“İçərişəhər” stansiyasında tanqo şousu (FOTO)


Digərləri 08 Noy 2019 20:15:00 243 0

“İçərişəhər” stansiyasında tanqo şousu (FOTO)

Sərnişinlərə peşə bayramı sürprizi

Bakı. “Bakı Metropoliteni” QSC-nin təşkil etdiyi müxtəlif sosialyönümlü layihələr həmişə sərnişinlərin marağına səbəb olub. QSC-dən Trend-ə verilən məlumata görə, noyabr ayının 8-də saat 17:00-da “İçərişəhər” stansiyasında təşkil edilən tədbir şəhər sakinləri və qonaqlarına əyləncəli dəqiqələr yaşadıb. Tədbirin əvvəlində Argentina Respublikasının Azərbaycandakı səfiri Serxio Osvaldo Peres Qunelya, xidmət şöbəsinin rəisi Lalə Babayeva və “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov iştirakçıları və qonaqları salamlayaraq, onlara xoş istirahətlər arzulayıblar. Səfir Qunelya Bakı metropoliteni tərəfindən keçirilən bu tədbirin iki ölkə arasında mədəni, sosial əlaqələrin möhkəmləndirilməsi və inkişafı, həmçinin ecazkar tanqo rəqsinin təbliği baxımından çox əhəmiyyətli bir sosialyönümlü layihə olduğunu bidirib. O, Argentinadan gələcək ulduz rəqs ustalarının iştirakı ilə Bakıda böyük tanqo festivalı ərəfəsində bu tədbirin metro stansiyasında keçirilməsinə yaratdığı şəraitə görə Səhmdar Cəmiyyətin rəhbərliyinə dərin minnətdarlığını bildirib. Lalə Babayeva tanqonun Azərbaycanda sevildiyini qeyd edərək, Bakı metropolitenində təşkil edilən sosial yönümlü tədbirlər sırasında bu layihənin də xüsusi yer tutacağını qeyd edib. Bəxtiyar Məmmədov Bakı metropoliteni işçilərinin peşə bayramı günündə belə bir təşəbbüslə çıxış edərək, sərnişinlərə ecazkar tanqo sədaları və rəqqasların iştirakı ilə musiqili anlar bəxş etdiyi üçün Argentinanın Azərbaycandakı səfirliyinə təşəkkürünü ifadə edib. O qeyd edib ki, son bir ildə “United Cultures” təşkilatının dəstəyi ilə keçirilən bu sosial yönümlü aksiyalar dünyada xalqların, mədəniyyətlərin inteqrasiyasına bir töhfədir. Xüsusən peşəkar tanqo ifaçılarının həvəskarlara verəcəyi tövsiyələr də izsiz ötüşməyəcək. (adsgarden = window.adsgarden || []).push({}); Qeyd edək ki, noyabrın 29-dan dekabrın 1-dək Bakı şəhərində Argentinanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq və “United Cultures” təşkilatının dəstəyi ilə keçiriləcək III Bakı Tanqo Festivalı çərçivəsində metro stansiyada keçirilən tanqo şousu tamaşaçıların böyük marağına səbəb olub. Şounun gedişində Azərbaycanın peşəkar tanqo ifaçıları tanqoyla yaxından maraqlanan sərnişin və tamaşaçılar üçün master klasslar da təşkil edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin