DST: sağlam olmaq istəyirsinizsə, şəkil çəkin, mahnı oxuyun, rəqs edin


Digərləri 13 Noy 2019 07:35:00 290 0

DST: sağlam olmaq istəyirsinizsə, şəkil çəkin, mahnı oxuyun, rəqs edin

İncəsənətin sağlamlığa müsbət təsiri haqqında genişmiqyaslı yeni tədqiqatı BMT-də sözün həqiqi mənasında "inqilabi araşdırma" adlandırıblar. Bu araşdırmanın müəllifləri inandırıcı şəkildə sübut edirlər ki, musiqi, rəssamlıq və rəqs bir sıra xəstəliklərin profilaktikası üçün təsirli vasitə olmaqla bərabər, həm də səmərəli "dərman" hesab edilə bilər.

Kopenhagendə təqdim olunmuş məruzənin müəllifləri 900-dən çox beynəlxalq nəşrdə dərc edilmiş faktiki məlumatlar əsasında bildirirlər ki, incəsənət insan sağlamlığına bütün həyatı boyu - ana bətnində inkişafa başladığı gündən ömrünün sonuna qədər müsbət təsir göstərir.

Son.az bildirir ki, AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, əgər balaca uşaqlar yatmazdan əvvəl valideynləri onlar üçün kitab oxuyursa, belə uşaqlar gecə daha rahat yatır, dərslərdə daha diqqətli olur və üstəlik, bu uşaqların öz valideynləri ilə emosional əlaqəsi möhkəmlənir. Dram dərnəklərində məşğələlər gənclərin qərar qəbul etmək və zorakılıqdan qorunmaq məsələlərinə daha məsul yanaşmalarına kömək edə bilər. Musiqi isə ahıl yaşda demensiyaya meyilli insanların koqnitiv funksiyalarını dəstəkləyə bilər. Araşdırmalar göstərir ki, mahnı oxumaq diqqəti yaxşılaşdırır, gündəlik həyatda fəaliyyət qabiliyyətini artırır.

Dünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru vəzifəsini icra edən Piroska Ostlin deyir: "Bəşəriyyət penisillin və ya genetika nə olduğunu biləndən çox-çox əvvəl insanlar musiqi və rəngkarlığı yaradıblar. Bizim öz ümid və qorxularımızı bildirmək ehtiyacımız, ətraf mühiti qavramağımız və bu barədə başqaları ilə bölüşmək tələbatımız aclıq və susuzluğun rəf edilməsi qədər zəruridir. Buna görə də təəccüblü deyil ki, incəsənət bizim sağlamlığımıza və salamatlığımıza müsbət təsir göstərə bilər".

İnsanlar özlərini incəsənətdə ifadə etməyə həmişə ehtiyac duyublar. Bu gün məlum olub ki, incəsənət həm də səmərəli "dərmandır".

İncəsənət profilaktik funksiyadan əlavə, bəzən dərman rolu oynayır və "klinik əhəmiyyətli nəticələr" verir. Piroska Ostlin deyir: "DST-nin bu inqilabi məruzəsində göstərilıən nümunələr sübut edir ki, incəsənət diabet, piylənmə və ruhi pozğunluq kimi "məkrli" və mürəkkəb problemlərinin həlli kömək edə bilər. Müəlliflər sağlamlıq və salamatlıq anlayışlarını daha geniş sosial kontekstdə araşdırır və indiyə qədər tibbi metodlarla həll edilməsi mümkün olmayan problemlərin aradan qaldırılmasına yeni yanaşmalar təklif edirlər".

Məsələn, musiqi və yaradıcılığın müxtəlif növləri xərçəng xəstəliyinin yanaşı effektlərini, o cümlədən yuxuculluq, iştahsızlıq, təngnəfəslik və ürəkbulanma kimi halları yüngülləşdirməyə kömək edir. İntensiv terapiya şöbəsinə düşmüş pasiyentlərin musiqi və əl işləri ilə məşğul olması onların təşviş və ağrı hissini yüngülləşdirir, arterial təzyiqini azaldır. Bir sıra ölkələrdə geniş yayılmış klounada isə həm xəstə uşaqların, həm də onların valideynlərinin əhvalını yaxşılaşdırmağa kömək edir. Çoxsaylı araşdırmalar göstərir ki, rəqslə məşğul olmaq Parkinson xəstəliyindən əziyyət çəkən pasiyentlərin hərəki fəallığını xeyli artırır.

(adsgarden = window.adsgarden || []).push({});