“Azərbaycan Sənaye Korporasiyası”nın fəaliyyətinin iki ili tamam oldu


Digərləri 06 Noy 2019 17:42:00 215 0

“Azərbaycan Sənaye Korporasiyası”nın fəaliyyətinin iki ili tamam oldu

Korporasiyanın yaradılması ölkə iqtisadiyyatının gələcək inkişafı istiqamətində atılan mühüm addımlardandır.

Bakı. Korporasiyanın yaradılması ölkə iqtisadiyyatının gələcək inkişafı istiqamətində atılan mühüm addımlardandır. Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, onun fəaliyyətinin əsas məqsədləri dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, idarəçiliyində olan müəssisələr arasında əlverişli kooperasiya əlaqələri yaratmaq, istehsal potensialının gücləndirilməsinə nail olmaqdır. Fəaliyyət dövrü ərzində “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti sənaye məhsulları istehsalının həcminin artırılması və keyfiyyətinin yüksəldilməsi, ölkədə, əsasən də regionlarda yeni iş yerlərinin yaradılması yolu ilə əhalinin maddi rifahının yüksəldilməsinə yönəlmiş mühüm silsilə tədbirlər həyata keçirib. Hazırda, “ASK” ASC tərəfindən qeyri-neft sektorunun müxtəlif sahələrini əhatə edən 19 törəmə müəssisə yaradılıb. Bunlardan sosial-iqtisadi əhəmiyyət kəsb edən bir sıra müəssisələri, o cümlədən “Azəralüminium” MMC, “Azərpambıq ASK” MMC, “Azərtütün ASK” MMC, “Azəripək” MMC, “ASK Şüşə” MMC və digərlərini göstərmək olar. Korporasiyanın fəaliyyət müddəti ərzində həllini tapmış məsələlərdən biri biznes proseslərin elektron idarəetmə sistemləri üzərindən aparılması üçün “1C-ERP” sisteminin tətbiqinə başlanılmasıdır. Sistem üzərindən maliyyə idarəetməsi, insan resurslarının idarə edilməsi, satınalma, satış, istehsal və digər biznes proseslərin avtomatlaşdırılması həyata keçirilir. Eyni zamanda müasir menecmentin əsas tələblərindən biri pul axınları üzərində adekvat nəzarəti təmin etmək, proqnozların dəqiqliyini və investisiyaların səmərəliliyini artırmaq, satınalma prosesinin şəffaflığını təmin etməkdir. Bu məqsədlə törəmə müəssisələrdə “1C ERP” sistemi ilə yanaşı Holdinq platformasının tətbiqinə başlanılıb. Qeyd edilən platforma üzərindən mərkəzləşdirilmiş büdcə sistemi, satınalma, maliyyə nəzarəti və satış proseslərinin aparılması hədəflənir. Korporasiyanın fəaliyyəti ərzində həllini tapmış məsələlərdən biri də rəqəmsal idarəçiliyin inkişafında önəmli addım sayılan “Elektron sənəd dövriyyəsi sistemi”nin “Azərbaycan Sənaye Korporasiyası” ASC-də tətbiq olunmasıdır. “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 27 oktyabr 2018-ci il tarixli Fərmanına əsasən yaradılan “Elektron sənəd dövriyyəsi sistemi” qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması və rəqəmsal idarəçiliyin tətbiq edilməsi sahəsində əldə olunmuş mühüm nailiyyətlərdən biridir. Mövcud sistem kargüzarlıq və sənəd dövriyyəsinin idarə edilməsi proseslərinin avtomatlaşdırılmasına xidmət edir. Korporasiyanın törəmə müəssisələrindən olan “Azəralüminium” MMC ölkənin mühüm istehsal sahələrindən biridir və respublikamızda əlvan metallurgiya sənayesinin aparıcı müəssisələrindən sayılır. Yerli və xarici bazaraların yüksək keyfiyyətli, eləcə də beynəlxalq standartlara cavab verən məhsullarla təmin olunması, ölkəmizdə metallurgiya sahəsinin strateji inkişafı baxımından əhəmiyyətli olan layihələrin işlənməsi və aparıcı beynəlxalaq şirkətlərlə əməkdaşlığın qurulması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirib. Bundan əlavə Azərbaycanda alüminium sənayesinin idxaldan asılılığını aradan qaldırmaq yönümündə tədbirlər çərçivəsində əlverişli kooperasiya əlaqələri yaradaraq, ölkəmizə idxal olunan alüminium külçə qəliblərinin istehsalına başlayıb. Azərbaycanda alüminium sənayəsinin inkişaf etdirilməsi və alunit yataqlarının işlənməsi məqsədilə “Azərbaycan Sənaye Korporasiyası” ASC bu yaxınlarda beynəlxalq tender elan edib. Hədəf Azərbaycanın Daşkəsən rayonu ərazisində yerləşən “Daşkəsən Zəylik Alunit Mədəni”ndə alunit filizi ehtiyatlarının qiymətləndirilməsi, iqtisadi baxımdan səmərəli, ekoloji cəhətdən təhlükəsiz texnologiyanın seçimi, bu texnologiyanın laboratoriya, yarımsənaye və sənaye sınaqlarının aparılmasıdır. Tender üzrə əsas şərtlər toplusunun hazırlanması, təkliflərə baxılması, onların qiymətləndirilməsi və müqayisəsi məqsədilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-də artıq Ekspertlər Şurası da yaradılıb. Korporasiyanın fəaliyyət müddəti ərzində pambıqçılıq sahəsində idarəetmə strukturu dəyişilib, maddi-texniki baza yenilənib, yeni pambıqyığan kombaynlar alınıb. Bundan əlavə, “Azərpambıq ASK” MMC üzrə 2018-ci il mövsümündə respublikanın 14 rayonunda 29,0 min hektarda pambıq əkini aparılmış və 56,6 min ton xam pambıq tədarük edilib.