Yaşadığı ünvandan 538 kilometr uzaqda dərs deyən gənc müəllim REPORTAJ VİDEO FOTO


Digərləri 10 Noy 2019 07:55:00 307 0

Yaşadığı ünvandan 538 kilometr uzaqda dərs deyən gənc müəllim  REPORTAJ  VİDEO  FOTO

Müəllimlik peşəsini seçən gənc müəllimlərin sayı ilbəil artmaqdadır. Bu müəllimlər arasında işə qəbul imtahanlarında yüksək nəticə qazanaraq şəhər mərkəzlərinə deyil, ucqar kəndlərdə işləməyə üz tutanların da sayı çoxdur. Qəbələ rayonundan Astaraya işləməyə gələn gənc müəllim Nübar Qəribli kimi.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Astaranın 240 yerlik Pəlikeş kənd tam orta məktəbi rayon mərkəzindən 45 kilometr məsafədə yerləşir. 2009-cu ildə əsaslı təmirdən sonra istifadəyə verilən məktəbdə 512 şagirdin təlim-tərbiyəsi ilə 43 müəllim məşğul olur. Bu müəllimlərdən biri də bu ilin sentyabrında müəllimlərin işə qəbulu üzrə müsabiqədən 51 bal toplayaraq Astara rayonunun Pəlikeş kənd tam orta məktəbinə işləməyə gələn Qəribli Nübar Tehran qızıdır.

Qəbələ rayonunun Nic qəsəbə sakini olan Nübar Qəriblinin 24 yaşı var. O, ucqar dağ kəndində şagirdlərə dərs deməkdən zövq alır: "Bu il MİQ imtahanında iştirak edərək Pəlikeş kəndinə təyinat aldım və burada pedaqoji fəaliyyətə başladım Baxmayaraq ki, ucqar dağ kəndidir, yaşadığım rayondan 538 kilometr uzaqda yerləşir, bu, mənim işimə heç bir maneə törətmir, işimi çox sevirəm. Buna səbəb şagirdlərin mənə olan sevgisidir".

Artıq üçüncü aydır Pəlikeş kənd tam orta məktəbində çalışan gənc müəllim tez bir zamanda şagirdlərinin də sevimlisinə çevrilib.

Nübar Qəribli deyir ki, bu gün azad, müstəqil dövlətimiz üçün sağlam nəsil yetişdirmək, onlar tərəfindən sevilmək bu peşəyə marağını və sevgisini daha da artırır. Müəllim şagirdlərin yaxın dostu, onların bu günü və gələcəyi üçün narahat olan, yol göstərən və bələdçidir. Bu keyfiyyətləri gələcəyimiz olan şagirdlərə aşılamaq üçün o da müəllimlik sənətini seçib.

Kənd məktəblərinə təyinat alan gənc müəllimlərə dövlət tərəfindən edilən güzəştlər və diqqət həmkarları kimi Nübarı da çox sevindirib: "Mən xüsusi ilə dövlətimizə təşəkkür edirəm. Təhsil Nazirliyi tərəfindən gənc müəllimlərə bir çox imtiyaz verilir, maddi vəsait ayrılır ki, ucqar dağ kəndlərinə gəlib həvəslə işləyək. Mən də bu imtiyazlardan yararlanıram. Bu, bizim həm də müəllim peşəsinə olan sevgimizi daha da möhkəmləndirir".