"dOM"da "İclas" oldu


Kriminal 12 Noy 2019 19:50:00 212 0

"dOM"da "İclas" oldu

Son.az Medeniyyet.infoya istinadən Samirə Behbudqızının yazısını təqdim edir.

"dOM" teatrı yeni səhnə təzahürünü təqdim etdi. Teatrın yaradıcısı və baş rejissoru Tərlan Rəsulov gənc nasir-dramaturq İsmayıl İmanın "Грязная маленькая тварь" adlı klassik üslubda qələmə aldığı pyesinə "İclas" adı altında və süjetdən fərqli yozumda interaktiv tamaşa kimi təqdim etdi. Süjetə görə, bir orta məktəbin gənc ingilis dili müəlliməsi (Dəniz Tacəddin) valideynlərin və müəllimlərin iştirakilə iclasın keçirilməsinin təşəbbüskarı kimi çıxış edir ki, şagirdlərdən biri Aysel Əmirovanı bullinq məngənəsindən çıxarmağın bir yolunu bulsunlar. Amma iclas boyunca məktəbin müəllim heyətinin arasında şəxsi və işgüzar zəmində olan ehtiraslar ən arzuolunmaz dərəcəyə çatır və təbii ki, belə bir vəziyyətdə onlar nə bir-birini, nə də zaldan səslənən fikirləri doğru-düzgün dinləyib dəyərləndirmək, nəticə çıxarıb məsələnin çözümünü tapmaq halında olmurlar; yalnız ötəri nəzakət xatirinə qulaq asırlar. Direktor (əməkdar artist Yaqut Paşayeva) ingilis dili müəlliməsini özü də boşanmış xanım olduğu üçün valideynləri boşanmış Aysel Əmirovanın tərəfkeşi olaraq çıxış etməkdə kimi bayağı məişət arqumenti ilə çıxış edib gənc müəllimənin məktəbdə təlim-tərbiyə və təhsil prosesinin dürüst qurulmamasının səbəbinin rəhbərliyin riyakar olması ilə izah edən cəsarətli çıxışlarının qarşısını almağa çalışır. Sonda Ayselin intiharı üstün tutması xəbəri gəlib çatır. Nə onu dünyaya gətirib böyüdən valideynləri, nə də ikinci valideyn sayılan müəllimləri həyata küskünlüyünün əlacını tapa bilmirlər.

Tamaşa sırf improvizə üzərində qurulub. Və hətta Aysel qiyabi iştirakçıdan əyani obraza çevrilib. Ən pisi isə pyesdə yeniyetmə qızın xilası baş versə də, tamaşa bədbin əhvala köklənib. Daha öncə adları qeyd olunan aktyorlardan başqa iştirakçı aktyorların hamısı - əməkdar artist Qasım Nağı, Ərtoğrul Kamalov, Leyla Babayeva, Əminə Məmmədova obrazlarının dəqiq cizgilərini tapıb tamaşaçıya tanıtmaqda gənclər çətinlik çəkmədilər, təcrübəli sənətkarlar isə barələrindəki təəssürata xilaf çıxmadılar.