Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub (FOTO)


Digərləri 12 Noy 2019 09:45:00 242 0

Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub (FOTO)

Aparılan tikinti işləri 4 mindən artıq əhalinin gediş-gəlişini rahatlaşdırıb.

Bakı. Samir Əli - Ağstafa rayonunun Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolun yenidən qurulması yekunlaşıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun uzunluğu 9.3 km təşkil edir. Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torğaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmiş, asfalt-beton örtüklü hissələrdə çoxlu sayda çalalar yaranmışdı. Layihəyə uyğun olaraq yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülərək, kipləşdirilib. Yol boyu mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması, küvetlərin açılması tələb olunurdu. Məhz bu səbəbdən 132 paqon-metr olan 500 mm-lik və 42 paqon-metr uzunluğa malik 1000 mm diametrlik dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla tikintisi işləri aparılıb, avtoqreyderlə 6500 paqon-metr küvet hissələr açılıb. Tikinti norma və standartlarına uyğun olaraq, torpaq yatağının avtoqreyderlə profilə salınması, karxana çınqılı və optimal qum-qırmadaş qarışığından əsasın alt və üst layının tikintisi işləri görülüb. Bunun ardınca əlaqələndirici bitum səpilməklə yol örtüyünün iri və xırda dənəli olmaqla asfalt-beton qarışığı ilə salınması, çiyin hissələrin optimal qum-qırmadaş qarışığı ilə bərkidilməsi, 12 yol birləşməsinin təmiri işləri görülüb.