Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub


Digərləri 12 Noy 2019 18:26:00 279 0

Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub

"Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası"nın (IATA) Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyinin direktoru Cankarlo Buononun başçılıq etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdə olmuşdur.

Son.az xəbər verir ki, səfərin məqsədi "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin (AZANS) və IATA-nın ICAO-nun tələblərinə cavab verən birgə layihəsi -  Azərbaycanın hava məkanında üçsəviyyəli uçuş təhlükəsizliyi idarəetmə sisteminin tətbiqinin başa çatdırılmasıdır. Müvafiq razılaşma cari ilin yayında "Azərbaycan Hava Yolları" və "Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası" arasında imzalanmışdır.

Son bir neçə ay ərzində IATA AZANS Hava Hərəkəti İdarəsinin uçuşların təhlükəsizliyi və risklərin idarə edilməsi sistemində, o cümlədən kadr hazırlığında yüksək standartların tətbiqi üzrə geniş işlər görmüşdür.

Səfər çərçivəsində qonaqlar AZAL Prezidenti Cahangir Əsgərov ilə görüşmüşdürlər.

"AZAL IATA-nın tamhüquqlu üzvü olub, bu beynəlxalq təşkilatla aviasiyanın bütün sahələrində və ilk növbədə sərnişin daşımalarının təhlükəsizliyinin təmin edilməsi sahəsində sıx əməkdaşlıq edir. Müasir texnologiyaların tətbiqi bu vacib məsələdə uğurun təməlidir", -  Cahangir Əsgərov bildirmişdir.

"Uçuşların təhlükəsizliyinin idarə edilməsi sisteminin tətbiqi ilə bağlı apardığımız birgə işlər Azərbaycan səmasını bütün aviaşirkətlər üçün təhlükəsiz edir. Biz AZANS-a sıx əməkdaşlıq üçün təşəkkür edirik", -  Cankarlo Buono bildirmişdir.

IATA nümayəndə heyətinin rəhbəri, həmçinin "Azərbaycan Hava Yolları"nın Hava Hərəkəti İdarəsinin sistemləri ilə pilotsuz uçuş aparatlarının idarə edilməsi sistemlərini birləşdirmək təşəbbüsünü dəstəkləmiş (ATM / UTM İnteqrasiyası) və bu məsələnin, xüsusilə, hava limanlarının ərazisində uçuşların təhlükəsizliyinin təmin edilməsində vacibliyini vurğulamışdır.