"Canavarların sayı təhlükəli həddə çatarsa..."


Digərləri 08 Noy 2019 16:01:00 263 0

"Canavarların sayı təhlükəli həddə çatarsa..."

Təsərrüfatlardakı heyvanların yırtıcılardan qorunması üçün elektrik çəpərlərdən istifadə oluna bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, payız və qış fəsli yaxınlaşdıqca canavar və digər yırtıcı heyvanların kəndlərə hücumu artır. Bunun səbəbi yırtıcıların yem bazasının azalması, qida tapmaq üçün axtarışa çıxması və daha çox qida əldə etməyə çalışmasıdır.

H.Əlizadə deyib ki, yırtıcıların hücumunun artmasının səbəbi heç də canavarların sayının çox olması ilə bağlı deyil: "Zoologiya İnsitutundan aldığımız məlumata görə, ölkədə canavarların sayı 2000 baş həddindədir. Bu da ümumi qəbul edilmiş dinamikadan çox fərqli deyil. Canavarların heyvanlara hücum etməsini digər səbəbi yaşayış məntəqələrinin sayının artması və insanların evlərinin yırtıcı heyvanların yaşayış arealına girişi ilə əlaqədardır. Əslində, kənd təsərrüfatı heyvanları qapalı şəraiti saxlanılmalıdır. Amma Azərbaycanda heyvanlar açılıb buraxılır, heyvanlar meşələrə girir və onları canavarlar yeyir. Ən son hadisəni nümunə göstərim. Zaqatalada canavaın qoyunlara etdiyi hücumla bağlı araşdırma apardıqda məlum oldu ki, fermerlər toya gedib, qoyunları açıq ərazidə qoyub gediblər və heyvan yiyəsiz qalıb".