Kamran İmanov “Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik” mövzusunda seminarda çıxış edib (FOTO)


Digərləri 09 Noy 2019 16:12:00 226 0

Kamran İmanov “Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik” mövzusunda seminarda çıxış edib (FOTO)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin və “Microsoft” şirkətinin birgə təşkilatçılığı ilə “Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik” mövzusunda seminar keçirilib.

Bakı. Noyabrın 7-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin və “Microsoft” şirkətinin birgə təşkilatçılığı ilə “Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik” mövzusunda seminar keçirilib. Trend-in məlumatına görə, tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov geniş məruzə ilə çıxış edib. Ölkəmizin “Doing Business-2019” reytinqinə görə 190 ölkə arasında 25-ci yerdə olduğunu, o cümlədən “biznesin başlaması”na görə 9-cu, “kiçik investorların maraqlarının qorunması”na görə isə 2-ci yerdə qərarlaşdığını qeyd edən K.İmanov yeni dərc olunmuş “Doing Business - 2020” hesabatında Azərbaycanın islahatçı 20 ölkə sırasına daxil edildiyini bildirib. O, Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi – 2019” hesabatında Azərbaycanın 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutduğunu və 12 indikatordan 8-i üzrə irəlilədiyini vurğulayıb, bu cür kardinal dəyişikliklərin əqli mülkiyyətin qorunmasında da öz əksini tapdığını, Azərbaycan həmin hesabatın “Əqli mülkiyyətin qorunması” göstəricisinə görə 141 ölkə arasında 30-cu yerdə qərarlaşdığını xüsusi olaraq diqqətə çatdırıb. Agentliyin sədri qeyd edib ki, bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan islahatların davamlılığına verilən beynəlxalq dəyərdir, bir tərəfdən dövlət başçımızın iqtisadi strategiyasının doğru yolda olmasıdır, digər tərəfdən institusional islahatların həyata keçirilməsinin nəticəsidir. Əqli mülkiyyət sahəsi həyata keçirilən islahatların innovasiyalı əsasları ilə dəqiq rezonans yaradaraq, bunların nəticəsində əhəmiyyətli, institusional və funksional dəyişikliklərlə müşahidə olunur. Məhz buna görə əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə həyata keçirilən iqtisadi islahatlara xidmət edir. Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə dövlət başçısı iqtisadi artımın təmin edilməsini müsbət hal kimi qeyd edərək, qarşımızda vacib məsələ qoyub. “Əlbəttə biz istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik”.