Deputat: "Yeni islahatlar prosesində təyin olunan kadrlar özlərini xalq qarşısında daha məsuliyyətli hiss edəcək"


Digərləri 13 Noy 2019 12:41:00 264 0

Deputat: "Yeni islahatlar prosesində təyin olunan kadrlar özlərini xalq qarşısında daha məsuliyyətli hiss edəcək"

Prezident İlham Əliyevin bir neçə rayonun icra hakimiyyətləri başçılarını dəyişməsi bir daha sübut edir ki, ölkədə kadr islahatları artıq müsbət mənada ənənə halını alıb.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputat bildirib ki, aparılan islahatlar nəticəsində kadrların gəncləşdirilməsi, vəzifəyə təyin olunan şəxslərin vətənpərvərlik ruhunun nəzərə alınması da alqışlanmalıdır:

"Cənab Prezidentin təyin etdiyi kadrları şəxsən özünün qəbul etməsi, onlara ciddi tapşırıqlar verməsi, qarşılarına tələblər qoyulması onu göstərir ki, dövlət başçısı bütün təyinatlarda şəffaflığın günü-gündən genişlənməsinə çalışır. Yeni təyin olunan icra başçıları ilə söhbətində də Azərbaycan Prezidenti xalqa xidmət etməyin hər bir dövlət məmurunun borcu olduğunu onlara xatırlatdı, Prezident kimi öz vəzifəsini xalqa xidmət etməkdə gördüyünü vurğuladı. Dövlət başçısının bu məmurlar qarşısında qoyduğu öhdəlikləri, verdiyi tapşırıqları bütün əhali eşidir. Yeni islahatlar prosesində təyin olunan kadrlar artıq özlərini xalq qarşısında daha məsuliyyətli hiss edəcək. Çünki əhali ilə məmur arasında körpü, hər hansı bir əngəl olmayacaq, hər kəs haqqını tələb edə biləcək".

E.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyev kadr dəyişikliklərində əsasən gənclərə üstünlük verir, çünki həmin şəxslər daha savadlı və enerjilidir:

"Yeni təyin olunan icra başçıları ilə görüşündə Prezident İlham Əliyev bir daha vurğuladı ki, idarəetmədə gənclərə böyük meydan verilir. Bu da təbiidir, çünki gələcəkdə ölkəmizi bugünkü gənclər idarə edəcəklər. Onlar gərək həm təcrübə toplasınlar, həm də Vətənə bağlı olsunlar. Ona görə də dövlət başçısı gənclərdə vətənpərvərlik hisslərinin aşılamasının hər bir məmurun borcu olduğunu xatırlatdı".

Milli Məclisin deputatı yeni islahatlar fonunda daha bir fakta diqqət çəkib. Bildirib ki, Bakının Xətai rayonuna təyin olunan yeni icra başçısı Qarabağ qazisidir:

"Bu kateqoriyadan olan insanlara etimad göstərilməsi də sevindiricidir. Bu, idarəçilik sistemində daha bir yaxşı nümunədir. Hesab edirəm ki, ölkədə bütün sahələrdə isalahatların aparılması Azərbaycanın inkişafı, insanların sosial rifahının yaxşılaşdırılması üçün atılan addımdır".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin edib.