“Ətəyi dizindən iki qarış yuxarı olanları efirə yığıb söyüş söydürürlər”


Digərləri 12 Noy 2019 10:23:00 244 0

“Ətəyi dizindən iki qarış yuxarı olanları efirə yığıb söyüş söydürürlər”

Son.az Xalq şairi Vahid Əzizin oxu.az-a müsahibəsini təqdim edir:

- Gənc yazarların narazılıqlarını necə dəyərləndirirsiz?

- Haqlı tələblər var. Çünki kitabları çap olunmalıdır. Amma bu proses baş vermir. Bizim vaxtımızda kitablarımız çıxanda pul alırdıq. İndi isə gənc şairlər pul verib kitablarını çap etdirir. Bunun üçün həm Azərbaycan Yazıçılar Birliyi, həm də Mədəniyyət Nazirliyi məsələni qaldırmalıdır.

- Gənc yazarlar onlardan birinin sədr olmasını istəyir. Sizcə birliyin sədri olmaq üçün elə bir gənc var?

- Bu gün fövqəlada istedadlı bir gənc görmürəm ki, sədr olsun. Çünki təşkilatçılıq tamam başqa bir işdir. Birlik sanki bir nazirlikdir. İctimai təşkilat deyil.

Ümumiyyətlə, Azərbaycan Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı rəsmi dövlət nazirlikləridir. Çünki onlar dövlətin rəsmi büdcəsindən maaş alırlar.

Birliyin sədri həyat və digər məsələlərdə təcrübəli, yaşı minimum 60-dan az olmayan insan olmalıdır. Anar təcrübəsi olduğu üçün sədr seçilmişdi.

-  Xaricdə mahnılarımızın anonim şəklində oxunması hələ də davam edir. Həmin mahnıların bir çox qisminin də sözləri sizə məxsusdur. Günah kimdədir?

- Mahnıları kimlər ifa edir? Mədəniyyəti olmayanlar adları açıqlamır. Əgər bizim ifaçılar getdikləri xarici ölkələrdə adları açıqlamırsa, o insan müəllifə və Azərbaycan dilinə hörmətsizlik edir, öz vətəndaşlıq borcunu yerinə yetirə bilmir. Çünki səviyyəsi və savadı yoxdur. Yekə-yekə danışmaqla deyil. Niyə müəllifin adını çəkmirlər? Azərbaycanın tanıtmağın bir yolu da budur. Sonra da qonşu dövlətlərin bizim mahnıların öz adlarına çıxartdığını deyirik. Bacarana can qurban.

Konsertlərdə də ifaçılar mahnıları oxuyub gedir. Amma müəlliflər açıqlanmır. Bizdə bu mədəniyyət yoxdur. Anlaya bilmirlər ki, onlara xaricdən də baxanlar var.

Bu yaxınlarda "O səs Türkiyə"də Sevda Ələkbərzadənin mahnısı oxunsa da,  Azərbaycana məxsus olduğu deyilmədi. Niyə mahnıları oxuduqları halda adlar açıqlanmır? Bunun günahı Azərbaycan Müəllif Hüquqları Agnetliyindədir. Agentlik cərimə tətbiq etməlidir.

Eyni zamanda, televiziyalarda da günah var. Televiziyalar bu yöndə iş görmək əvəzinə müğənnidən 1500 manatı alıb onu efirə buraxır.