Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu yenidən qurulub (FOTO)


Digərləri 07 Noy 2019 15:03:00 206 0

Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu yenidən qurulub (FOTO)

Qazax rayonunun Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşıb.

Bakı. Elçin Mehdiyev - Qazax rayonunun Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, uzunluğu 16 km olan yerli əhəmiyyətli Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu iki hissə üzrə yenidən qurulub. Bu, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 482-ci km-dən ayrılan və 11.5 km uzunluğa malik Daşsalahlı yolu, həmçinin yerli əhəmiyyətli Qazax -Yuxarı Əskipara avtomobil yolunun 11 km-dən ayrılan və 4.5 km uzunluğunda olan Ürkməzli-Dəmirçilər yoludur. Yerli əhəmiyyətli Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu IV texniki dərəcli olmaqla uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torğaq yatağı sel sularının təsirindən yuyulub, hərəkət hissəsində, qabarmalar, çalalar əmələ gəlib, asfalt-beton örtüklü hissələrdə çoxlu sayda torlar və çalalar yaranıb. Layihəyə uyğun olaraq mövcud asfalt-beton örtüyü sökülərək kənara daşınıb, yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılıb, təqribən 36 min kub.m həcmdə karxana qruntu ilə əks-dolğu işləri görülüb. Yol boyu mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması və küvetlərin açılması tələb olunurdu. Bu səbəbdən müxtəlif diametrlərə malik 9 ədəd 120 paqon-metr uzunluğunda yeni dəmir-beton suötürücü borular quraşdırılıb və izolyasiya olunub, avtoqreyderlə 9300 paqon-metr küvetlərin açılması işləri görülüb. Daha sonra tikinti norma və standartlarına uyğun olaraq torpaq yatağının avtoqreyderlə profilə salınması, 36 sm hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından əsasın alt və üst layının 180 min kv.m sahədə tikintisi işləri görülüb. Bunun ardınca isə əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt layı 7 sm , üst layı isə 5 sm qalınlıqda iri və xırda dənəli olmaqla asfalt beton qarışığı ilə salınması, çiyin hissələrin 14 min kv.m sahədə optimal qum-qırmadaş qarışığı ilə bərkidilməsi işləri aparılıb, 22 yol birləşməsi təmir edilib.