Bəzi tikinti obyektlərinin tikintisi və istismarına icazələrin alınması üzrə elektron portalın tətbiqinə başlanıldı (FOTO)


Digərləri 07 Noy 2019 12:26:00 193 0

Bəzi tikinti obyektlərinin tikintisi və istismarına icazələrin alınması üzrə elektron portalın tətbiqinə başlanıldı (FOTO)

“Bir pəncərə” prinsipi ilə işləyən elektron portal Lənkəran iqtisadi rayonu üzrə istifadəyə verildi.

Bakı. İlhamə İsabalayeva - Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yerli icra hakimiyyəti orqanlarında çalışan tikintiyə icazə verilməsi ilə əlaqəli məsul əməkdaşlar üçün maarifləndirici seminar keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, seminarın məqsədi elektron portalın işləmə mexanizmini canlı nümayiş etdirmək, sistemlə bağlı tətbiq ediləcək son yeniliklər barədə məlumat vermək və iştirakçılar arasında yaranmış sualların cavablandırılması olub. Toplantıda Gəncə-Qazax, Şəki-Zaqatala və Lənkəran iqtisadi rayonlarından 30-a yaxın memar və yerli icra hakimiyyəti orqanlarında çalışan əməkdaş iştirak edib. Onlara bildirilib ki, cari ilin fevral ayından etibarən istifadəsinə başlanılmış elektron portal üzrə işlərin bir neçə mərhələdə görülməsi planlaşdırılıb. İlkin mərhələdə elektron sistem Bakı şəhəri üzrə tətbiq edilib. Nəticədə portal vasitəsi ilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizadan keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binalarının layihələri üçün 15 iş günü müddətində tikintiyə icazəni, 10 gün müddətində isə istismara icazəni əldə etmək imkanı yaradılıb. Seminarda qeyd edilib ki, hazırda “Bir pəncərə” prinsipi ilə işləyən elektron portalın ölkə üzrə tətbiqinin genişləndirilməsinə - ikinci mərhələyə başlanılıb. Bu məqsədlə pilot layihə ilk olaraq Lənkəran iqtisadi rayonu üzrə test rejimində uğurla sınaqdan keçirilərək istifadəyə verilib. Yaxın zamanda isə sistem bütün ölkə üzrə tətbiq edilərək ekspertizadan keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisi və istismarına icazələrin alınmasını mümkün edəcək. Vurğulanıb ki, elektron portal məmur-sahibkar ünsiyyətini minimuma endirərək daha qısa vaxt çərçivəsində rayonlar üzrə də icazələrin alınması prosesini şəffaflaşdıracaq. Növbəti mərhələlərdə isə bu sistem vasitəsi ilə ekspertizası tələb olunan tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin alınması istiqamətində işlər davam etdiriləcək.