Əsərləri anlaşılmadı, özü isə dueldə öldürüldü


Dünya 09 Noy 2019 17:54:00 300 0

Əsərləri anlaşılmadı, özü isə dueldə öldürüldü

Ölümündən 77 il sonra Fransa Elmlər Akademiyasının katibi onun haqda deyəcəkdi: "Yanlış anlaşıldığı, akademiyadan qovulduğu üçün fəxarət yerimiz olan Qaluanın dühasından üzr istəyirik".

Şübhəsiz ki, riyaziyyat tarixində Evarist Qalua qədər dramatik həyat yaşamış çox az elm adamı var. Çəkinmədən siyasət meydanında respublikaçıların sırasında yerini alan Qalua təkcə inqilabçı kimi yox, riyaziyyat dünyasını silkələyən kəşfləri ilə də bir dahidir.

Son.az Teleqraf.com-a istinadən fransız riyaziyyatçı Evarist Qalua haqda yazını təqdim edir.

Evarist Qalua 1811-ci ildə Nikolas-Qabriel Qalua və Adelayda-Mariya cütlüyünün ailəsində doğulub. Atası qəsəbədə Liberal Partiyanın üzvü olan bir respublikaçı idi. 1814-cü ildə qəsəbənin bələdiyyə sədri seçildi. 1829-cu ildə isə qəsəbənin rahibi ilə şiddətli siyasi çəkişmədən sonra Qaluanın atası intihar edərək həyatına son qoydu.

Hüquqşünasın qızı olan anası latın və klassik ədəbiyyat oxucusu idi. Oğlunun ilk on illik təhsilini özü verdi.

Müəllimlərə atılan silgi

Qalua on dörd yaşında olanda riyaziyyata ciddi maraq göstərməyə başladı. Hələ on beş yaşında olarkən Jozef Lui Laqrancın tənliklərin cəbri həlli üzərindəki düşüncələri kimi onu tənliklər nəzəriyyəsinə yönəldəcək kitabları oxuyurdu.

Riyaziyyatdan başqa digər dərslərinə ciddi yanaşmaması səbəbindən məktəbdə müvəffəqiyyət qazana bilmirdi. Qalua 1828-ci ildə hazırlıqsız o dönəmdə Fransanın ən məşhur ali məktəbi olan Politexnik İnstitutunun imtahanlarında özünü yoxladı, izah səbəbindən uğursuzluqla üzləşdi. Amma həmin il başqa bir riyaziyyat institutuna (Ecole Normale) daxil oldu.

1829-cu ildə atasının intiharından bir neçə gün sonra Qalua Politexnik İnstitutuna girmək üçün bəxtini növbəti dəfə sınasa da, bu baş tutmadı. Qalua məsələləri geniş açıqlama vermədən izah edirdi, bu da müəllimlərin düşüncələrinin qarışmasına səbəb olurdu.

Bundan qəzəblənən Qalua imtahan komissiyasının üzvləri ilə mübahisə edirdi. İmtahanlardan birində müəllimlərə silgi atmışdı.

Paris yenidən barrikadaların arxasında

1830-cu il Fransada inqilab küləklərinin yenidən əsdiyi bir dövr idi. 1824-cü ildə XVIII Luisin ölümündən sonra hakimiyyətə gələn X Çarlz böyük qardaşının aristokratiya və sərmayədar sinif arasındakı tarazlıq siyasətindən imtina edərək aristokratiya və kilsəni gücləndirən xətt götürmüşdü. Bu siyasi addımlar xalqın kəskin reaksiyası ilə qarşılandı və X Çarlzın 1830-cu ildə parlamenti dağıtması səbir kasasını daşıran son damla oldu - Parisdə yenidən inqilab barrikadaları qurulmuşdu.

Gənc riyaziyyatçı həmin dövrdə inqilabçı Xalqın Dostları dəstəsinə və Milli Topçular Alayına qoşuldu. Həmin dönəmdə riyaziyyat fəaliyyətini davam etdirən Qalua bundan əvvəl rədd edilən iki yazısından sonra axırıncı dəfə "Kökləri olan tənliklərin həll olunma şərtləri haqqında" başlıqlı elmi məqaləsini Fransa Elmlər Akademiyasına təqdim etdi.

(adsgarden = window.adsgarden || []).push({});