İnstitut direktoru: Təəssüf ki, bütün həkimlər təzyiqi bu qayda ilə ölçmürlər...


Digərləri 11 Noy 2019 08:06:00 286 0

İnstitut direktoru: Təəssüf ki, bütün həkimlər təzyiqi bu qayda ilə ölçmürlər...

Azərbaycanda insanlar ürək-damar xəstəliklərində baş verə biləcək ağırlaşmaları əvvəlcədən müəyyən etməyə imkan verən tibbi müayinələrə maraq göstərmirlər.

Son.az bildirir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Akademik C.M Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, tibb elmlər doktoru Gülnaz Dadaşova deyib.

Onun sözlərinə görə, əslində, mərkəzi aortal təzyiqi düzgün ölçməklə bu ağırlaşmaların baş verə biləcəyini əvvəlcədən proqnozlaşdırmaq olar. Bununla sonda ölümə səbəb olan həmin ağırlaşmaların qarşısını da vaxtında almaq mümkündür.

G.Dadaşova qeyd edib ki, ürək-damar xəstələrində aparılan medikamentoz müalicənin nə qədər effektli olduğunu, təzyiqin hansı formada nəzarətdə saxlanıldığını bilmək çox vacibdir. Lakin təəssüf ki, bu baxımdan mərkəzi aortal təzyiqə nəzarəti hər zaman həyata keçirmək mümkün olmur.

İnstitut direktoru əlavə edib ki, normal halda insanlar özlərinin arterial təzyiqlərini ölçürlər və bu ölçmə onların biləyində və ya bazu hissəsində aparılır:

"Təzyiqin ölçülməsi üçün fərqli aparatlardan istifadə edilir. Biləkdən və bazudan qoyulmaqla ölçülən aparatlar arasında fərqlər və müəyyən xətalar ortaya çıxır. Elektron aparatlarla xəstənin təzyiqinin müəyyən fasilələrlə 3 dəfə ölçülməsi, ondan sonra orta göstəricinin müəyyən edilməsi məsləhət görülür. Təzyiq köhnə qayda ilə (aparat dirsəyə bağlanmaqla) ölçüldükdə üçlü kontrol aparılmalıdır. Köhnə aparatlardan istifadə zamanı həm barmaq (təzyiq ölçülən yalnız iki orta barmağı nəbz üzərinə qoymaq olar) nəbzin üzərinə qoyularaq, nəbz döyüntülərinə nəzarət edilməli, həm qulaqla döyüntülərə qulaq asılmalı, həm də gözlə aparat üzərindəki göstəricilər izlənilməlidir. Əgər bu qayda ilə təzyiq ölçülərsə, onda təzyiqin müəyyən edilməsində xəta ehtimalı sıfıra bərabər olur. Ancaq təəssüf ki, bütün həkimlər təzyiqi bu qayda ilə ölçmürlər və üçlü kontrol həyata keçirmirlər".