Vüqar Rəhimzadə: "Müsavat Partiyasının qərargahında keçirilən “dəyirmi masa”ya istehza etməmək mümkün deyil"


Siyasət 06 Noy 2019 18:29:00 274 0

Vüqar Rəhimzadə: "Müsavat Partiyasının qərargahında keçirilən “dəyirmi masa”ya istehza etməmək mümkün deyil"

"Müxalifətin yeni birlik formatının yaradılması təşəbbüsü utopiya, reallaşdırılması mümkün olmayan çürük ideyadır. Çünki müxtəlif vaxtlarda SİDSUH, Demkonqres, İctimai Palata, Milli Şura kimi formatları gündəmə gətirməklə müxalifətin birliyi görüntüsü yaratmaq cəhdləri hər dəfə növbəti qalmaqal, qarşılıqlı ittihamlar və nəticə etibarilə daha dərin parçalanma ilə nəticələnib".

Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, dağıdıcı müxalif partiya rəhbərlərinin ambisiyaları, mənəm-mənəmlik iddiaları, qarşılıqlı güzəştlərin istisna edilməsi davamlı birliyin yaradılması ideyasını elə beşiyindəcə boğan səbəblərdir: "Elə noyabrın 5-də Müsavat Partiyasının qərargahında keçirilən "dəyirmi masa"nın ətrafında yanaşı əyləşən şəxslərə baxanda ən azı istehza etməmək mümkün deyil.  Müsavatın keçmiş başqanı İsa Qəmbər, indiki başqan Arif Hacılı, AXCP sədri Əli Kərimli və digərlərin iştirak etdikləri "tədbir"də keçmiş səhiyyə naziri Əli İnsanovun lap başda oturmasını sözün əsl mənasında taleyin ironiyası adlandırmaq olar. Əli İnsanov vaxtilə İsa Qəmbərin ünvanına müxtəlif tribunalardan, televiziya ekranlarından "faşist", "nasist", "genetik xəstə" və s. ittihamları yağdıran birisidir. Səhiyyə sistemini cinayət yuvasına çevirən, vaxtilə müxalifəti sağdan-sola, soldan-sağa qılınclayan Əli İnsanovun indi müxalifətin birliyi təşəbbüsünün aparıcı simasına çevrilməsi bir daha bu formatın simasızlığını nümayiş etdirən faktordur. Korrupsioner Əli İnsanovla onun "faşist" adlandırdığı İsa Qəmbər və digərlərinin bir araya gəlib, "demokratiya" müzakirələri aparırmaları yalnız növbəti uğursuzluğun və iflasın başlanğıcı ola bilər. Öz əqidədaşlarına belə yuxarıdan aşağı baxan radikal müxalifət "başbilənlərinin" onlara ən ağır sözlər deyən, təhqir edən, öz partiyasına, əqidəsinə, liderinə xəyanət etmiş Əli İnsanovla yanaşı oturmaları onların prinsipsizliyini göstərir".

"Görünür, Əli İnsanovun maddi imkanlatı, vaxtilə ölkə səhiyyəsini talamaq hesabına topladığı var-dövlət dağıdıcı müxalifət "liderləri" üçün geninə-boluna təbliğ etdikləri dəyərlərdən daha üstündür" deyən Vüqar Rəhimzadə əlavə edib ki, müxalifəti birləşdirən faktor Əli İnsanov kimi korrupsioner və əqidəsiz birisidirsə, onda "dəyirmi masa" arxasında toplaşanların səviyyəsi və aqibəti artıq müzakirə mövzusu olmamalıdır: "İndi maraq doğuran məsələ isə ondan ibarətdir ki, Əli Kərimli ambisioz Əli İnsanova güzəştə gedəcəkmi? Ona biət edəcəkmi? 2013-cü ildə Əli Kərimli ilə Rüstəm İbrahimbəyovun izdivacından Cəmil Həsənli "doğmuşdu". Görəsən, Əli Kərimli ilə Əli İnsanovun noyabrın 5-dəki izdivacından kim, yaxud nə "doğacaq?"