Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib


Digərləri 12 Noy 2019 18:28:27 221 0

Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib

Dövlət Gömrük Komitəsi (DGK) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında yaradılan Əməkdaşlıq Şurasının növbəti görüşü keçirilib.

Bakı. Dövlət Gömrük Komitəsi (DGK) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında yaradılan Əməkdaşlıq Şurasının növbəti görüşü keçirilib. DGK-dən Trend-ə verilən məlumata görə, görüşdə Komitə sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Baş İdarə rəisləri, ASK-nın vitse-prezidenti Vüqar Abbasov və konfederasiyada təmsil olunan assosiasiyaların rəhbərləri iştirak edib. DGK sədrinin birinci müavini İsmayıl Hüseynov görüşün hər iki tərəf üçün xüsusi önəm daşıdığını bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, o cümlədən gömrük sistemində həyata keçirilən innovativ islahatlardan bəhs edərək tətbiq edilən yeniliklərin sahibkarlıq mühitinin yaxşılaşdırılmasında mühüm rol oynadığını vurğulayıb. İsmayıl Hüseynov qeyd edib ki, “Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqi biznesin inkişafında, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsində, könüllü riayət mədəniyyətinin formalaşmasında, ölkənin ixrac potensialının artırılmasında, məmur-sahibkar münasibətlərinin müasir idarəçilik prinsiplərinə uyğun olaraq qurulmasında müstəsna rol oynayıb və yeni etibarlı tərəfdaşlar qazanmağımıza səbəb olub. Komitə sədrinin birinci müavini "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə hüququnun əldə edilməsi məqsədilə müraciətlərin artdığını, ümumilikdə 500-ə yaxın xarici ticarət iştirakçısına bu sistemdən daimi istifadə hüququnun verildiyini diqqətə çatdırıb. İsmayıl Hüseynov gömrük xidmətinin bir çox ilklərə imza atdığını, gömrük işinin daha müasir metodlarla tənzimlənməsi istiqamətində mütəmadi islahatların həyata keçirildiyini bildirib. Elektron gömrüx xidmətlərinin inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşən Komitə sədrinin birinci müavini hazırda xidmətlərin sayının artdığını, mobil gömrük xidmətləri, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi proseslərinin tam avtomatlaşdırılması, gömrük ödənişlərinin elektron formada həyata keçirilməsinin daha da təkmilləşdirilməsi istiqamətində müntəzəm işlərin aparıldığını vurğulayıb. Gömrük orqanları tərəfindən yaxın zamanlarda həyata keçiriləcək layihələrdən də bəhs edən İsmayıl Hüseynov bildirib ki, “Elektron növbə” sisteminin yaradılması gömrük sərhəd məntəqələrində sürətli keçidin təmin edilməsi, ticarət təchizatı zəncirinin daha əlverişli olması üçün əhəmiyyətlidir.