Balıq yağı həqiqətən faydalıdırmı? BUNLARA DİQQƏT EDİN


Digərləri 10 Noy 2019 21:40:00 312 0

Balıq yağı həqiqətən faydalıdırmı?  BUNLARA DİQQƏT EDİN

Son zamanlar insanlar arasında balıq yağı qəbul etmək bir növ dəb halını alıb. Bu səbəbdən də balıq yağı reklamları da televiziya ekranlarından əskik olmur. Hətta iş o yerə çatıb ki, artıq onu balıq dadı verməyən balıq yağı kimi təqdim edir və uşaqlara çox müsbət təsirinin olacağını israrla bildirirlər. Bəs görəsən balıq yağının orqanizm üçün faydaları hansılardır? Satışda olan bütün balıq yağları eyni müsbət təsiri göstərirmi? Balıq yağının istifadə qaydası necə olmalıdır və daha çox kimlərə məsləhət görülür? Balıq yağı alarkən hansı xüsusiyyətlərə diqqət etmək lazımdır ki, gözlədiyimiz effekti ala bilək?

Son.az xəbər verir ki, bununla bağlı tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva bildirir ki, balıq yağı insan bədəninin öz-özünə istehsal etməyib, kənardan qidalarla alması lazım olan əhəmiyyətli iki əsas yağ turşusu EPA və DHA-nın (omeqa-3) ən əhəmiyyətli qaynağıdır. Həmçinin, balıq yağının tərkibində A və D vitaminləri də vardır: "Balıq yağı istifadəsi son illərdə gedərək artır. Balıq yağı konsistensiyasına görə durudur, lakin bu yağın mənşəyi heyvanidir. Heyvani yağların əsas kütləsi - bərk yağlardır, hansı ki tərkibində çox miqdarda doymuş yağlar saxlayır. Balıq yağı durudur, deməli, onun tərkibində çoxlu miqdarda doymamış yağ turşuları vardır, bitki yağlarındakı kimi".

Omeqa-3 hər gün orqanizmə daxil olmalıdır

Həkim bildirir ki, balıq yağı digər yağlar kimi 2 hissədən ibarətdir - yağ turşularından və qatışıqlardan. Balıq yağının tərkibində çox miqdarda Omeqa-3 yağ turşuları və Omeqa-6 yağlar vardır: "Omeqa-3 və Omeqa-6 yağlar - əvəzedilməz yağlardır və orqanizmə hər gün daxil olmalıdır, çünki orqanizm onları sintez edə bilmir. Bütün bu yağlar balıq yağında var. Omeqa-6 xüsusi əhəmiyyətə malik deyil, onu digər bitki tərkibli yağlardan almaq olur. Amma Omeqa-3 (EPA və DHA yağ turşuları) bitki yağlarından almaq mümkün deyil".

Balıq yağı alarkən bunlara diqqət edin

Mütəxəssis xəbərdarlıq edir ki, EPA və DHA yağ turşuları - balıq yağı aldıqda əsas diqqət edəcəyimiz nüansdır: "EPA və DHA-nın yüksək konsentrasiyası beynin boz maddəsində və gözün torlu qişasında olmasını nəzərə alaraq, onların hər gün qəbul edilməsi mütləqdir. Beynin boz maddəsinin təxminən 3%-də vardır - bu, çoxdur, təbii ki. Ana EPA və DHA-nı südlə bəsləmə və övladının böyüməsi dövründə də uşağına istifadə etməlidir. EPA depressiyanı müalicə edir, çox miqdarda serotonin sintez edilməsinə şərait yaradır, ağır və intensiv iş zamanı kömək edir. Omeqa-3 doymamış yağ turşuları orqanizmdə böyük əhəmiyyətə malikdir. Onlar hüceyrələrin fosfolipid membranının əsas struktur komponentidir. Məhz Omeqa-3 hüceyrə membranının əsas funksiyalarını təmin edir, onun axıcılığını, elastikliyini və uyuşqanlığını".

Həmin balıq yağını almayın

Balıq yağını necə düzgün seçməli sualını cavablandıran Y.Abdiyeva məlumat verir ki, burada müəyyən məqamlara diqqət etmək lazımdır.

1. Treska balığının qaraciyərindən alınmış balıq yağını seçmək düzgün deyil. Belə ki, qaraciyər özündə toksiki maddələr, müxtəlif qarışıqlar və ağır metal duzları saxlayır. Balıq ətindən alınmış balıq yağına üstünlük vermək lazımdır.

2. Rafinə olunmuş balıq yağı seçmək lazımdır. Bu o deməkdir ki, balıq yağı yüksək dərəcədə təmizlənmiş olmalıdır, onun tərkibində toksiki maddələr, müxtəlif qatışıqlar olmamalıdır, düzdür, onda vitaminlər və minerallar da olmayacaq, amma bu maddələr digər mənbələrdən də əldə etmək olar.

3. Balıq yağının tərkibində ən dəyərli və ən əsas - EPA və DHA yağ turşularıdır. Məhsulu seçdikdə buna diqqət etmək lazımdır. Aşağı keyfiyyətli kapsullarda 15-20% yağ turşularıdır, yaxşı məhsulun tərkibində isə 60% və daha yuxarı olur. Balıq yağının tərkibində linolen turşusu da vardır, amma bu, əsas deyil, belə ki, onu bitki yağlarından da almaq olur, amma EPA və DHA-nı yox.

4. Balıq yağını seçdikdə qiymətli balıq növlərindən alınana üstünlük vermək lazımdır. Balıq növü qiymətli olduqca balıq yağı daha bahalı olur və onun tərkibində EPA və DHA daha çox miqdardadır.

5. Balıq yağını duru formada qəbul etmək daha məsləhətlidir, çünki əgər balıq yağı xarab olmuşsa və saxlanma texnologiyasında pozulma baş veribsə, hiss etmək olur. Digər tərəfdən isə balıq yağını duru halda almaq o qədər də yaxşı deyil, belə ki, istifadəsi qənaətbəxş olmur (xoşagəlməz dad), kapsul qəbul etdikdə bu dad hiss olunmur, üzəri jelatinlə örtülü olur.

Həkim deyir ki, balıq yağı ilə əlaqədar çox sayda araşdırmalar aparılıb və onun inanılmaz faydaları aşkar edilib: "Ürək xəstəliklərindən depressiyaya qədər bir çox xəstəlikdə balıq yağı öz təsirini göstərir. Balıq yağı növləri 2 şəkildədir. Fish body oil: Balığın gövdəsindən əldə edilən balıq yağı. Cod liver oil: Balığın qaraciyərindən əldə edilən balıq yağı. Hər ikisində də Omeqa-3 var. Cod liver oil A və D vitamini baxımından da zəngindir. Omeqa-3 yağ turşusunun beynin yaşlanma müddətini azaldıcı təsirinin olduğu və Alzheymerə qarşı qoruyucu xüsusiyyət daşıdığı müəyyən edilib. Orqanizmdə lazımi qədər Omeqa-3 yoxdursa, depressiya və bir çox başqa psixoloji narahatlıqlara səbəb ola bilər. Omeqa-3 uşaqlarda zehni inkişafa müsbət təsir edir və gücləndirir. Yaşlılıqda görülən göz zəifliyini aradan qaldırır. Omeqa-3 xərçəngə qarşı da qoruyucu və önləyici xüsusiyyətlərə malikdir. Balıq yağı revmatizmdə olan oynaq şişkinliyi və ağrıları da yüngülləşdirir".

(adsgarden = window.adsgarden || []).push({});