Elçin Alıoğlunun təhsil resepti ”Tələbə diplom almaq üçün nəsə ixtira etməlidir, yoxsa..."


Digərləri 08 Noy 2019 16:41:00 329 0

Elçin Alıoğlunun təhsil resepti  ”Tələbə diplom almaq üçün nəsə ixtira etməlidir, yoxsa..."

“Alim gərək uşağına hansı pulla çəkmə alacağını düşünməsin...”

AzEdu.az-ın qonağı tanınmış jurnalist, Milli.az saytının redaktoru Elçin Alıoğlu olub.

Elçin bəy "resept hazırlığına" ən aktual məsələlərdən biri olan qəbul imtahanları haqqında fikirlərlə başlayır:

"Qəbul imtahanlarının formatının dəyişməsi cəmiyyətin inkişafına, tənəzzülünə və tərəqqisinə təsir etmir. Bu düşüncənin özü bir az romantizm qoxuludur.

Qəbul imtahanlarında format olduğu kimi qalır, forma dəyişir. Məzmun deyil, üslub dəyişir.

İnkişaf edən dövlətlərdə müxtəlif qəbul imtahanları sistemləri var. Britaniyada "bilik" dedikdə adətən məlumat toplusu nəzərdə tutulur. Yaponiyada isə bilik və informativ yük  məzmun şəklində qəbul edilir. Ona görə də Yaponiya və Cənubi Şərqi Asiya ölkələrində tədris və təlim həddindən artıq olduğu üçün oralarda "depressiv təlim" termini  işlədilir.

Azərbaycana gəldikdə isə Çörçil təbirincə desək, hələlik əlimizdə olan, lakin mükəmməl olmayan yeganə işlək variant testdir.

Aydın məsələdir ki,  təhsil pullu və pulsuz olmaqla iki yerə ayrılır. Təəssüf ki, üstünlük təşkil edən pullu təhsilin keyfiyyəti əksər hallarda onun metodologiyasına uyğun gəlmir.

İmtahan formasının  dəyişməsinin  Azərbaycanın inkişafına , gələcəyinə ciddi təsir edəcəyini  düşünmürəm. Test imtahanı  zahirən mürəkkəbləşdirilsə də, mahiyyət etibarı ilə daha da asanlaşdı".

Test imtahanından danışmışkən qeyd edək ki, bu il heç bir abituriyent 700 ballıq maksimal nəticəni göstərə bilmədi.

Elçin Alıoğlu 700 bal toplamağın həqiqətən də, savad göstəricisi olub-olmaması haqqında  da maraqlı mülahizələr yürüdür:

"Mən 700 balı heç vaxt bilik göstəricisi hesab etmirəm. Fizikadan maksimum nəticəni göstərən adam sadəcə, bu sahə ilə əlaqədar səthi biliklər əldə edir və informativ yüklü məlumatlar toplayır.

700 bal məsələsinin tam şəkildə əleyhinəyəm: övladlarımızı depressiyaya salan, onlarda gərginlik yaradan, özünəinamsızlıq formalaşdıran  məsələlərdən biri də elə budur.

Əksinə, 700 bal toplayanların azalması məni sevindirir; demək, gənclər artıq  öyrənməyə meyillənirlər. Əzbərçilik bəşər tarixində heç bir ölkəni irəliyə apara bilməyib. Deyilənləri yaxşı yadda saxlamaq bilikli olmaq deyil. Deyilənlərdən xəbərdar olaraq deyilməyənləri  araşdırmaq və onu deyilən etmək lazımdır".

Günümüzdə bir çox gənclər xarici ölkələrdə təhsil almağa can atırlar. Müsahibimiz xaricdə təhsil istiqamətindəki  boşluqlar və onların  aradan qaldırılma yollarından da danışır:  

"Əsas problem ölkədə fəaliyyət göstərən universitetlərin müəyyən standartlarının hələ də yetərli səviyyədə olmamasıdır. Ali  təhsil müəssisələrinin bəzilərində 1960-70-ci illərin  vəsaitləri ilə dərslər keçirilir. Kompüter elmləri və informasiya texnologiyalarında vəsaitlər hər ay yenilənməlidir.

Bəzi gənclər orta məktəb şəhadətnaməsi ilə qəbul həyata keçirilən xarici  universitet və digər təhsil müəssisələrinə üz tuturlar. Deməzdim ki, xaricə oxumağa gedən uşaqların çoxu varlı ailələrin övladlarıdırlar. Onların əksəriyyəti təhsil ala bilmək üçün bandan kredit, kimdənsə borc  götürürlər.

Keyfiyyətli təhsil keyfiyyətli həyat deməkdir. Britaniyada  müəyyən kolleclər var ki, oranın diplomu  karyerada böyük qapılar açır. İşəgötürən də bilir ki, bu kolleci bitirən adam  savadsız ola bilməz. Xarici kolleclər yaxşı səviyyədə təhsil verir. Fransa və İtaliyada da belə yerlər var. Mən çox istəyərdim ki, bizim gənclərimiz Notherdam, Harvard və bu kimi xarici universitetlərə üz tutsunlar. Həmin universitetlərin diplomları  gələcək həyatın təminatçısıdır. Ona görə də Amerika və Britaniya ailələri həmişə çalışırlar ki, övladları yaxşı təhsil alsınlar. Azərbaycanda ali təhsilin metodologiya və sistemini yeniləməliyik. Geniş islahatlar aparılmalıdır. Müəllimlər dərs deməyi yox, elm öyrətməyi bacarmalıdırlar. Xüsusən də, texniki fənlərdə  təcrübə sınaqlarına geniş yer verilməlidir.

Çin Politexnik Universitetində tələbə  diplom almaq üçün  mütləq şəkildə nəsə ixtira etməlidir. Əks halda, ona diplom verilmir. Əgər tələbə mühəndisdirsə və ixtirası yoxdursa, o, mühəndis sayılmır. Tələbələr fundamental və tətbiqi elm arasındakı körpünü bu qədər uzun etməməlidir".