Nazir: Azərbaycan bölgədə və ondan kənarda müxtəlif iqtisadi əməkdaşlıq səylərinə hər zaman dəstək verir (FOTO)


Digərləri 09 Noy 2019 17:13:00 265 0

Nazir: Azərbaycan bölgədə və ondan kənarda müxtəlif iqtisadi əməkdaşlıq səylərinə hər zaman dəstək verir (FOTO)

Azərbaycan İƏT-i regional əməkdaşlığın vacib platformalarından biri hesab edir.

Bakı. Azərbaycan İƏT-i regional əməkdaşlığın vacib platformalarından biri hesab edir. Biz, şübhəsiz ki, iqtisadi və ticarət əlaqələrinin daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. Biz bunu siyasi cəhətdən edirik, çünki bu, bizim siyasi iradəmizdir. Trend-in məlumatına görə, Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib. E.Məmmədyarov bildirib: "Regional və bölgələrarası təşəbbüslərdə fəal iştirak etməklə, Azərbaycan bölgədə və ondan kənarda müxtəlif iqtisadi əməkdaşlıq səylərinə hər zaman dəstək verir. Bu xüsusda, ölkəmizin İƏT çərçivəsində əməkdaşlıq fəaliyyətinə və bölgədə ticarət və əməkdaşlığın inkişafına verdiyi önəmi vurğulamaq istərdim. Dənizə çıxışı olmayan ölkə olaraq, Azərbaycan nəqliyyat xidmətlərini iqtisadiyyatımızın əsas müqayisəli üstünlüklərindən birinə çevirərək tranzit və ticarət potensialımızı yerinə yetirməyə çalışır. Bunu nəzərə alaraq, Azərbaycan Trans-Avropa və Trans-Asiya dəmiryol şəbəkələrinin qarşılıqlı əlaqəsinə xidmət edəcək öz nəqliyyat infrastrukturunu şaxələndirir və modernləşdirir. Artıq Çin və Avropadan bir neçə logistika şirkətinin diqqətini cəlb edən Bakı-Tbilisi-Qars strateji magistral dəmir yolu, Yeni Beynəlxalq Dəniz Ticarət Limanı, sərmayəçilər üçün əlverişli olan azad iqtisadi zonanın iddialı konsepsiyası ilə birlikdə, Çinin rəhbərlik etdiyi Bir Kəmər, Bir Yol Təşəbbüsü üçün orta dəhliz qismində Transxəzər Şərq-Qərb beynəlxalq nəqliyyat marşrutu, Əfqanıstanın potensialını açmaq üçün Lapis Lazuli ticarət yolu, həmçinin Şimal-Cənub və Cənub-Qərb ticarət dəhlizləri bütün İƏT regionunun tranzit potensialının artırılmasına yönəlmiş əsas infrastruktur layihələridir. Yalnız bu marşrutların xəritəsinə baxsanız bölgəmizdəki ticarət arteriyaları və damarları ilə bir-birinə bağlı olan şəbəkəni görə bilərsiniz. Bu, ticarətin asanlaşdırılması üzrə canlı ambisiyamızdır. İƏT bölgəsində böyük potensiala malik digər bir sahə də informasiya-kommunikasiya texnologiyaları sahəsidir. Azərbaycan Qazaxıstan və Türkmənistan ilə, ölkələrimizin adlarını Avrasiyanın İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) xəritəsinə salmaq üçün genişzolaqlı şəbəkə qurmaq məqsədilə Transxəzər fiber-optik kabel bağlantısının həyata keçirilməsində əməkdaşlıq edir. Bununla, rəqəmsal fərqin aradan qaldırılmasına yönələn BMT-nin təşəbbüslərinə töhfə verməyə davam edəcəyik. Bu həm də İƏT bölgəsində ticarətin rəqəmsallaşdırılmasına kömək edəcək. İƏT çərçivəsində həyata keçirilə biləcək mümkün birgə layihələrdən biri də ticarətin rəqəmsallaşdırılmasıdır. Bu daha çox ticarət həcmini cəlb edə bilər. Bu cür elektron ticarət platformalarını bölgədəki tərəfdaşlarımızla birlikdə təşviq edə bilərik. Beləliklə, bəlkə də həqiqətən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ilə əməkdaşlıq formatımızda ola biləcək imkanlara daha dərindən baxmalıyıq. Kənd təsərrüfatı sahəsində Azərbaycan və digər İƏT üzv dövlətləri əhəmiyyətli irəliləyiş əldə etdilər. Bununla belə, hesab edirəm ki, bu sahədə əməkdaşlığı daha da artırmaq lazımdır. Bunu nəzərə alaraq, Azərbaycan bu il 3-4 dekabr tarixlərində İƏT Kənd Təsərrüfatı Nazirlərin 6-cı görüşünün keçirilməsini təklif etdi. Bakıda keçiriləcək bu mühüm tədbirdə ölkələrinizdən yüksək səviyyəli nümayəndə heyətlərini görməyi gözləyirik.