İraq xaosu: geosiyasi mübarizənin daha riskli mərhələsi


Siyasət 08 Noy 2019 18:09:00 286 0

İraq xaosu: geosiyasi mübarizənin daha riskli mərhələsi

Son.az newtimes.az-ın yazısını təqdim edir:

Yaxın Şərqdə gərginlik azalmaq bilmir. Bir ölkədə problemlər həll edilməmiş, münaqişələr aradan qalxmamış, digərində yeni ixtilaflar meydana gəlir. Suriya məsələsində ciddi irəliləyiş olmadığı halda, İraqda ara qarışmağa başlayıb. İndi bu ölkənin şəhərlərinin küçələrində sosial tələblərlə çıxış edən, lakin siyasi xarakterli iddialar irəli sürən etirazçı kütlə vardır. Artıq yüzlərlə insan həyatını itirib və bu rəqəm hər gün artır. Nümayişçilər İrana bağlı İraq hökumətinin dəyişməsini tələb edirlər. Bundan nəticə çıxaran ekspertlər ümumilikdə geosiyasi aspektdə antiiran prosesindən bəhs edir, eyni zamanda, İraqdakı şiələr arasında nifaq salındığını ifadə edirlər. Bu iki məqamı birləşdirəndə belə alınır ki, İraqda dərin qatlarda geosiyasi, ideoloji və dini çalarları olan ziddiyyətli proseslərə start verilib. Sosial tələblər ancaq görünən tərəfdir. Bu aspektdə hadisələrin geosiyasi təhlili üzərində geniş dayanmağa ehtiyac görürük.

Yeni təhlükə mənbəyi: İraqdakı proseslərin mahiyyəti və özünəməxsusluğu

İraqda artıq bir neçə gündür davam edən iğtişaşların arxasında ciddi sosial, siyasi, ideoloji və geosiyasi faktorların dayandığına şübhə yeri qalmayıb. Prosesi yatırtmaq mümkün olmur. Hər gün insanlar həlak olur. Dünyanın böyük dövlətləri baş verənlərə münasibətlərini bildiriblər. Belə görünür ki, İraqla bağlı hansısa geosiyasi proseslərə start verilib. Bu, bəlkə də "Ərəb baharı" qədər təsiri ola biləcək məsələdir.

Öncə hadisələrin inkişafına nəzər salaq. Ölkənin iri şəhərlərində insanlar sosial məsələlərin həlli tələbi ilə küçələrə axışdıqlarını deyirdilər. Məsələn, işsizliyin artmasına etiraz edirdilər. Bahalaşma və həyat şəraitinin yaxşılaşmamasına qarşı çıxış edirdilər. Etirazçılar hökumətin istefasını tələb edir, baş nazir Adil Abdulmehdinin istefasını istəyirdilər. Əvvəlcə hökumət prosesi ciddi qəbul etmədi. Ancaq qısa bir müddətdə həlak olanların sayı artdı və hadisələr nəzarətdən çıxmağa başladı. Ekspertlər hesab edirlər ki, etirazçılarda qorxu hissi keçib və hadisələr daha da dərinləşə bilər.

Belə görünür ki, doğrudan da, İraqda baş verənlər getdikcə daha artıq dərəcədə xaosu, qarmaqarışıqlığı xatırladır, ölkəni bürümüş anarxiya və hərc-mərclik, bu şəraitdə qaçılmaz olan idarəetmə böhranı daha geniş miqyasda vüsət almaqdadır. Bu gedişatda maraqlı olanı şiə lider Müqtəda əl-Sədrin etirazçıları dəstəkləməsidir. O bəyan edib ki, hökumət düz yolda deyil və baş nazir vəzifəsini yerinə yetirə bilmir. Bunun fonunda şiə liderin İranın İraqın daxili işlərinə qarışmasına son verilməsini tələb etməsi diqqəti çəkib. Bunu Tehrana qarşı hərəkət kimi qiymətləndiriblər.

O cümlədən Vaşinqton etiraz edənlərə qarşı sərt tədbirlərin görülməsinin arxasında İranın dayandığına işarə verib. Belə bir fikri İranın məşhur generalı Süleyman Qasıminin Bağdada gəlişi və gizli görüş keçirməsi də yaradıb. KİV-ə məlumat sızdırıblar ki, İran generalı bu kimi hadisələri necə yatırtmaq lazım gəldiyini bildiklərini deyib. Yəni avtomatik olaraq İraqın hüquq-mühafizə orqanlarının daha sərt davranması tələbini qoyub. Əslində, Sədr İranın bu kimi müdaxilələrinin əleyhinədir. O cümlədən "Həşdi-Şabi"nin İraqdakı fəaliyyətinin məhdudlaşdırılmasını tələb edir.

Ekspertlər bunlardan belə nəticə çıxarırlar ki, İraqda, əslində, İrana qarşı hərəkat başlayıb. Tehranın bu ölkədə "at oynatdığı" haqqında çoxdan söhbətlər gedirdi. Lakin məhz indi İraqda antiiran prosesinə start verilməsi təsadüfi deyil. Suriyada İran əleyhinə Amerika, İsrail və Səudiyyə Ərəbistanı geniş iş aparırlar. Oradan İran qüvvələrinin çıxarılmasını tələb edirlər. Bu istiqamətdə müəyyən zərbələr də endirilib. Ancaq İran, faktiki olaraq, Suriyada qalır və oradan çıxmaq fikri yoxdur.

İndi İraqda İrana qarşı proseslərin başlaması Tehranı daha çox sıxışdırmaq planlarından xəbər verir. Bu isə Tehran üçün daha çətin vəziyyətin yaranması deməkdir. Maraqlıdır ki, İraqla bağlı İranın müttəfiqi Rusiya elə bir mövqe bildirməyib, yəni Tehranı müdafiə etdiyini nümayiş etdirməyib. Bu isə meydana çoxlu suallar çıxarır. Konkret desək, bir sıra ekspertlər təxmin edirlər ki, Rusiya da İranın Yaxın Şərqdə daha çox güclənməsini arzulamır.

Bu bağlılıqda ABŞ-ın bəyanatları bu ölkənin konkret mövqedə olduğunu ifadə edir. Vaşinqton tələb edir ki, Bağdad nümayişçilərin tələbini yerinə yetirsin, yəni baş nazir istefa versin. A.Abdulmehdinin istefa verməsi ölkədə İrana bağlı şiələrin mövqeyini zəiflədə bilər. Sədrin tutduğu yol isə onu göstərir ki, ərəb şiələr başqa cür düşünürlər. Onlar İrana meylli qüvvələrin ölkədə hökmran olmasını istəmirlər. Bu məqama görə, ekspertlər hesab edirlər ki, hazırda meydanda İrana bağlı İraq hökuməti ilə Sədrə sədaqətli şiə vətəndaşlar arasında bir çarpışma yaşanır. Onlardan hansının qalib gələcəyindən ölkədə iqtidarın taleyi asılı olacaq. Ancaq problemin yalnız bununla məhdudlaşmadığını da istisna etmək olmaz.

Parçalanma ehtimalı: Bağdad üçün çətin problem

Geosiyasi aspektdə region uğrunda mübarizənin növbəti səhnəsi oynanılır. Bəzi qüvvələr İranın mövqeyini zəiflədib onun nüfuzunu aşağı salmağa çalışır. Bu prosesin maraqlı əlaməti şiələrin arasına siyasi müstəvidə nifaq salınmasındadır. Nəticədə, şiə cəbhəsi parçalana bilər. Bir qayda olaraq İrana arxalanan şiələr üçün yeni dayaq nöqtəsi meydana gələr - İraqdakı şiələrin lideri Müqtəda əl-Sədr. Bunun isə çox ciddi siyasi, ideoloji və geosiyasi nəticələri ola bilər. Bütün variantlarda bu ssenari İranın əleyhinədir. Bu səbəbdən Tehran İraqda hökuməti ciddi surətdə dəstəkləyir. Lakin həmin ssenari də antiiran prosesinə çevrilə bilər.

Səbəb ondan ibarətdir ki, etirazçılar şiddətin arxasında İranın dayandığına əmin olsalar, faktiki olaraq, geosiyasi aspektdə Amerika məqsədinə çatmış olar. Çünki iraqlıların İrana etimadı ciddi surətdə azalır. Belə şəraitdə cəmiyyətdə İrana sədaqətli siyasi qüvvələrin uğur əldə etmə imkanları xeyli zəifləmiş olur. Zor gücünə hakimiyyəti saxlamağın perspektivinin olmadığı isə məlumdur.

Məsələnin başqa bir riskli tərəfi də vardır. Bir çox ekspertlər İraqda vətəndaş müharibəsinin başlamasından ehtiyat edir, bu prosesin ölkəni parçalaya biləcəyini proqnozlaşdırırlar. Bu, həqiqətən də, təhlükəli tendensiyadır. İraqın federalizasiyası bütövlükdə regionu, o cümlədən Suriyanı silkələyər. Kürdlərin müstəqil dövlət qurmaq planları daha konkret cizgilər alar. Bu aspektdə Türkiyədə İraqdakı türkmənlərin taleyi narahatlıq doğurub. Maraqlıdır ki, artıq Kərkükdə türkmənlər də küçələrə çıxıb tələblərini ifadə edirlər. Bununla yanaşı, türkmənlər vəziyyətdən istifadə edib Peşmərgə dəstələrinin yenidən Kərkükə daxil ola biləcəyindən ehtiyatlanırlar.

Digər tərəfdən, yaranmış qarışıqlıqdan istifadə edərək PKK İraqda fəallığını artıra bilər. Bu terror təşkilatı çoxdandır ki, Kandillə yanaşı, Sincarda da mövcuddur. Proseslər indiki istiqamətdə davam etsə, PKK bir az da irəli gedə bilər. Məsələn, Kərkük və Mosulun neft ehtiyatlarına nəzarət etmək fikrinə düşər. Əslində, ekspertlər hazırda İraqda baş verənləri neft məsələsi ilə də sıx bağlayırlar. Konkret olaraq, ABŞ-ın enerji qaynaqlarını əlindən vermək istəməyəcəyi proqnozu üzərində dayanılır.

Son günlər Suriyada bu aspektdə baş verənlər də həmin tezisə əsas verir. ABŞ Prezidenti Suriyanın şimalındakı neft yataqlarını qorumaq üçün əlavə hərbi qüvvənin oraya göndərilməsinə qərar verib. Belə çıxır ki, Donald Tramp öncəki qərarı ilə manevr edir. Yəni döyüş meydanına Rusiya, Türkiyə, İran və Suriyanı çıxararaq, onların bir-biri ilə savaşmasını təşkil etməyə çalışırlar. Bunun fonunda isə amerikan əsgəri ancaq gəlir gətirən neft yataqlarına nəzarət edəcək. Yəni oradan götürülən milyonlar həm Vaşinqtona, həm də onun dəstəklədiyi radikal qruplara gəlir verəcək.

Bu baxımdan İraqda daha çox imkanlar vardır. Hesablamalara görə, İraqdakı neft ehtiyatlarının qiyməti 31 milyard dollar təşkil edir. Bu qədər zənginliyə sahib olmaq üçün Vaşinqton təbii ki, riskli addımlar atacaq. Geosiyasi və geoiqtisadi olaraq da kürdlər dividend götürür. Onlar Suriya və İraqdakı neft yataqlarından külli miqdarda pul əldə etmək imkanı qazanırlar ki, onu da müharibələrə xərcləyə bilərlər. Amerikaya gəldikdə isə bir güllə ilə bir neçə quş vurmuş olur. Hər şeydən öncə amerikan əsgərlərini qanlı savaşın içindən uzaqlaşdırır, rəqibləri olan bir neçə ölkəni savaş meydanına itələyir. Paralel olaraq, müttəfiq saydığı qüvvələrə özünün cibindən çıxmayan qazanc mənbəyi verir. Bununla həm onlardan istədiyi kimi yararlana bilir, həm də özü fiziki olaraq kənarda qalır. Nəhayət, bu strategiya Amerikaya regiondakı bütün böyük oyunçulara problem yaratmağa imkan verir. Konkret olaraq, Rusiya, İran və Türkiyə ABŞ-ın ssenarisinə uyğun oyunda iştirak etməli olurlar.

Bütün bunlar İraq hadisələrinin ciddi geosiyasi məsələlərlə bağlı olduğu qənaəti yaradır. Bu vəziyyət region dövlətlərinin heç birinə xeyir vermir. Əksinə, yeni xaos mənbəyi meydana gəlir. Belə çıxır ki, Amerika hələ İraq məsələsini həll etməyib. Bəlkə də onu necə həll etməyin proqramı yoxdur. Görünən odur ki, Yaxın Şərqdə ABŞ və onun müttəfiqləri davamlı olaraq oyun qaydalarını dəyişməyə çalışır və ortaya daha mürəkkəb mənzərə çıxarırlar. Suriyada müharibə bitməmiş İraqda iğtişaşlar başlayır, bu da sona çatmamış... növbədə hansı ölkədir? Bizcə, indi əsas suallardan biri bundan ibarətdir.