurtuluşdur

İmam Səccad (ə) həm də bəyan edir ki, mömin üçün ölüm - zəncirlərin açılması kimidir. Ölüm, bu dünya həyatının zəncirlərindən qurtuluşdur. Bu dünyada o qədər məsələlər var ki, bizi öz buxovuna salmağa çalışır, öz ixtiyarına almaq istəyir, bizi məşğul edən bağlantılar var. Ölüm bu bağlantılardan, bu asılılıqlardan, bizi burada giriftar edən, məhdud edən, əzən, sıxışdıran dünya zəncirlərindən qurtuluşdur. Bununla da əbədi axirət həyatının gözəl geyimləri geyinilər.

Bu həyat bizi müxtəlif zəncirlərlə, buxovlarla, asılılıqlarla girinc edib. Həvayi-nəfsin və dünyanın cəzb etdiyi növbənöv buxovları ilə biz burada ilişib qalırıq, aram ola bilmirik. Bir yandan aclıq, bir yandan susuzluq, digər tərəfdən cürbəcür həvayi-nəfsin istəkləri, ad, san, məqam, vəzifə, iş, güc, internet, sosial şəbəkələr, bəyənilmələr, insanların fikirləri və s. - bütün bunlar insanı əsir edir.

İş o yerə gəlib çatır ki, araşdırmalar göstərir ki, indi dünyaya yeni göz açan insanlar, internetlə tanışlıqları yarananda dəhşətlə qarşılaşırlar. Ata-anaları bu dünyanın içərisində özləri üçün məşğuliyyətlər tapıblar, övladları dünyaya gələr-gəlməz onun haqqında hər şeyi, böyüyərkən görmək istəmədikləri vəziyyətlərini, uşaqlığının müxtəlif mərhələlərinin şəkillərini internetə, sosial şəbəkələrə yükləyirlər.

Yeniyetmə uşaqların bir böyük hissəsi bununla bağlı depressiya yaşamaqdadır. Anlayır ki, onun özü haqqında başqaları ondan daha çox şeyi bilir. Bunlar ondan gəlir ki, valideynlər bu dünyanın zəncirlərində ilişib qalırlar, nəfslərində, eqolarında, özünüifadə komplekslərində ilişib qalırlar.

Əgər bu dünya həyatı ölümü düşünərək yaşanmasa...

Bu dünya həyatı əgər aqibəti və axirəti düşünərək yaşanmasa, oyun-oyuncaq olar. İnsanın yaşı artar, böyüyər, amma uşaqlıq oyuncaqlarından əl çəkməz. Adam böyüyər, amma uşaqlıq dövrünün əyləncələrindən, cavanlıq dövrünün zinətlərindən çıxıb böyüyə bilməz.

İnsan orta yaşa gəlib çatar, orta yaşın mənəm-mənəmlik xəstəliyinə yoluxar. İnsan yaşlanar, amma onun işi-gücü ancaq dünya məsələlərində yarışmaq olar, malını, mülkünü, sərvətini, nəslini artırmaqda yarışar.

Yalnız ölüm haqqında düşünən insan mömin olar və mömin bu dünyadan gedəndə əynindəki sanki işlənmiş geyimləri çıxardar və əbədi geyimi geyinər. Buradan gedənə qədər hər an təhlükə var ki, insan haradasa büdrəyər və bu dünyanın hansısa zəncirlərində ilişib qalar. Qəbrə çatana qədər çox ehtimal var ki, insan büdrəsin, yanlış etsin, zəncirlərdə ilişib qalsın. Mömin bu anlamda xoş bir durumdadır.

Dinimiz özü üçün ölüm arzulamağa çox pis baxır

(adsgarden = window.adsgarden || []).push({});