"İlham Əliyev. İnkişaf məqsədimizdir" çoxcildliyinin 92ci kitabı çapdan çıxıb


Siyasət 13 Noy 2019 21:54:42 301 0

"İlham Əliyev. İnkişaf  məqsədimizdir" çoxcildliyinin 92ci kitabı çapdan çıxıb

Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Yaxın tarix əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir və sonra bu vəziyyətdən çıxmaq üçün onilliklər lazım olur. Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin yenicə çapdan çıxmış 92-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransdakı nitqində söyləyib.

Akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2019-cu ilin yanvar-fevral aylarını əhatə edir.

Kitabda Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri haqqında informasiyalar, Davosda "Rossiya-1", Çinin CGTN televiziya kanallarına müsahibələrinin mətnləri, "Bir kəmər - bir yol" təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı" adlı sessiyada sualları cavablandırmasına, İsveçrə Konfederasiyasının Prezidenti, beynəlxalq ictimaiyyətin nümayəndələri ilə görüşlərinə dair materiallar toplanıb. Dövlətimizin başçısı CGTN telekanalına müsahibəsində deyib: "Əlbəttə ki, dünya dəyişir, regionumuz dəyişir, bir çox hadisələr baş verir. Siz onları 5 il əvvəl heç təsəvvür edə bilməzdiniz. Hesab edirəm ki, hər bir lider hadisələri izləməlidir və baş verənlərə hər zaman diqqətli olmalıdır. Biz 1-2 ildən sonra dünyada nələr baş verəcəyini bilmirik. Lakin bugünkü geosiyasi mühitə gəldikdə, fikrimcə, biz həmin mühitdə öz yerimizdə qərarlaşmışıq və bu mövqe bizi qane edir. Beynəlxalq siyasət nöqteyi-nəzərindən əsas məqsədimiz elə bir xarici siyasətdən ibarətdir ki, onun ölkənin daxili vəziyyətinə müsbət təsiri olsun, bütün növ riskləri azaltsın. Zənnimcə, biz buna nail olmuşuq, çünki Azərbaycanda insanlar dinc şəraitdə yaşayır və ölkə sabitdir".

Nəşrdə, həmçinin Azərbaycan Prezidentinin Fransa, İran, Almaniya və Rusiyanın, Ümumdünya Gömrük Təşkilatının, Beynəlxalq Astronomiya Federasiyasının yüksəkvəzifəli nümayəndələrini qəbul etməsinə dair informasiyalar verilib. Dövlətimizin başçısı bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Oxucu bu kitabda Azərbaycan Prezidentinin "Real" televiziyasına müsahibəsinin, şəhid ailələri ilə görüşü zamanı çıxışının, onlarla söhbətlərinin, Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında nitqinin mətnləri, Beyləqan rayonuna səfərinin materialları və məktublarla tanış ola bilər.

Kitabda "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri verilib.

"Azərnəşr" tərəfindən buraxılan 92-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.