Müxalifətin sevgi nağılı: xalq onlara inanmasa da,


Siyasət 11 Noy 2019 10:00:00 292 0

Müxalifətin sevgi nağılı: xalq onlara inanmasa da,

Sosial şəbəkələrdə, xüsusilə də Facebook-da ən qatı və radikal müxalif resurslar təlaş, pərişanlıq və çaşqınlıq içindədir.

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan toyunu Şuşada edib. Azərbaycanın işğal olunmuş şəhərində, Şuşa qalasının divarları önündə gəlin Mane Minasyanla fotolar çəkdirən Qriqoryan sonradan şəkilləri sosial şəbəkələrdə də paylaşıb.

Toydakı qonaqlar arasında Ermənistanın baş naziri Nikol Paşinyan və ailəsi, habelə Dağlıq Qarabağdakı terrorçu rejimin rəhbərləri vardı.

Sosial şəbəkələrdəki radikal, aşkar müxalif mövqelər tutmuş səhifələr, qruplar və s. bu barədə bir kəlmə də yazmadılar.

Necə ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında qondarma "erməni soyqırımı" ilə bağlı 296 sayıl qətnamə səsə qoyulub qəbul ediləndən sonra özlərini Azərbaycan müxalifətinin liderləri adlandıranlardan bir kimsə (!) mövqeyini açıqlamadı, konqresmenlərin uydurma "soyqırım"ı tarixi fakt qismində tanımalarına etiraz etmədilər.

"Müxalifət liderləri"nin Facebook, İnstagram, Twitter profilində tam sükut idi.

Halbuki həmin şəxslər sürəkli olaraq "Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir!", "Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir!" və s. bu kimi şüarları sürəkli paylaşırlar.

Nədən susdular və ümumiyyətlə, müxalifətin radikal düşərgəsinin davranışlarındakı belə qəribəlik, hətta subnormallığın səbəbi nədir?

Sual maraqlı görünə bilər. Daha doğrusu, bilərdi, əgər bəhs etdiyim proses yeni, qəfil və ya gözlənilməz olsaydı.

Lakin artıq 17 ildir ki, ölkə müxalifətin, sanki, zaman döngəsində qalaraq hərəkət etmir, hər yeni gün tamamən ötən günə bənzəyir.

Məşhur "Groundhog Day" filmində olduğu kimi, hər gün eyni adamlar, eyni sözlər, eyni hadisələr - dəyişən, yeni heç nə yox.

"Milli Şura"nın funksioneri, sabiq deputat Gültəkin Hacıyevanın Facebook səhifəsinin adının dəyişdirilərək "Gültəkin Hacıyeva - Sevgi Nağılı" qoyulmasını nəzərə almasaq, dəyişən mikron belə, nəzərə dəymir.

Əvvəl G.Hacıyeva, sonra da onun "pir"i və lideri, AXCP-nin sədri Əli Kərimli az qala isterikaya qapılaraq bəyan etdilər ki, Facebook-dakı səhifəni hakimiyyətin trolları ələ keçiriblər, sonra başlayıblar səhifəni bəyənənləri bloka salmağa və s. Sonuc da budur ki, sən demə, bir zamanlar 200 mindən artıq Facebook istifadəçisinin bəyəndiyi səhifədə təqibçilərin sayı 75 min nəfərə düşüb.

Kərimli-Hacıyeva dueti bunu hakimiyyətin yeni "əməl"i kimi qələmə verirlər.

Və absurd düşüncələrini, istənilən hadisəni tam tərs və yalan interpretasiya edərək arzuladıqları formada təqdim etmək şakərlərini nümayiş etdirdilər.

Facebook sosial şəbəkəsinin qaydaları sürəkli dəyişir və sərtləşir. Dünyanın ən populyar sosial şəbəkəsinin rəhbəri Mark Zukebreq dəfələrlə bəyan edib ki, sərtləşmə saxta (feyk) məlumatların yayılmasının, sosial şəbəkənin imkanlarından totalitar və aldadıcığı təbliğat üçün istifadə edilməsinin, habelə saxta profillər hesabına şişirdilmiş statistika və yalan reytinqlərin əldə olunmasının qarşısının alınması ilə bağlıdır.

G.Hacıyeva lideri Ə.Kərimlinin addımlarının və siyasi müstəvidə olduğu kimi, sosial şəbəkələrdə də davranışını bütünlüklə təkrarlayır.

Hər şey olmayan nüfuzu və populyarlığını nümayiş etdirərək saxta reytinqi göstərmək, bununla da xalqın dəstəyini aldıqlarına elə bundan bixəbər xalqı əmin etmək məqsədi güdür.

Reallıq isə budur ki, AXCP sədri və "Milli Şura"nın faktiki rəhbəri Əli Kərimli faktiki məğlub vəziyyətdədir.

16 ildən bəri rəhbərlik etdiyii təşkilatı sürəkli zəiflədən, amirənəlik və voluntarizm taktikasını faktiki müstəbidliyə çevirən Əli Kərimli müxalifətin tək lideri olmaq istəyindədir.

Noyabrın 2-nə təyin olunmuş mitinqin, daha doğrusu qanunsuz aksiyanın təxirə salınması da məhz AXCP sədrinin istəklərindən, onun eqosentrizmindən doğan siyasi oyunbazlıq variantı idi.

Həmin gün Ə.Kərimlinin aldığı və icra etməli olduğu ssenariyə görə, Bakının mərkəzində, "28 May" metro stansiyasının qarşısındakı meydana tərəf yürüyəcək tərəfdarları yeni bir qanunsuz aksiya keçirməli, 19 oktyabrda yaşananları daha aktiv şəkildə təkrarlamalı idilər.

Səbəb? "Milli Şura", yəni AXCP mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib, aldığı cavab da aksiyanın keçirilməsi üçün Lökbatanın məsləhət bilinməsi olub. Ə.Kərimli də bu cavabı sərbəst toplaşmaq azadlığının pozulması və əslində, onun adi vətəndaş sayılması bilib.

O, 19 oktyabrdakı aksiyadan, özünün saxlanaraq polisə aparılmasından və sonra da buraxılmasından sosial şəbəkələrdə şoular düzəldilməsinə, bəlli beynəlxalq təşkilatların da ah-vay bəyanatlarının artmasına bel bağlayaraq hakimiyyətin "yumşalacağını", daha doğrusu təlaşa düşərək geri çəkiləcəyini və qaragüruhun şəhərin mərkəzinə buraxılacağını düşünürdü.

Yanıldı, çünki Azərbaycandakı hakimiyyəti xarici güclərin əlində marionetkaya çevrilmiş Livan, Suriya, İraq, Çiliyə bənzətdi.

Bakıda isə xalqın dəstəklədiyi, dövlətə xidmət edən komandadır hakimiyyətdə.

Bu səbəbdən də 2 noyabr aksiyasını təxirə saldılar.

Yenə də çox bəsit ssenari, cılız ssenari və ikrah doğuran gedişlər.

Zahirən belə oldu: "Milli Şura"nın rəhbəri Cəmil Həsənli Facebook səhifəsində bəyanat yayaraq mitinqin təxirə salınmasın təklif etdi, Ə.Kərimli də vəziyyətin konseptual təhlilindən sonra "xalqın etiraz səsinin daha gur olması və qüvvələrin zəifləməməsi üçün" aksiyanın təxirə salındığını bəyan etdi.

Əslində, hər şey fərqli idi.

Şəhərin mərkəzində qanunsuz aksiya keçirmək cəhdinin baş tutmayacağını dərk edən Ə.Kərimli ABŞ-da olan C.Həsənliyə Telegram messenceri vasitəsilə zəng vurub, ondan mitinqin, yəni aksiyanın təxirə salınması təklifi ilə çıxış etməsini istəyib. C.Həsənli, təbii ki, "rəis"in tələbini, daha doğrusu, əmrini yerinə yetirə bilməzdi.

Beləcə, "təklif" peyda olur, Ə.Kərimli də "ağsaqqal"ın və "hörmətli professor"un sözünü yerə salmayaraq aksiyanı təxirə salır.

Əsas səbəb "Milli Şura" və AXCP-nin aksiyalara bəyan etdikləri qədər tərəfdar çıxara bilməməsidir. Statistika bəydadaşların tam əksinədir.

Tamam, fərz edək ki, Ə.Kərimli xislətinə zidd olaraq həqiqəti deyib və yazıb.

Hakimiyyət aksiyanın baş tutmaması üçün əlindən gələni edib, şəhərin mərkəzini polislər üzük qaşı kimi mühasirəyə alıblar və s. Nəticə? Cəmi 400-450 nəfər aksiyaya toplaşmışdı.

Halbuki Ə.Kərimli 19 oktyabrdan həftələrlə əvvəl vəcdə gələrək sosial şəbəkələrdə, xüsusilə də çoxsaylı "müstəqil bloqer"lərin və "jurnalist"lərin YouTube kanallarındakı müsahibələrində özünə əl qataraq deyirdi ki, bəs aksiyaya on minlər qatılacaq, ən azı 60-70 min şəhərin mərkəzinə axışacaq.

Nə oldu? Heç nə, həmişəkindən. Ə.Kərimlinin ifrata varması, öz illüziyalarını reallıq sanması və kütləyə də özünü "lider" kimi təqdim etməsi sabun köpüyü kimi şişirtmədir.

Ə.Kərimlinin siyasi potensialının səviyyəsini anlamaq əsla çətin deyil.

Onun Facebook səhifəsinin yüz minlərlə təqibçisi var, amma AXCP sədrinin paylaşdığı statusları və paylaşımları maksimum 3-4 min nəfər bəyənir.

Həmin bəyənmələrin də total əksəriyyəti saxta profillərdir: Ə.Kərimlinin ətrafındakıların sıravi cəbhəçilərə verdikləri göstərişlərə görə, sıravilərin hər biri Facebook-da bir neçə saxta profil yaratmalıdır ki, Ə.Kərimli nə yazırsa-yazsın, bəyənsinlər, sonra da şərhlərini əlavə etsinlər. Trollar vasitəsilə şişirtmə və irreal reytinq sahibi olduğunu düşünən Ə.Kərimlinin paylaşımlarına gələn şərhlərə baxdıqda, cümlə quruluşu, söz ehtiyatı, yazı tərzi və s. nəsnələrə görə bir adamın minimum 4 profildən giriş etdiyini sezmək asandır.

Eyni vəziyyət radikal müxalifətin bütün "liderləri"nin səhifələrində və profillərində müşahidə olunur.

Siyasi mübarizəni virtual müxalifətçiliyə çevirən, real siyasətdə uduzmuş obyektlərə çevrilən bu adamlar nə tərəfdarlarının təxmini də olsa, sayını bilmirlər, nə də onları dəstəkləyən adamaların sosial məzmunlarından xəbərləri yoxdur.

Tipik və bariz nümunə YouTube kanallarında müsahibələr, canlı yayımlar zamanı vəcdə gələn, kükrəyən, sözlərdəki saitləri uzadaraq deyən və mənzilindəki kiçik otağında şou-burleks düzəldən Ə.Kərimlinin fəaliyyətidir.

O, sürəkli olaraq "Milli Şura" adlı fantasmoqorik strukturdan bəhs edir. Sən demə, bu tağımın Koordinasiya Şurası da varmış. Gerçəksə odur ki, adını çəkdiyim fantom yalnız virtuallıqdadır, sosial şəbəkələrdədir - reallıqda olan Cəmil Həsənli, Gültəkin Hacıyeva, Tofiq Yaqublu və Vidadi Mirkamal kvartetidir.

Əli Kərimli istinad etdiyi strukturu məhz bu adamların siyasi varlıqlarını təmin etmək, bir də müxalifət düşərgəsində yeni birləşmə və uniyalar yaranarsa, siyasi alver məqsədilə ehtiyat variant qismində saxlayır.

İndiyədək Əli Kərimliyə aşkar rəğbətini gizlətməyən, Facebook-da populyar olan səhifələrdən biri sorğu keçirib. Sonuc müxalifətçiləri pərişan edib.

Sən demə, sorğuya qatılanların 69 faizi Ə.Kərimliyə və ümumiyyətlə, müxalifətə inanmırlar.

Ə.Kərimli və Gültəkin Hacıyeva müxalifətin xalqa sevgi nağılından, Cəmil Həsənli və Tofiq Yaqublu sonadək mübarizədən, Vidadi Mirkamalsa qalmaqala səbəb olmuş səs yazışmasındakı Gülzar Vəliyevanı tanımadığını deyə bilərlər.

İstədikləri qədər.

Amma xalq onlara inanmır ki.

İnanan da deyil.

Elçin Alıoğlu Son.az