Gömrük sahəsində Dünya Bankı ilə əməkdaşlıq müzakirə edilib (FOTO)


Digərləri 07 Noy 2019 20:40:12 260 0

Gömrük sahəsində Dünya Bankı ilə əməkdaşlıq müzakirə edilib (FOTO)

Səfər Mehdiyev Dünya Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bakı. Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Dünya Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. DGK-dən Trend-ə verilən məlumata görə, komitə sədri Dünya Bankı ilə Azərbaycan gömrük orqanları arasında uzunmüddətli, səmərəli əlaqələrdən məmnunluqla bəhs edib və bu əməkdaşlığın gömrük xidmətinin inkişafına töhfə verdiyini diqqətə çatdırıb. S.Mehdyev bildirib ki, son dövrlərdə Prezident İlham Əliyevin gömrük sistemində reallaşdırdığı islahatlar hesabına gömrük orqanları bütün sahələrdə, o cümlədən korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə edib. Qeyd olunub ki, bu ilin fevralından tətbiq olunan "Yaşıl dəhliz" buraxılış sistemi idxal-ixrac əməliyyatlarının sürətli və maneəsiz şəkildə həyata keçirilməsinə, ticarətin asanlaşdırılmasına, ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsinə, vətəndaş-məmur təmasının minimuma endirilməsinə və könüllü riayət prinsipinin formalaşmasına zəmin yaradıb. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü vurğulayan Komitə sədri Dünya Bankının "Doing Business 2020" hesabatına əsasən, Azərbaycanın dünyanın 20 ən islahatçı ölkəsindən biri kimi elan olunmasını həyata keçirilən islahatların nəticəsi kimi dəyərləndirib. Hesabatda sərhəddə ticarət indikatoru üzrə bu il Azərbaycanın bir pillə irəlilədiyini qeyd edən S.Mehdiyev bu mövqenin daha da möhkəmləndirilməsi üçün gələcək hədəflərdən danışıb. Səmimi görüşə və ətraflı məlumata görə DGK sədrinə təşəkkür edən Dünya Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi Azərbaycanda aparılan islahatlar nəticəsində əldə olunan nailiyyətlərdən məmnunluğunu ifadə edib.